Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov

Onların üçünün də elmi adı var.

Fəqət ALIM deyillər. Nədən ki, ALIM olan kəs aqil və adil olmalıdır, ağı-qaradan seçməyi, haqqı deməyi bacarmalıdır.Kimsə onların haqqın tərəfində dayandığının şahidi oldumu?Onlar üçün HAQQ necə olur-olsun rejimi müdafiə etməkdir, vəssalam.Çünki o REJIM onların yaşam tərzini dəyişdirib.

Kim idi onlar 20 il əvvəl?
Indi min məşəqqət içində yaşayan müəllimin, həkimin, mühəndisin biri idi onlar. Bu gün firavan yaşayırlar, problemləri yoxdur. Və bu firavanlığı onlara bəxş etmiş rejimi yorulmadan tərənnüm etməkdədirlər.Onların üçü də Milli Məclisin üzvüdür.Fəqət MILLƏT VƏKILI deyillər.Millət vəkili olsaydılar, millətin qanayan yarasını bağlamağa cəhd edərdilər.Onlar millət vəkili olsaydı, rejimlərinin çiçəkləndirdiyi rüşvət və korrupsiya cəhənnəmə, məmləkətdə tüğyan edən mənəviyyatsızlıqlara qarşı səslərini qaldırardı.Onların üçü də heç vaxt dövlət strukturlarını bürümüş rüşvətxorluq barədə danışmır və danışmayacaqlar. Başa düşüləndir, rüşvət, korrupsiya barədə, danışsalar, dövləti talayan məmurların adlarını çəksələr, Milli Məclisə təyin olunduqları dairələrdə yeni seçkilərin şahidi olarıq. Onlar təmsil olunduqları partiyanın yüksək vəzifəlilərinin xalqın başına gətirdikləri müsibətləri dillərinə gətirə bilməz. Səslərini biryolluq kəsərlər.Bunu biz biliriksə, onlar bizdən də yaxşı bilirlər.Odur ki, mövcud durumlarını qorumaqdan yana üfunəti yaradanlara qarşı yox, üfunətə etiraz edənlərə qarşı çıxırlar.Dövlət başçısı, həm də partiyalarının böyükləri pafosla “mən bütün Azərbaycan vətəndaşlarının prezidentiyəm” deyir. Bəs onlar necə hərəkət edirlər?Tribunalardan özləri kimi düşünməyənlərə, Allahın quluna QUL olmaq istəməyənlərə qarşı tər-təmiz düşmən münasibəti sərgiləyirlər.Onlar çox yaxşı başa düşürlər ki, qaydasız siyasi döyüş gedir Azərbaycanda. 50 kilo çəkisi olana qarşı 100 kiloluq adamlarını döşəyə çıxarmaqları bəs deyil, hələ bir hakimləri də o 100 kiloluğun tərəfində durmağa vadar edirlər.Həm də bunu düşmənimiz sayılan ermənilərə qarşı deyil, öz soydaşlarına, bu ölkənin vətəndaşlarına qarşı edirlər.Onlar müxalifətə açıq-aşkar nifrət edirlər. Və bu nifrət düşmənçilikdən betərdir.Onların nifrətinin, düşmənçiliyinin qaynaq mənbələrini əslində bu ölkədə yeddidən-yetmişyeddiyə hər kəs bilir.Və bu düşmənçiliyin Azərbaycana məhz bu gün hava və su kimi gərəkli olan VƏTƏNDAŞ HƏMRƏYLIYINƏ nə qədər böyük zərbə vurduğunu da bilir xalq.Onlar YAP üzvlərinin sayının 550 minə çatdığını, son altı ayda 15 min adamın partiya sıralarına qoşulduğunu fəxrlə bəyan edirlər. Düzünə qalsa, bir kampaniya başlatsalar YAP üzvlərinin sayını hətta 2-3 milyona da çatdıra bilərlər. Sadəcə, bu sayın 85 manat təqaüd alan qocalara, ayı acqarına başa vuran ziyalılara nə dəxli olduğunu açıqlamır onlar.Onlar WikiLeaks yazdıqlarını böhtan adlandırır, məmur özbaşnalığından, regionların oliqarx-nazirlər tərəfindən işğalından, “toxunulmaz” statusluların cinayət əməllərindən, neft gəlirlərinin bir dəstə tərəfindən dağıdılmasından, orduda cərəyan edən eybəcərliklərdən, evlərin dağıdılmasından, hətta bir neçə gün əvvəl Badamdarda xalqın əxlaqsız yuvalarına qarşı üsyanından xəbərsizdir.Onlar bu anormallıqlardan danışmaq əvəzinə müxalifəti özlərinə məxsus telekanallarda qaydasız döyüşə dəvət edirlər. Sanki cümlə anormallıqların baiskarı müxalifət imiş.Kəsəsi, onlar düşünürlər ki, hakimiyyətləri əbədi olacaq və QORXU silahını hər zaman ciblərində gəzdirəcəklər.Onların barəsində çox şey yazmaq olar. Ancaq ən yaxşısı odur ki, onlar sosial şəbəkələrin birində öz səhifələrində cümlə Azərbaycana yox, sayı 550 min olan YAP üzvlərinə “Mənim barəmdə nə düşünürsünüz” sualı ilə müraciət etsinlər. Əminəm ki, aldıqları cavab müxalifətli-iqtidarlı hər kəsin ürəyincə olacaq.