Hüquq-mühafizə orqanlarının himayə etdiyi banda ilə bağlı Ilham Əliyevə müraciət edildi
Ucarda kod adı “Kurtlar Vadisi” olan mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Həmin dəstə yerli hüquq-mühafizə orqanları tərəfindən himayə olunur. Bu barədə “Qafqazinfo”ya bir qrup Ucar sakini məlumat verib. Həmçinin hüquq müdafiəçisi bu dəstənin fəaliyyətilə bağlı Ilham Əliyevə müraciət edib. Müraciəti ixtisarla təqdim edirik:
“Son aylar ərzində ardıcıl olaraq Ucar rayon sakinləri əllərində qərəzli çıxarılmış məhkəmə qətnamələri və qərarları ilə ”Hüquq və Qanun 2010” MMC-uə müraciət edirdilər. Ilk vaxtlar bu hallar diqqəti çəkməsə də, daha sonra bizə məlum oldu ki, istər mülki, istərsə də cinayət işlərində “zərərçəkən və şahidlər” eyni şəxslərdir. Belə ki, bunun səbəblərini araşdırdıqda müəyyən etdik ki, bu cinayətkar, mütəşəkkil dəstə özlərini “Kurtlar Vadisi” adlandırır, istədikləri hər bir şeyi (cinayətləri) edə bilirlər. Həmin mütəşəkkil dəstə Ucar Rayon Polis şöbəsinin sabiq polis rəisi Ənvər Quliyevin rəhbərliyi, Ucar Rayon məhkəməsinin sədri Çingiz Isgəndərovun və polis şöbəsinin bəzi əməkdaşları ilə əlbir olaraq alçaqcasına insanları şərləmək, haqsız yerə həbsə atdırmaq, ölüm işlərini gizlətmək, cinayət törətmiş şəxsləri şantaj edərək onların vasitəsi ilə insanları şərləməklə üzə durğuzmaq və sair əməllərlə varlanmaq kimi bir çox cinayətlər etməkdədirlər.
Bu cinayətlərin açılmasında bizə “Kurtlar Vadisi”nin şantajla əllərində saxladıqları üzvləri yardım edib. Hal-hazırda həmin şəxslər müvəqqəti gizlənməklə adlarının məxfi saxlanılmasını istəyirlər və bu dəstəyə qarşı çıxdıqlarını büruzə vermək niyyətində deyillər.
Cinayətkar dəstənin həyata keçirdiyi cinayət əməllərindən bizə faktlarla məlum olan günahsız həbsə alınanlardan Kərimov Ruslan, Hüseynov Fuad Oqtay oğlu, Məmmədov Fuad Nizami oğlu, Qarayev Müşfiq Knyaz oğlu, Natiq, Eldəniz və s. kimi heç bir cinayət işləmədən bu dəstənin qurbanı olublar.
Bununla yanaşı bu dəstə tərəfindən Kamilov Sadiq Faxrət oğlu, Əfəndizadə Tahir, Ələkbərov Vüsal, Ismayılova Almaz, Məmmədova Fərqanə, Məmmədova Brilliant, Kərimova Nailə, Nərmin, Rüstəmova Zülfiyyə, Kərimov Ələkbər, Ələkbərov Zakir və bunlardan başqa onlarla Ucar rayon sakinləri zərər çəkiblər.
Baş verən hadisələrlə yanaşı, sözü gedən dəstənin və Ucar rayon Polis Şöbəsinin qanunsuz əməlləri nəticəsində, 2 il əvvəl Eldəniz adlı şəxs, 2 ay əvvəl isə Natiq adlı bir şəxs öz həyat yoldaşı və polis əməkdaşı Mahir tərəfindən şərlənərək həbsə alınıb.
Ucar rayonu H. Zərdabi küç. d. 2 ev 75-də yaşayan Nəbiyev Pərvin Mehman oğlu, 28 may küç. ev1/1-də yaşayan Islamova Maral Məmmədhüseyn qızı və həmin ünvanda yaşayan Kərimov Ələkbər Eldar oğlu Həbib, Şükür və s. polis əməkdaşları tərəfindən döyülüb.
Ucar rayon sakini Kamilov Sadiq Faxrət oğlu Ələkbərov Şahlar Xəlil oğlu tərəfindən aldanılaraq 58.000 (əlli səkkiz min) ABŞ dolları mənimsənilib. Ucar rayon məhkəməsinin sədri Çingiz Isgəndərov Ələkbərov Şahların (Polat Ələmdar) tapşırıqlarını yerinə yetirdiyi səbəbindən zərərçəkən pulunu geri almaq əvəzinə nəinki pulunu almış, əlavə olaraq 08 iyun 2011-ci il tarixdə məhkəmənin qərarı ilə yalan iddianı təmin edərək Kamilov Sadiqdən 6.900 (altı min doqquz yüz) ABŞ dolları alınaraq Şahlar Ələkbərova (Polad Ələmdara) verilməsinə dair qətnamə qəbul edilib.
Hal-hazırda Ucar rayonunda minlərlə sakin bu cinayətkar dəstəyə hüquq-mühafizə orqanlarının “dur” deyəcəyini gözləməkdədir. Həmin dəstə haqqında xeyli sayda maddi sübutlar (video çəkilişlər və audio yazılar) 12 avqust 2011-ci il tarixdən dəstənin bəzi üzvləri və yalançı şahidlər tərəfindən toplanmaqla ifşa olunur”.
Hüquq müdafiəçisi yalançı zərərçəkən və şahidlərin video çəkilişləri, səs yazıları, qanuni əsası olmayan məhkəmə qətnamələri və qərarları, dəstə üzvünün etiraf ərizəsini, haqlı şahidlərin müraciətlərini də sənədə əlavə edib.