Əliyevin kadr siyasətinin iflası

Rəhbərləri dəyişən nazirliklərdə keyfiyyət dəyişikliyi olmayıb

Azərbaycanda əksər nazirlər Heydər Əliyevin vaxtında təyin edilib. Onların bir çoxu artıq 16-17 ildir ki, eyni postu tutur. Ilham Əliyevin prezidentliyi dövründə yalnız bir neçə nazirlikdə rəhbər dəyişikliyi olub. Bu sahədə rekord Iqtisadi Inkişaf Nazirliyinə məxsusdur. 2005-ci ildən bu nazirlikdə iki dəfə rəhbər dəyişikliyi həyata keçirilib. Bundan əlavə, Ilham Əliyev səhiyyə, milli təhlükəsizlik, gömrük, maliyyə, əmək və əhalinin sosial müdafiəsi, mədəniyyət nazirlərini də dəyişib.
Lakin nazir dəyişiklikləri bu qurumlarda hər hansı müsbət dəyişikliyə səbəb olmayıb. Oqtay Şirəliyev nazir təyin ediləndən sonra səhiyyə müəssisələrində təmir və yenidənqurma işləri həyata keçirib, yeni tibb müəssisələri tikilib. Xəstəxanalarda xidmətə görə qeyri-rəsmi ödənişlər, rüşvət əvvəlki qaydasındadır. Gömrük Komitəsində rəhbər dəyişikliyi yalnız formal xarakter daşıyır. Çünki bu quruma əvvəlki kimi Kəmaləddin Heydərov nəzarət edir. Milli təhlükəsizlik nazirinin yenisi ilə əvəz olunması təhlükəsizlik sistemində hər hansı inkişafa səbəb olmadı. Əksinə, son illər ölkənin təhlükəsizliyinə təhdidlər artıb. Yeni nazirin gəlişindən sonra MTN daha çox polisin funksiyalarını yerinə yetirməyə başladı. Maliyyə və ƏƏSMN-də rəhbər dəyişiklikləri də ölkənin iqtisadi həyatında müsbət dəyişikliyə səbəb olmayıb. Bəs nazir dəyişikliyi niyə nazirliklərdə keyfiyyət dəyişikliyinə səbəb olmur?

Qubad Ibadoğlu: “Bütövlükdə sistemin islahata ehtiyacı var”

Iqtisadçı-ekspert Qubad Ibadoğlu maliyyə naziri dəyişəndən sonra bu sistemdə, dövlət maliyyə idarəçiliyində hələ heç bir islahatın həyata keçirilmədiyini deyir. Baxmayaraq bu sahədə müxtəlif istiqamətlərdə islahatlara ehtiyac var: “Dövlət maliyyə nəzarətinin artırılması, büdcə prosesinin şəffaflaşdırılması, eyni zamanda fiskal orqanların hesabatlılığının artırılması istiqamətində dəyişikliklər gözləyirik. Müəyyən görüləsi işlər var və bu, bütövlükdə hökumətin effektiv fəaliyyəti üçün vacibdir”.
Ekspert sosial müdafiə sahəsində yalnız pensiya islahatlarını qeyd etdi. Lakin bu, həmin sahədə yeganə uğurlu addım kimi göstərilə bilər.
Ekspert gömrük sistemində də əvvəlki illərdəki problemlərin müşahidə olunduğunu vurğuladı: “Bizim tədqiqatlar da göstərir ki, gömrük prosedurlarının şəffaflığında, xarici ticarət əməliyyatlarının qeydiyyatında xeyli problemlər var”. Q.Ibadoğlunun fikrincə, bu üç sistemin içində islahatlar aparmaq yalnız nazirlərin iradəsindən asılı deyil. Çünki mövcud rejim, hətta ən yaxşı nazirə də öz sahəsində problemləri həll etmək potensialını reallaşdırmağa ciddi problem yarada bilər: “Bu baxımdan bu gün hansısa sistemdəki problemi ayrı-ayrı nazirlərlə bağlaya bilmərəm. Hətta nazirliklərdə kadr dəyişiklikləri baş versə də, biz həmin sahədə daha yaxşı dövlət siyasətini müşahidə edə bilməyəcəyik”.
Ekspertin sözlərinə görə, bütövlükdə sistemin islahata ehtiyacı var.

Mehriban Vəzir: “Bu rejimdə tərəqqi adına hər hansı addımın atılmasını gözləmirəm”

Tanınmış publisist Mehriban Vəzir heç bir kadr dəyişikliyinin sistemi dəyişmədiyini deyir. Ekspertin sözlərinə görə, nazirliklərdə kadrları dəyişdirmək heç bir əhəmiyyət kəsb etmir: “Hər halda 1993-cü ildən bəri bunu görürük. Ona görə də optimist olmaq imkanımız və şansımız yoxdur. Heç nə dəyişə bilməz. Hardasa kadrların arasında sədaqət davası ola bilər. Başqa heç nə ola bilməz. Bu rejimdə tərəqqi adına hər hansı addımın atılmasını gözləmirəm”.

Sülhəddin Əkbər: “MTN-də nazir dəyişikliyi neqativ istiqamətlərdə dəyişikliyə səbəb oldu”

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər avtoritar rejimdə hər hansı nazirin siyasətdə köklü dəyişiklik yarada bilməyəcəyini deyir. Bununla belə, ekspert nazirin öz sahəsində müəyyən dəyişikliklər apara biləcəyini də vurğuladı. Buna misal kimi milli təhlükəsizlik nazirini göstərmək olar. Lakin onun həyata keçirdiyi dəyişikliklər mənfi istiqamətdə olub: “Namiq Abbasov Eldar Mahmudovla əvəz olunduqdan sonra MTN-də bir sıra istiqamətlərdə dəyişiklik aparıldı. Çox təəssüf ki, bu, neqativ istiqamətlərdə oldu. MTN-ə DIN-də yetişən kadrlar gətirildi və böyük vəzifələrə yerləşdirildi. Polisin iş metodları, davranış qaydaları MTN-ə gətirildi. Bu kadrların seçilməsində və yerləşdirilməsində ”ənənəvi” Azərbaycan metodları tətbiq olunmağa başladı. Eyni zamanda akademiyaya tələbə qəbulunda neqativ hallar üzə çıxdı. MTN-dən müxalifətə qarşı məxfi polis rolundan istifadə olunmağa başlandı. Əvvəlki nazirin dövründə də bu var idi. Ancaq çox məhdud dairədə. Amma indi daha geniş şəkildə tətbiq olunur”.
Ekspert MTN-də digər dəyişiklik kimi iqtisadi sferaya daha çox diqqətin göstərilməsini qeyd etdi.
S.Əkbərin sözlərinə görə, kəşfiyyat, əks-kəşfiyyat istiqamətində heç bir ciddi irəliləyiş olmayıb: “Müharibə edən, əlverişsiz əhatədə yerləşən, təhlükəsizlik mühiti mürəkkəb olan bir ölkənin MTN, onun əks-kəşfiyyat, kəşfiyyat idarələri aktiv fəaliyyət göstərməlidirlər. Amma çox təəssüf ki, bu istiqamətdə əsaslı dəyişikliyin olduğunu görmürük”.

Fizzə