Yaxud Razi Nurullayevin Suraxanı qonaqlığı
Hakimiyyətin AXCP-yə qarşı hazırladığı “Razi əməliyyatı” ölə-ölə yaşamaqdadı. Ona görə “ölə-ölə” deyirik ki, bu adam bütün “əməliyyat”lar zamanı “yekə izlər” qoyur. Hansı rayonda “konfrans” keçirirsə, özünə qarşı yekə kompromat hazırlayır.
Beyləqan, İmişli, Nərimanov ifşası bu adama təsir etməyib. Daha doğrusu bu adamı oynadanları həvəsdən salmayıb. İndi də Suraxanıda “yığıncaq” eləyib. Yenə də cəbhəyə aidiyyatı olmayan adamları şadlıq sarayına yığıb, siyasətçiyə oxşamaq istəyib. Məsələ burasındadır ki, bir neçə gün öncə AXCP-nin Suraxanı rayon şöbəsi möhtəşəm bir konfrans keçirdi və bu konfransdan çəkilmiş fotolar sosial şəbəkələrdə, mətbuatda yayıldı. Həm də Suraxanı şöbəsi bu konfransı rayonun ərazisindən xeyli kənarda keçirmək məcburiyyətində qalmışdı. Yeri gəlmişkən, bundan öncə AXCP-nin Yasamal rayon şöbəsi konfransını Nardaranda keçirməli olmuşdu. Hökumətin Razisi isə bütün “konfrans”larını bahalı şadlıq saraylarında, olimpiya komplekslərində keçirir. Əslində, bu, təəccüblü deyil. Bir halda ki, “Razi əməliyyatı”nı Prezident Aparatından tutmuş rayon icra hakimiyyətlərinə qədər bütün strukturlar himayəyə götürüb, o zaman “satılmışların məclisi”nin bahalı saraylarda keçirilməsi təbiidir.
Qayıdaq “restoranlar kralı”nın Suraxanı sərgüzəştlərinə. Əvvəla, hökumətin Razisini təbrik etmək istəyirik. Çünki, uzun cəhdlərdən sonra, bir nəfər həqiqi cəbhəçini öz tərəfinə çəkə bildi. Bəli, Vüsal Bayramov adlı sıravi cəbhəçi maddi çətinliklərdən azad olmaq üçün Razinin “cəbhə”sinə pənah apardı. Amma şadlıq sarayında keçirilmiş tədbirin fotolarına baxanda məlum olur ki, ağ kreslolarda əyləşmiş qara adamlar hara gəldiklərindən bixəbərdilər. Hələ arxa oturacaqlarda bir neçə azyaşlını da görmək olar. Əgər bir neçə gün öncə Suraxanı konfransından çəkilmiş fotolarla “Razi cəbhəçiləri”nin fotosunu üzləşdirsəniz, tamam fərqli simaların şahidi olacaqsız. İmişlidə, Nərimanovda, Beyləqanda, Sumqayıtda olduğu kimi Suraxanı tədbirində də adamlar üzlərini gizlətməyə çalışır, vəd olunmuş ənamı alıb qaçmaq istəyir. Hətta şadlıq sarayının ofisiantları da kütləvilik yaratmaq üçün zalda var-gəl edirlər.
Bir sözlə, Hakimiyyətin “Razi əməliyyatı” 5 manatlıq “cəbhəçilər”in iştirakı ilə davam edir. Şadlıq saraylarında “təşkilatlanmağa” qərar vermiş rejim tamadası hələ də normal təqdimat edə bilməyib. Beləliklə, hakimiyyətin növbəti ifşası Suraxanıda baş verdi. AXCP-ni dağıtmaq üçün xərclənən pullar nəticə vermir.
Amma prosesin belə davam etməsində xeyir var. Heç olmasa hakimiyyət AXCP-ni dağıtmaq məqsədilə, kasıb-kusuba pul xərcləyir. Hər rayonda 20-30 nəfərə pul verib, “cəbhəçi” düzəltmək 20-30 ailənin dolanışığı deməkdir.
Davam edin cənablar! Görəsən, “restoranlar kralı” növbəti “fonoqram”ı hansı məclisdə oxuyacaq?
Razi dəstəsinin Suraxanıda restoran toplantısı
AXCP Suraxanı şöbəsinin konfransı bir neçə gün qabaq belə kütləviliklə keçirilmişdi