ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersi Naxçıvanla bağlı gizli teleqramında (WikiLeaks) Naxçıvana səfərindən, oradakı mistik dərəcədə qarabasmaya bənzəyən vəziyyətdən… və müxalifətçi Nurəddin Babayevlə söhbətindən yazır. Orada səfirə söylənmiş adi bir söz var. Bu söz durum haqda çox-çox ciddi məsəllərdən daha aydın təsəvvür yaradır: “Naxçıvanda müxalifətçi olmaq böyük cəsarət tələb edir. Hətta həmin şəxsə ”milli qəhrəman” kimi baxırlar”. Ilk baxışdan həqiqətən də son dərəcə adi sözdü, bəlkə də dayaz zehniyyətlilərdə gülüş belə, doğura bilər – “milli qəhrəmanmışlar-filan…”.
Əslində isə, gülmək üçün çox yersiz, anlamaq, düşünmək üçünsə əvəzsiz situasiyadı.
Normalda müxalifətçi kimdi? Hakimiyyəti bəzən hətta yersiz olaraq tənqid edən, onu hər yolla seçicilərin gözündən salmağa və gələn seçkidə daha çox səs toplamağa çalışan siyasi qüvvənin nümayəndəsi. Indi belə deyil, ama olmalıydı. Iqtidar da eyni şövqlə müdafiə olunar, hətta əks-hücuma keçər – lakin bunlar hamısı qanunların, demokratiyanın izn verdiyi hüdudlar çərçivəsində həyata keçirilərdi. Hər ikisi üçün eyni imkanlar tanısaydı dövlət – mitinqlər, aksiyalar, teledebatlar, parlament çıxışları və s. Meydan da, efir də heç bir ayrı-seçkiliyə, tərəfkeşliyə, yarınmağa yol verilmədən bərabər bölünsəydi. Son sözü isə əlahəzrət seçici deyərdi. Bax, bu qədər bəsitdi demokratiya.
Bəs Azərbaycanda durum necədi? Müxalifətin meydana çıxıb ən dinc nümayiş eləmək imkanı belə, varmı? Bir ildə iqtidarın bir saatı qədər ona efirdən pay düşürmü? Iki qəzeti, bir xarici radiostansiyanı çıxmaqla tənqid meydanı varmı və harada? Nəyinki meydan-küçə-efir… adi tənqidi məqalə belə, hakimiyyəti dəliyə çevirir, küplərə mindirir. Hakimiyyətin gözündə özgür düşüncə vətən xainliyindən betər şəkildə qəbul edilir və “gərəkli” addımlar atılır. Dəlixanaya salınan kim, həbs edilən, öldürülən, oğurlanan, işgəncələr görən, şərlənən, rüsvay edilən, qarabaqara izlənən kim… Özlərini dəhşətli xofa salan iqtidar daimi qorxu içində çapalayır, qorxudan nifrət törəyir, nifrət isə orqanizmi çürüdür və daha iyrənc, daha qorxulu formaya salır.
Təbii ki, bu iyrəncliyin qarşısında hələ də müxalifətçi olaraq qalmaq bir qəhrəmanlıq sayılacaq, adi tənqidi fikir deyən adama düşüncə özgürlüyünü dincə qoymuş kənar adamlar Milli qəhrəman kimi baxacaqlar. Müxalifətçiyə Milli qəhrəman statusunu qazandıran, əslində, heç də onların gerçək qəhrəman olmaları deyil, hakimiyyətin dəli hərəkətləridi. Mən deyərdim ki, müxalifətçilərin çoxunda bu statusdan cana doymuşluq görmüşəm. Adamlar öz iş-gücləri ilə normal şəkildə məşğul olub, adi insan ömürlərini yaşamaq istəyirlər. Adam kimi ailə başçısı olmaq, para qazanmaq üçün çalışmaq, sevmək, sevilmək, çapqınlıq etmək istəyirlər. Ama yox. Onların boynuna bir qəhrəmanlıq yükü qoyulub. Bütün passiv cəmiyyət onlara qəhrəman kimi baxır, özlərini də 24 saat, həftə, ay, il, ömür boyu qəhrəman kimi aparmağı tələb eləyirlər. Yəqin kimsənin gözündən yayınmayıb – aldığı nəfəs belə əxlaqsızlığa dayanan “yeni azərbaycanlılara” toplum zərrəcə qınayıcı baxışlarla baxmır, ama bir müxalifətçi cızığından azca çıxsa, onu az qala asmaq istəyir, amansız şəkildə qınayırlar.
Tanıdığımız xeyli “Sovet Ittifaqı Qəhrəmanı”, “Milli Qəhrəman”lar var ki, bu adı uzun sürə adına görə çəkə bilməyiblər. O mənada bu qədər basqı altında “milli qəhrəman” olaraq qala, yaşaya bilmək gerçəkdən bir qəhrəmanlıqdı. Toplum birilərinə “milli qəhrəmanlıq”, birilərinə taxt-tac verir. Qınaqlar isə toplumun iqtidarı deyil, müxalifəti öz övladı saydığını ortaya qoyur. Mən müxalifətin “milli qəhrəmanlıq”dan tam olaraq bezəcəyi, silkinib onun altından çıxacağı günü gözləyirəm. O gün kimsə onun qarşısında dura bilməyəcək. Yetər bu qəhrəmanlıq!..