Ərdoğanın qəzetindən Əliyevlərə “sillə”

“Bu rusiyameyilli iqtidar hakimiyyətdə olduğu müddətdə qatığı üfləyərək yeməliyik”

“Bu gün bir rus əlini-qolunu sallaya-sallaya Azərbaycana girib-çıxır, amma türk girə bilmir”

 

Türkiyənin tanınmış qələm sahiblərindən biri, məşhur yazıçı Nihal Atsızın oğlu Yağmur Atsız “Star” qəzetində Azərbaycan hakimiyyətinin Rusiya və İsrailpərəst siyasət yürütdüyünü yazıb. “Bir millət, iki dövlət” başlıqlı məqalədə Azərbaycan iqtidarı bu mövqeyinə görə tənqid olunub.
Yazısına “İsrail qaynaqlı bir xəbərə görə, Türkiyə Bakıdakı səfirliyi vasitəsilə Azərbaycan hökumətini xəbərdar edərək İsraillə yaxın münasibət qurmamağı, Türkiyənin yanında olmağı istəyib. Xəbərin doğru olduğunu düşünürəm” deyə başlayan müəllif qeyd edir ki, müstəqilliyini qazanandan sonra Azərbaycanın Türkiyə ilə münasibətləri bir müddət çox yaxşı olub, lakin sonradan vəziyyət dəyişib.
“Sovet “nomenklaturasının” mənsubu olan Azərbaycan rəhbərliyi hər zaman Rusiyaya və ruslara meyillənib. Azərbaycanın keçmiş prezidenti və hazırkı prezidentin atası Heydər Əliyev KQB  generalı və “Sovet Politbürosu”na girməyi bacaran ilk azərbaycanlı idi. Heydər Əliyev 2002-ci ilin yanvar ayında Qəbələ RLS-i 165 milyon dollara ruslara kirayə verdiyi  zaman Moskva və Yerevan bunu bayram etdilər. “Trud”un 30 yanvar tarixli sayında “Əliyev vəfasını göstərdi!” başlığıyla bir xəbər yayıldı. “Armeniya Novosti”in 31 yanvar 2002 tarixli manşeti isə beləydi: “Qəbələ RLS artıq nəzarətimizdə!”, – deyə Yağmur Atsız yazır.
Tanınmış yazar daha sonra Azərbaycan ordusuna nəzarətin İsrailə təslim edildiyi haqda qeydlər verir: “İlk illərdə bu ordunu qurmaq və təlimlər keçmək türk zabitlərinə tapşırılmışdı. Bu gün onlar geri göndərilib və yerlərinə isralli zabitlər keçib. Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi bir milyard, Azərbaycan-İsrail arasında isə iki milyarddır. Azərbaycan Silahlı Qüvvələrinin silah-sursat ehtiyacları demək olar ki, bütünlüklə İsrail tərəfindən qarşılanır. Üstəlik Azərbaycan türklərə viza sərbəstliyi təmin etmir. Bu gün bir rus əlini-qolunu sallaya-sallaya Azərbaycana girib-çıxır, amma türk girə bilmir. İllərdir ağızlara saqqız edilən “Bir millət, iki dövlət” söhbəti yaxşıdır, xoşdur. Amma məncə, bizlər Azərbaycanda bu rusiyameyilli iqtidar hakimiyyətdə olduğu müddətdə qatığı üfləyərək yeməliyik”.

Qeyd edək ki, məqalənin dərc olunduğu “Star” qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yaxın media quruluşlarından biri kimi tanınır.