Bakıxanovların hakimiyyətindən başlanan Bakı xanlığı

Ilk Bakı xanı – Mirzə Məhəmməd xan

XVIII əsrdə Azərbaycan ərazisində yaranan müstəqil xanlıqlardan biri olan Bakı xanlığı da tarixi proseslərdə mühüm rol oynamışdır. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi. Hakimiyyətdə olduğu 20 il ərzində Mirzə Məhəmməd xan ölkənin iqtisadiyyatının bərpası ilə məşğul olur, ticarətin inkişafına şərait yaradırdı. Həm də admiral olan Mirzə Məhəmməd xan mal daşınması və hərbi məqsədlər üçün gəmiqayırma işinə şəxsən rəhbərlik etmişdi. Məlik Məhəmməd xanın ölümündən sonra Bakı taxtına oğlu II Mirzə Məhəmməd xan çıxmışdı. II Mirzə Məhəmməd xan Azərbaycanın məşhur tarixçisi, şairi, maarifçisi Abbasqulu ağa Bakıxanovun atası idi.
Bu dövrdə iqtisadiyyatın bir qədər canlanmasına baxmayaraq, XVIII əsrin axırlarında Iran hökmdarı Ağa Məhəmməd şah Qacarın viranedici basqınları Azərbaycana çox böyük ziyan vurmuşdu. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Bakını ələ keçirdi və qarət etdi, lakin tezliklə onun ordusu Şirvanı tərk etdi.

Xanlıqlar dövründə Bakı xanlığı 39 kənddən ibarət idi və cəmi 500 nəfərlik qoşunu vardı.

Mirzə Məhəmməd xan hakimiyyətdə olduğu illərdə əyalətin bərbad hala salınmış iqtisadiyyatını qaydaya salıb, inkişaf etdirmək üçün birinci növbədə Xəzərdə gəmiçiliyin daha da inkişaf etdirilməsi qayğısına qaldı. O illərdə Xəzər dənizində üzən əsasən rus gəmiləri idi. Xəzərdə özünün ticarət gəmilərinə malik olmaq Mirzə Məhəmməd xanın  çoxdankı arzusu idi. Bu məqsədlə o, Bakı limanında gəmi inşasına başlamışdı. O bununla da kifayətlənmirdi. Iri ticarət və müdafiə gəmiləri yaratmaq məqsədilə Avropanın gəmiçilik ölkələrinə səfərə çıxmaq fikrində idi.

Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, Bakı xanı Mirzə Məhəmməd tez-tez Langertə gedərək, orada gəmi inşaatına rəhbərlik edirdi.

Rusiyaya göndərilən neft, duz, ipək və sairənin dəniz yolu ilə daşınmasını ucuzlaşdırmaq üçün Mirzə Məhəmməd xan əsas çıxış yolunu bunda görürdü. Bakı tacirləri mallarının rus gəmiləri ilə daşınmasının onlara çox baha başa gəlməsindən tez-tez şikayətlənirdilər. Həmin illərdə Quba xanlığı qüvvətlənib, ətraf xanlıqlar üçün böyük təhlükə təşkil edirdi. 1758-ci ildə Quba xanı Hüseynəli xanın  yerinə keçmiş oğlu Fətəli xanın dövründə Quba xanlığı daha da möhkəmlənmişdi. Fətəli xan ətraf yerlərə sahib olmaqla Quba xanlığını xeyli genişləndirmişdi.
Mirzə Məhəmmədin Fətəli xandan çəkindiyi də məhz buna görə idi. Mirzə Məhəmmədin üç övladı olmuşdu: Məlik Məhəmməd, Əliqulu və Məhəmmədqulu.

Məlik Məhəmməd xan Fətəli xanın bacısı Xədicə Bikəylə evlənərək Quba xanlığı ilə münasibətləri yaxşılaşdırmışdı. Bakı xanlığı əslinə baxılsa, Fətəli xanın vassalındın başqa bir şey deyildi. Məlik Məhəmməd xan iradəcə zəif olduğundan, xanlığı, demək olar ki, Fətəli xan və bacısı idarə edirdilər.

Bakı xanlığı o vaxtlar çox varlı idi. Neft və duzdan böyük gəlirlər əldə edilirdi. Əlbəttə, bu, Fətəli xanın nəzərindən qaça bilməzdi. Bakı xanlığı Fətəli xana xərac verməkdən başqa onun sərhədlərini Dağıstan feodallarının basqınlarından qorumaq üçün də qoşun ayırmalı idi.

Quba xanlığı ilə ittifaqda

Məlik Məhəmməd Xədicə Bikəyə evlənəndən sonra Bakı xanlığı Quba xanına xərac verməkdən azad olunmuşdu. Ancaq Fətəli xan tələb

etdikdə ona qoşun ayırmağa borclu idi. Məlik Məhəmməd Fətəli xana arxalansa da, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi fikir verirdi. Şəhərin şimal-qərb tərəfində bütün divar boyu xəndəkləri dərinləşdirmiş, bürclərə qırxa yaxın qısa lüləli və başqa toplar düzdürmüşdü. Qoşunun sayı isə 500 nəfərdən artıq deyildi. Məlik Məhəmmədin Xədicə Bikədən iki oğlu olmuşdu: Mirzə Məhəmməd və Əbdürrəhim.
Məlik Məhəmməddən sonra yerinə böyük oğlu Mirzə Məhəmməd xanlığa keçir. O, tarixdə Mirzə Məhəmməd xan Sani (ikinci) kimi tanınmışdır. Mirzə Məhəmməd Sani A.A. Bakıxanovun atası idi. Xanlığa keçəndə on bir yaşı vardı. Xanlığı idarə etmək üçün dayısı Fətəli xan onun qəyyumu təyin edilmişdi. Iyirmi yaşına çatdıqda Mirzə Məhəmməd xan Sani Fətəli xanın qızı Xan Bikə xanımla evlənir.

