Ilham Əliyev: “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” (“Iki Sahil” qəzeti, 20 iyun, 2011).
Mülkləri əlindən alınmış iş adamı Nurəddin Zülfüqarlı: “Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni Ilham Əliyevin biznesini idarə edən Rasim Məmmədov qardaşım Loğman Zülfüqarlının oturduğu kabinetə 15 nəfər silahlı adamla gəldi. O, qardaşıma dedi ki, zavodu təhvil verib buranı tərk edin. Bildirdi ki, əgər deyilənlər yerinə yetirilməsə, yenidən həbs olunacaq, ailənizin də problemləri yaranacaq. Açıq şəkildə dedi ki, bu işin arxasında Ramiz Mehdiyev və Bəylər Əyyubov dayanır” (”Azadlıq” qəzetinin dünənki sayı)
Ilham Əliyev: “Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir və bu istiqamətdə əlavə addımlar atılır” (contact.az saytı, 27 may, 2011)
Qardaşı oğurlanan rektor Elşad Abdullayev: “7 il müddətində şikayətlərimə qarşı tərəfdən bir cavab ala bilmədim, əksinə, bu şikayətlərdən sonra mənə və ailə üzvlərimə dövlət səviyyəsində təzyiqlər, şantajlar və terrorlar başladı. Hər şikayət edəndən sonra yaxın adamlarımı oğurlayırdılar, bir neçə gündən sonra isə onlar Banditizm və MTN-in podvallarından tapılırdılar” (“Azadlıq” qəzeti, 23 sentyabr, 2011)
Ilham Əliyev: “Dövlətçiliyimizin əsasları məhz 1993-cü ildən sonra formalaşmağa başlamışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə aparılmışdır” (“Iki Sahil” qəzeti, 31 may, 2011)
Qardaşı oğurlanan rektor Elşad Abdullayev: “Sifarişlə qardaşımı, hüquq elmləri namizədi Eldəniz Abdullayevi zəhərləyiblər və o, stressdən infarkt keçirərək 1-ci qrup əlilə çevrilib. Hazırkı günə qədər nitq qabiliyyətini bərpa edə bilməyib, danışa bilmir, şikəst gəzir… Böyük bacım Qubaxanım Abdullayeva keçirdiyi stressdən normal iş fəaliyyətini itirdi və yaxın adamlarını tanıya bilmir. Dayımın həyat yoldaşı və qardaşım Eldənizin qayınanası bu hadisə ilə bağlı qəfil dünyasını dəyişdi. Maddi cəhətdən mənə kömək edən şəxslərə o qədər təzyiq etdilər, onları o qədər hüquq-mühafizə orqanlarına aparıb-gətirdilər ki, hamısı müxtəlif tərzdə dünyasını dəyişdi, cinayətkarlar isə mükafatlandırıldı”.
Ilham Əliyev: “Biz sözün əsl mənasında azad, demokratik, hüquqi dövlət qururuq” (azxeber.com, 29 dekabr 2010)
Mülkləri əlindən alınan iş adamı Nurəddin Zülfüqarlı: “Kərəm Həsənovun xəbərdarlığından, yəni zavodları onun dediyi yüksək vəzifəlilərə verməkdən imtina etməyimdən sonra, 2005-ci il dekabrın 9-da əmimin yasından çıxıb evə gedərkən bir qrup mülki geyimli silahlı adam maşınımı saxladılar, sürücümün və mənim başıma qara torba keçirib maşına basdılar, nə baş verdiyini heç cür anlaya bilmirdim. Onlar məni maşının arxasına uzadıb üstümdə oturdular, məqsəd səs çıxarmamağım və tərpənməməyim idi. Sürücüm də eyni vəziyyətdə idi. Vəziyyəti tam anlamadığımdan düşündüm ki, məni quldurlar tutub və məqsədləri pul istəməkdir! Təxminən 20-25 dəqiqədən sonra bizi pilləkənlərlə qaldırdıqlarını hiss etdim, torbanı çıxaranda ətrafımda polisləri görüb özümə gəldim. Çünki hansısa bir anlaşılmazlığın olduğunu və azad ediləcəyimi düşündüm. Əfsuslar ki, yanılmışdım.” (“Azadlıq” qəzeti, 27 sentyabr 2011)
Ilham Əliyev: “Ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Dünyada mövcud olan və bizim üçün məqbul sayılan ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq olunur. Azərbaycanda geniş modernləşmə siyasəti aparılır. Həyatımızın bütün istiqamətlərində modernləşmə əlamətlərini görə bilirik. Biz bundan sonrakı dövrdə də bu siyasətə sadiq qalacağıq” (milli.az saytı, 6 iyul 2011).
Mülkləri əlindən alınmış iş adamı Nurəddin Zülfüqarlı: “Nərimanov Rayon Məhkəməsində hakim çox gərgin idi, tez-tez telefonla əlaqə saxlayırdı və gərginlik elə həddə idi ki, hakim heç adını belə, təqdim etmədi. Təsəvvür edin ki, təkidimizə baxmayaraq, hakim bizi dinləmədi, vəkilimizi belə, zala buraxmadılar. Beləliklə, bir neçə ay həbs-qətimkan tədbiri yenə uzadıldı. Bu müddətdə hər dəfə kamerama gəlib deyirdilər ki, şərtlərlə razı olmasanız, həbsxanada çürüyəcəksiniz”
***
Nə bilim e, vallah?
Hüquqquluqu dövləti
•
•