Qubad İbadoğlu: «Böhran ilində Azərbaycanın Israilə ixracatı Türkiyə ilə müqayisədə 11 dəfə çox olub»
Israilin nüfuzlu Ynetnews.com xəbər saytının məlumatına görə, 2010-cu ildə Azərbaycan ilə Israil arasında əmtəə dövriyyəsinin həcmi 2 milyard dolları aşıb. Bu isə Azərbaycanın Türkiyə ilə əmtəə dövriyyəsinin miqdarından iki dəfə çoxdur.
Rəsmi Ankaranın Azərbaycandan Israillə əlaqələrinə yenidən baxmağı istədiyini xatırladan Israil nəşri bildirir ki, Israil Bakı-Tiflis kəməri ilə özünün neft tələbatının 10-20 faizini ödəyir.
Türkiyənin Azərbaycandakı səfiri ölkəmizin Israil ilə əlaqələrinə yenidən baxmalı olduğu ilə bağlı açıqlama verdikdən sonra bir sıra dövlət rəsmiləri baş verənlərə münasibətlərini açıqlamışdı. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, hətta bildirmişdi ki, Türkiyə hazırda öz maraqlarını təkbaşına qorumaq iqtidarındadır.
Bəs görəsən, Azərbaycanla Israil arasında əmtəə dövriyyəsinin səviyyəsi ilə bağlı açıqlanan rəqəmlər nə dərəcədə həqiqətə uyğundur? Əmtəə dövriyyəsinin bu qədər böyük olması nəylə bağlıdır?
Iqtisadçı Qubad Ibadoğlunun sözlərinə görə, iki ölkə arasında əsasən ticarət əməliyyatları üstünlük təşkil edir. Q.Ibadoğlunun sözlərinə görə, əgər 2010-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 2 milyard olubsa, 2008-ci ildə bu göstərici 3,6ÿ milyard olub. Bu ticarət dövriyyəsinin kifayət qədər böyük olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, Israil ilə bu ticarət dövriyyəsinə görə Azərbaycan yalnız Italiya və ABŞ-dan geri qalır: “2008-ci ildə Azərbaycanın Israilə ixracatı Türkiyəyə ixracatdan beş dəfə çox olub. Əgər Türkiyə həmin il Azərbaycandan 626,2 milyon dollarlıq məhsul alıbsa, Israildə bu göstərici 3 milyard olub. 2009-cu ildə qlobal maliyyə böhranının təsiri ilə bu göstəricilərdə müəyyən azalma qeydə alınıb. Neftin qiymətinin aşağı düşməsi ilə Israil ilə Azərbaycan arasındakı ticarət dövriyyəsində həcmdə azalma olmasa da, dəyərdə azalma nəzərə çarpıb. Ona görə Azərbaycan Israildən 1 milyard 236 milyon mal ixrac edib. Amma Türkiyəyə münasibətdə bu göstərici 107,6 milyon dollar təşkil edib. Bu isə o deməkdir ki, böhran ilində Azərbaycanın Israilə ixracatı Türkiyə ilə müqayisədə 11 dəfə çox olub”.
Azərbaycanın Israilə ixracatının əsas hissəsinin xam neft olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, məbləğin böyüklüyü də sırf xam neftin qiymətinin yüksək olması ilə bağlıdır.
Xəyal