Fətəli xan öləndən sonra Bakı xanlığı içərisində ixtilaf  başlayır. Bu işdə atasının ölümündən sonra onun yerinə keçmiş Əhməd xanın da günahı böyük olur. Mirzə Məhəmməd xan birincinin oğlu, yəni Məlik Məhəmməd xanın qardaşı Məhəmməd Qulu xan Əhməd xana arxalanaraq gizlincə Mirzə Məhəmməd xan Saninin əleyhinə qəsd hazırlayırlar. Məhəmməd Qulu xan Əhməd xana vəd edir ki, əgər xan taxtına yiyələnməkdə ona kömək edərsə, ona külli miqdarda xərac verməyə hazırdır. Əhməd xan da buna razılıq verir və beləliklə, öz bibisi oğlu, yeznəsi Mirzə Məhəmməd Sanini yıxmaq üçün birgə tədbir tökürlər. O, qoşunun bir hissəsini Salyana yola salmaq bəhanəsi ilə Bakı üzərinə göndərir. Məhəmməd Qulu da gizlincə Bakıya gələrək, yaxın adamları ilə birlikdə şəhəri ələ keçirmək üçün hazırlıq görür. Gecə yarısı hamı yuxuya gedəndən sonra şəhər darvazalarını qoruyan keşikçilərin üstünə basqın edib, qapıları açırlar, qoşun içəri soxulur.
Qəflətən yaxalanan mühafizə dəstələri ilə əlbəyaxa vuruşma başlayır. Məlik Məhəmməd xanın qardaşı Məhəmməd Qulunun adamları şəhərdə əsas istehkamları əvvəlcədən tutduqlarına görə qalib gəlirlər. Məhəmməd Qulu xan özünü xan elan edir. Mirzə Məhəmməd Sani isə ailəsi ilə birlikdə Qubaya sürgün olunur. Bakıda Məhəmməd Qulu xanın hakimiyyəti uzun sürmür.

Süqut gətirən Rusiya işğalı

1791-ci ildə Əhməd xanın ölümündən sonra Quba xanlığı Fətəli xanın kiçik oğlu Şıxəlixanın əlinə keçir və o, Bakı xanlığını həqiqi varisinə qaytarmaq üçün Mirzə Məhəmmədlə birlikdə Bakı üzərinə yürüşə başlayır. Kömək məqsədilə Georgiyevskdə general Qudoviçin qərargahına müraciət edir. Bakını geri almaq üçün ona kömək göstərilməsini xahiş edir. Qudoviçdən cavab gələnədək, o, şəhəri mühasirədə saxlayır. General əmr edir ki, Bakı körfəzində duran freqatdan atəş açmaqla Şıxəli xana kömək edilsin. Vəziyyəti belə gördükdə, Məhəmməd Qulu xan həmin ilin oktyabr ayında Mirzə Məhəmməd xanla saziş bağlamağa məcbur olur. Bu sazişə əsasən şəhərin gəliri Mirzə Məhəmməd Sani ilə Məhəmməd Qulu xan arasında tən bölünməli idi.

1792-ci ildə Məhəmməd Qulu xan ölür. Mirzə Məhəmməd xan bu dəfə də hakimiyyəti ələ keçirə bilmir. Məhəmməd Qulu xanın qardaşı Əli Qulu xanın oğlu (Mirzə Məhəmməd xanın əmisi oğlu) Hüseynqulu xan fürsətdən dərhal istifadə edərək özünü Bakı xanı elan edir. Mirzə Məhəmməd xanla Hüseynqulu xan arasında təzə bir çəkişmə başlayır. Mirzə Məhəmməd xan Quba qoşunlarının köməyi ilə şəhəri mühasirəyə alır və Hüseynqulu xanla müqavilə bağlamağa nail olur. 1792-ci ildə Hüseynqulu xan öz hakimiyyətini daha da möhkəmlətmək məqsədilə Rusiyanın himayəsinə girmək barədə danışıqlara başlayır. Rus qüvvələrinin yerləşdiyi Georgiyevskə elçi göndərir. Dərbənddə onun elçisi Şıxəli xanın adamları tərəfindən tutulur. Hüseynqulunun II Yekaterinanın adına göndərdiyi məktub Quba xanını bərk qəzəbləndirir, Hüseynqulu xan məktubunun ələ keçdiyini eşitdikdə, bu dəfə başqa yolla Georgiyevskə təzədən məktub göndərir. II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanına əsasən Bakı xanlığı rus imperatorluğunun himayəsinə qəbul edilir. Təkcə o qalır ki, Hüseynqulu xan təntənəli surətdə and içsin.

Lakin XVIII əsrin axırında baş vermiş hadisələr Hüseynqulu xanın rus tabeliyinə daxil edilməsi sənədlərinin tərtib edilməsinə mane olur.
1796-cı ilin mayında rus generalı Zubov Bakıya tərəf yürüşə başlayır. Bakı xanı Hüseynqulu xan da şəhəri təhvil vermək məcburiyyətində qaldı. Rusiya-Iran müharibələri nəticəsində Bakı xanlığı Rusiyaya birləşdirildi. 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri imzalandı, Azərbaycan Araz çayı boyunca Rusiya ilə Iran arasında bölündü. Işğal edilmiş torpaqlar, o cümlədən Bakı rəsmən Rusiyaya təhkim edilmiş oldu.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir