Hayıf ki, yoxdur!..

“…Prezident Ilham Əliyev inhisarçılığın, qeyri-sağlam rəqabətin, süni qiymət artımının qarşısının alınması və yerli bazarın keyfiyyətli məhsullarla təminatı üçün ardıcıl tədbirlər görüldüyünü qeyd edib”.

“…Sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır. Icra orqanları sahibkarlara kömək etməlidirlər. Onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır: ”Buna ehtiyac yoxdur, artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb, biz şəffaflığa nail ola bilmişik. Belə olan halda yersiz yoxlamalar, müdaxilələr əsassızdır. Buna son qoyulmalıdır”.Yəqin çoxlarına tanış sözlərdir. Qəzetlərin yazması bir yana, AzTV bunu dəfələrlə göstərib. Ibrahim Məmmədov hər həftə Ilham Əliyevin bu və başqa “müdrik” kəlamlarını yüksək pafosla, sifətinə ciddi görkəm verməklə adamların – tamaşaçıların gözünə soxub. Ölkənin “analoqu olmayan” inkişafından danışıb. Bu “inkişafla” bağlı müxtəlif məlumatlar “WikiLeaks” saytından sizə artıq bəllidir. Baxmayaraq ki, onları heç sizə deməyə ehtiyac da yoxdur. Özünün bütün bunları yaşamış və yaşayırsınız…
Amma daha çox bilməyin ziyanı olmasın gərək. Ramin Nağıyevin ölkədəki məmur cinayətləri barədə dedikləri, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin oğurlanmış qardaşı haqda yazdıqları, ABU-nun əlindən alınması ilə bağlı başına gələnlər. Nəhayət, Zülfüqarlı qardaşlarının min bir zəhmətlə qurduqları zavodların əllərindən alınması. Sadalanan bütün əməllərdə cinayət törədilib. Adamların başına torba keçirilərək oğurlanması, mülklərinin əllərindən alınması, yaxınlarına təzyiqlər – bütün bunlar bir mərkəzdən, Ilham Əliyevin hərdənbir oturduğu Prezident Administrasiyasından idarə olunub, olunur. Əksər faktlarda PA rəhbəri Ramiz Mehdiyevin adı hallanır. Indi gəl adamları Ilham Əliyevin müxtəlif yığıncaqlarda dediklərinin səmimi olduğuna inandır. 

Nurəddin Zülfüqarlı Heydər Əliyevin çağırışına inanıb gələnlərdəndir. Yadınızdadırsa, hakimiyyətə gəldiyi çağlarda H.Əliyev dünyanın müxtəlif yerlərində, əsasən də keçmiş SSRI ərazisində yaşayan, işləyən soydaşlarımızı Azərbaycana dəvət etmişdi, onları müstəqilliyini yenicə əldə etmiş dövlətə arxa durmağa çağırmışdı. O dalğada xeyli iş adamı ilə birgə vətənin müdafiəsində dayanmaq üçün zabitlər, sıravilər də Azərbaycana gəlmişdi. Dövlətə arxa olmağa gələn bu oğulların əksəriyyəti döyüş bölgələrində arxadan vuruldu. Iş adamlarına öndən, arxadan, qurşaqdan aşağı vurulan zərbəni isə elə təkcə Zülfüqarlı qardaşlarının başına gətirilənlərdən bilmək olar.

Bu yaxınlarda dövlət başçısı Qubaya səfər etmişdi. Heydər və Zərifə Əliyevanın adına olan yerlərə baş çəkəndən sonra Ilham Əliyev hansısa yolun bir neçə kilometrliyinin açılışını elədi, qırmızı lenti kəsdi. Camaatla görüşdə isə kənd və qəsəbələrə qaz çəkiləcəyini dedi. Məlumatlardan bəlli oldu ki, Qubanın 11 kəndində hələ də qaz yoxdur. Şübhə eləmirəm ki, “qaz çəkildi” statistikasına salınan kəndlər də ondan düz-əməlli yararlana bilmir. Turizm zonası olan Qubada bu qədər kənd qazsızdırsa, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan kimi ilan mələyən bölgələrdə, dağ rayonlarında ümumiyyətlə, qazdan danışıb adamların yaralı yerinə toxunmaq istəmirəm. Amma Ilham Əliyev heç bir komplekssiz həm ölkənin dünyada analoqu olmayan inkişafından, Azərbaycanın regionun lider dövləti olmasından danışır, həm də yaxın illərdə Quba camaatının içməli suyla, qazla təmin ediləcəyini, yollar, kanalizasiya çəkiləcəyini deyir. Tanrı millətimizin səbrini əlindən alsın. Amin! Allah Vaqifə rəhmət eləsin.Quba dağlarının əcəb seyrangahı var,Yolu, qazı, suyu, kanalizasiyası hayıf ki, yoxdur.Dağılmış yurdumuz AzərbaycanınRəhbəri, başçısı… hayıf ki, yoxdur.