O, əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum edildi; Onun işçiləri isə şərti cəza aldı
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin təxminən 7 ay davam edən məhkəmənin nəticəsi olaraq, 13 il azadlıqdan məhrum edilib. Bu barədə hökm dünən Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Abdulla Abdullayev, eləcə də “AMAY” MMC-nin mühasibi olmuş Vidadi Qurbanov, orada kassir işləmiş Hadejda İlyasova ötən məhkəmə iclasında son sözlərini demişdilər. Onlar ittihamların əsassız və qanunsuz olduğunu vurğulayaraq, barələrində bəraət hökmü çıxarılmasını istəmişdilər.
Abdulla Abdullayevin işçisi olmuş daha üç nəfər təqsirləndirilən – Heydər Rzayev, Mehman Məmmədxanlı və Elşən Hovruzov isə dünənki məhkəmə iclasında son sözlərini deyiblər. Onlar da təqsirsiz olduqlarını vurğulayıblar. Bildiriblər ki, onlara qarşı irəli sürülmüş mənimsəmə, dələduzluq və s. ittihamların heç bir əsası yoxdur.
Mehman Məmmədxanlı son sözündə deyib ki, “AMAY”da sıradan bir işçi olub: “AMAY” şirkətlər qrupunda işləyən 4-5 min nəfər kimi mən də əmək müqaviləsi ilə işləmişəm. “Mənim üçün qanun şahdır. Ona görə də qanunla qadağan edilən iş görməmişəm və görmərəm də. Mənə qarşı irəli sürülən ittihamlarla qətiyyən razı deyiləm, çünki mənim əməlimdə cinayət tərkibi yoxdur. Qanun pozuntusuna yol verməmişəm, buna görə də ittihamı anlaşılmazlıq sayıram. 10 ildən çoxdur ki, YAP-ın fəal üzvüyəm. Dövlətimə sadiqəm, himayəmdə 3 azyalı var. Bunları nəzərə alaraq, mənə qarşı cinayət işinə xitam verilməsini və haqqımda bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.
Təqsirləndirilən şəxslərin son sözü başa çatandan sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti müşavirəyə gedib. Təxminən bir saat sonra hökm elan olunub.
Hökmə əsasən, “AMAY Abdulla” kimi tanınan iş adamı 13 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərdən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.
Qeyd edək ki, bu cinayət işi üzrə ibtidai istintaq və məhkəmə dövründə Abdulla Abdullayev istisna olmaqla, digər təqsirləndirilən şəxslərin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. Abdulla Abdullayev isə ötən ilin aprelindən həbsdədir.
Hökmdə həmçinin Abdulla Abdullayevin bir sıra əmlaklarının müsadirəsi öz əksini tapıb.
Qeyd edək ki, Abdulla Abdullayev müxtəlif firmalar yaradaraq, Sahibkarlığa Milli Kömək Fondundan kreditlər götürüb, onları təyinatı üzrə xərcləməməkdə – “AMAY”ın təmirinə, həmçinin İranda biznesinin inkişafına sərf etməkdə günahlandırılır.
Abdulla Abdullayev isə məhkəmədə ifadəsində bildirib ki, AMAY-ın yeni binasının təmiri davam edən vaxtlarda ona xəbər göndərilib ki, Heydər Əliyevin ad gününə açılış olmalı və prezident də orada iştirak etməlidir: “Mən isə bildirdim ki, o vaxta qədər binanı tam hazır eləməyə əlimdə kifayət qədər vəsaitim yoxdur. Bir qədər sonra mənə zəng eləyib bildirdilər ki, bu məsələnin həllilə əlaqədar Sahibkarlığa Milli Kömək Fondunun rəhbəri məni gözləyir. Getdim, danışdıq ki, vəsait ayrılacaq. Fondun rəhbəri bildirdi ki, təcrübədə AMAY boyda nəhəng bir obyektin girov qoyulub böyük məbləğdə kredit götürülməsi halı yoxdur. Ona görə də tövsiyə etdi ki, müxtəlif firmalar yaradaq və onların hər birinin adına kredit ayrılsın. Belə də etdik. Yəni, kredit verilməsi üçün firmalar yaratmaq onların öz təşəbbüsü olub. Kreditin “AMAY”a sərf olunacağı da əvvəlcədən bəlli idi…”
Onu da qeyd edək ki, götürülən kredit ödənilib. Hakim hökmü elan edərkən bildirib ki, cinayət işi üzrə müəyyənləşdirilmiş ziyanın böyük hissəsinin ödənilməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.
Aytən



