Əsgəri çürüdüb öldürdülər

Gülhanəyə aparılarkən hava limanında dünyasını dəyişən əsgərin hekayəti «Azadlıq»da

Eldar Novruzov bir neçə gündən sonra hərbi xidməti başa vuracaqdı

Vida mərasiminə Müdafiə Nazirliyindən heç kəs qatılmadı

O, bir neçə gündən sonra ailəsinin yanına qayıdacaqdı. Hərbi xidməti başa vurub yaxınlarının ətrafında olacaqdı. Ancaq… Gözlənilən vaxtdan tez qayıtdı. Ailəsi vətənə borcunu yerinə yetirmək üçün göndərdiyi övladının meyitini aldı. Söhbət ötən ilin aprelində hərbi xidmətə gedən və oktyabr ayında tərxis olunmağı gözlənilən 1992-ci il təvəllüdlü Eldar Novruzovdan gedir.

Müalicə Türkiyədə idi…


Ordudakı intiharların, naməlum qətllərin sayı bitib-tükənmir. Hər gün vətənin keşiyində duran insanlar haqda acı məlumatlar daxil olur. Eldar Novruzov da bu acılığı ən azı ailəsinə daddırdı.
O, manqa komandiri idi. Hərbi xidmətini Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə çəkirdi. Bu ilin may ayına qədər bu vəzifəsini icra edirdi. Mayda isə çavuşun səhhətində qəflətən problemlər başlayıb.
Iyun ayında tənəffüs sistemində yaranmış problemi aradan qaldırmaq üçün Bakıya Hərbi Hospitala əməliyyat olunmaq üçün gətirilir. Ona nəfəs yolunun tutulması diaqnozu qoyulur. Hospitalda olan müddətdə bütün xərcləri ailəsi ödəyir. Əsgərin burnunda aparılan əməliyyat isə uğursuz olur…

Əməliyyatdan sonra əsgərin sifəti şişməyə başlayır. Şiş çəkilmədiyinə görə elə hospitalın həkimləri onu Mərkəzi Klinik Xəstəxanaya aparmağı məsləhət görürlər. Həmin klinikada Azərbaycan əsgərini Türkiyədən gələn cərrah bir daha əməliyyat edir. Əməliyyat Novruzovlar ailəsinə 1875 manata başa gəlir. Onun xərçəng xəstəsi olub-olmamasını aydınlaşdırmaq üçün hüceyrə nümunələri onkoloji laboratoriyaya göndərilir. Cavab gəlir ki, uşağın xəstəliyi xərçəng deyil, müalicə olunan xəstəlikdir. Həkim Eldarın müalicəsinin Türkiyənin Gülhanə Hospitalında aparılmasını məsləhət görür.

Maddi imkansızlıqdan əziyyət çəkən ailə bu müalicə üçün ölkə başçısından tutmuş Mehriban Əliyevaya, Səfər Əbiyevə müraciət edir.
Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verir. Bildirilir ki, Azərbaycan əsgəri Mərkəzi Hospitalda konservativ müalicə alır. Onun Gülhanəyə göndərilməsi üçün sənədlər hazırlanır və Müdafiə naziri buna icazə verib. Türkiyəyə göndəriləcək həmin sənədlərə müsbət cavab veriləndən sonra xəstə dərhal Gülhanəyə göndəriləcək. Cavab da gəlir, ancaq bunun heç bir faydası olmur. Çünki…

Füzulidə doğuldu, Sumqayıtda yaşadı, hava limanında öldü

Çünki Eldar Novruzov Gülhanə Tibb Akademiyasına aparılarkən, təyyarə yola düşməyə az qalmış dünyasını dəyişir. Mərhumun atası Qadir Novruzov Hərbi Hospitalda müalicə olunan oğluna yola düşməzdən əvvəl iynə vurulduğunu deyir. Bu iynədən sonra oğlunun vəziyyətinin daha da pisləşdiyi, rənginin saraldığını söyləyir.
Azərbaycan əsgəriylə elə ötən gün Sumqayıtda kirayə qaldıqları binanın həyətində vida mərasimi keçirildi. Vida mərasiminə Müdafiə Nazirliyindən heç kəs qatılmamışdı.
Mərhum torpağa “Nasosnu”da (Hacı Zeynalabdin Tağıyev adına qəsəbə – red.) tapşırıldı…

Bir maraqlı nüans var. Əsgər 4 ay bu xəstəlikdən əziyyət çəkib. Vəziyyət hər kəsə bəllidir. Ancaq buna baxmayaraq, Müdafiə Nazirliyi konkret tədbir görmədi. Sentyabrın 28-də günortadan sonra nazir Səfər Əbiyevin əsgərin müalicəsi ilə bağlı verdiyi göstəriş əslində gecikmiş idi. Bilmək olmaz, bəlkə də Səfər Əbiyev özünü sığortalamaq üçün son anda əsgərin Gülhanəyə göndərilməsinə icazə verib. Əgər əksini deyənlər varsa… nədən sentyabr ayının əvvəlindən aləmə car çəkən Novruzovlar ailəsinə sentyabrın 28-də reaksiya verilir? Bax, bu suallar cavabını axtarır.

O, gözəl insan idi

Novruzovlar ailəsi əslən Füzuli rayonundandır. Sumqayıtda ikinci mikrorayonda kirayə yaşayırlar. Çox sadə bir ailədir. Eldar nişanlı idi. Biz orada olanda artıq onu dəfn etməyə getmişdilər. Qarşımıza çıxan isə nişanlısı idi. Nə o danışa bilirdi, nə də biz. Yalnız bunu deyə bildi: “Niyə gəlmisiniz? Artıq hər şey bitdi…”.
Bəli, artıq hər şey bitmişdi. Nə ola bilərdi ki? Bütün bunları anlayırıq. Anladığımız üçün daha heç nə danışmırıq. Hamılıqla kömək gözləyirdilər. Kömək üçün fərman gec verildi. Indi onlar üçün nəyin necə olduğunun heç bir mənası yoxdur. Susub, kənara çəkilirik…
Qonşularla söhbət edirik. Deyirlər ki, Eldar çox gözəl insan idi – mehriban, gülərüz. “Yaxşı insan olduğu üçün dünyadan tez köçdü. Bu dünyada, bu cür cəmiyyətlərdə elə insanlara yer yoxdur”.

***

Bir neçə gün öncə mediada xəbər yayıldı ki, sonuncu “Eurovision”da bizi “göylərə” qaldıran cütlükdən biri – Nigar Camal üzünü sığortaladıb. Nə az, nə çox – 1.5 milyon dollara. Bu, cəmiyyətimizin bir üzüdür…
Cəmiyyətin o biri üzündə Eldar Novruzovun – Azərbaycan əsgərinin üzü çürüdü və o, dünyasını dəyişdi…

Ramin DEKO
Şəkillər Qafqazinfo.az saytına məxsusdur