Və ya YAP-a xidmət biabırçılığı
YAP icraçı katibi Əli Əhmədov “Azadlıq” qəzetinin 9 avqust 2011-ci il tarixli sayında çap olunan “Ermənilərin YAP-dan fərqi” başlıqlı köşə yazımla bağlı Mətbuat Şurasına müraciət etmişdi. Bir köşə yazısının YAP-ı yerdən-yerə vurduğunu, ictimai nüfuzunu sarsıtdığını iddia edən Əli Əhmədov Şuradan münasibət istəyirdi.
MŞ çıxardığı qərarı dünən YAP icra katibinə təntənəli surətdə təqdim edib. Lent.az-ın yaydığı məlumata görə, MŞ həmin məqalədə “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı I prinsipinin bəndlərinin pozulduğunu “aşkarlayıb”.Nə imiş bu bəndlər? “Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır” və “Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır”.
MŞ bu iki “bəndə” əsasən, peşə etikasını pozduğum qənaətindədir. MŞ-nin dəyərli Idarə Heyəti hələ bilmirmi ki, bu yazı “məqalə” deyil, köşə yazısıdır? Köşə yazısı müəllifin şəxsi fikirlərinin ifadəsi deyilmi? Müşahidələrimiz əsasında YAP-ı tənqid edə bilmərikmi? Yazdığım köşənin ortasında dayanıb, Əli Əhmədova zəng etməliyəm ki, hörmətli Əli müəllim, burda YAP-ı tənqid edirəm, münasibətinizi bildirin?
Bu nə qədər gülünc, nə qədər absurd iddiadır! Subyektiv mülahizələrimi ortaya qoyanda da məsləhət almalıyam? Araşdırma aparıram ki, qarşı tərəfin münasibətini də öyrənim?
Bəlkə düşünməyim? Bəlkə fikirləşəndə də YAP-dan məsləhət alım, onun düşüncələrinə köklənim?
MŞ “Azadlıq” qəzeti ilə bağlı çıxardığı “qərarı” cənab Əli Əhmədova qaça-qaça, tövşüyərək, canhövllü çatdırıbmış. Bir toxdayın, nəfəsinizi dərin! Hara qaçırsınız? Nə iş görürsünüz? Xidmət üçün niyə belə əldən-ayaqdan gedirsiniz? MŞ şikayətçiyə cavabının təqdimat mərasimini nə vaxtdan keçirən olub? Hər cavabmı mətbuata ötürülür? Bu, “əlahiddə ötürmənin” mənası nədir?
Qərara bax hələ: “”Azadlıq” qəzeti adıçəkilən məqalə ilə bağlı ya təkzib verməli, ya da qarşı tərəfin mövqeyi əks olunan məktub dərc etməlidir”.“Azadlıq” qəzeti nə deyib təkzib verəcək? Yazacaq ki, Anar Mahmudoğlu yanlış düşündüyünə görə üzr üstəyirik? Subyektiv mülahizələrim cəmləşən köşə yazıma “Azadlıq” hansı haqq və hüquqla təkzib verə bilər?
Qarşı tərəfin mövqeyinin problemi yoxdur, təbii ki! Əli Əhmədov istəyərsə, buyursun, öz imzası ilə bir köşə yazsın! Ancaq onda yüzlərlə iqtidaryönlü, onlarla rəsmi dövlət qəzetlərində, televiziyalarda fikirlərimizi deməyə şərait yaratsın! Sərf edirmi? MŞ bu haqqı tanıyacaq və çıxardığı “qərarı” gətirib şəxsən mənə təqdim edəcəkmi?
Qərar çıxarıblar! Bəlkə, qətnamə çıxarasınız? Ya qərardad verəsiniz? Altından da yazasınız ki, hökm qətidir, şikayət verilə bilməz! Necədir?!Mətbuat Şurası – bir qeyri-hökumət təşkilatı hansı səlahiyyətlə, hansı qanunla qərar verir? Onun nə ixtiyarı var ki, köşə yazısına görə “malıdır/məlidir” tonunda müstəqil bir qəzetlə danışsın? Hansı haqla məhkəmənin səlahiyyətlərini əlindən alır?
Əli Əhmədova bax hələ: 550 min üzvü olan partiyanın bir köşə yazısıyla “ictimai nüfuz”dan düşdüyü qənaətindədir. Köşə yazısıyla ictimai nüfuzdan düşən partiyanın olmağından olmaması yey! Bir insanın fikri, rəyi əgər milyonların fikrini, rəyini ifadə etmirsə, niyə təlaşlanırsınız? Niyə barəmdə “ölçü götürürsünüz?”. Nədən narahat olursunuz?
Hər gün televiziyalarınızda, mətbuatınızda demirsiniz, yazmırsınızmı ki, heç bir ictimai çəkimiz qalmayıb? Ictimai dəstəyimiz yoxdursa, bir köşə YAP-ın nüfuzuna necə balta çala, onu necə darmadağın edə bilər?
Əli Əhmədov məhkəməyə deyil, Mətbuat Şurasına müraciətlə tənqidi jurnalistə dözümünü nümayiş etdirir. Məhkəmə nə edəcəkdi ki? Hansı qərarı çıxaracaqdı ki? Ən uzağı təkzib verilməsi barədə qərar verməyəcəkdimi?
Hələ məhkəmədə özümü sovunma haqqım olacaqdı, məsələ ictimailəşəcəkdi, bütün dünyaya car çəkəcəkdim; hələ məhkəmədə Əli müəllim vəkil tutacaqdı, fakt təqdim edəcəkdi, gedib-gələcəkdi, əziyyət çəkəcəkdi! Amma Mətbuat Şurası adlı Məhkəmədə qərarlar daha sakit, daha kəskin, daha sərt, daha əziyyətsiz olur, eləmi? Ona görəmi Mətbuat Şurasına müraciət edirsiniz?
Jurnalistin haqqını məmura yedirdən və çıxardığı qərarı qaça-qaça şikayətçiyə çatdıran Mətbuat Şurasına nə deyəsən?
Belə Mətbuat Şurası yox, “Hakimiyyət Şurası” olur, hörmətli həmkarlar!


