Xalq şairinin oğlu prokurorluqdan niyə imtina edib?

Azər Vahabzadə Zakir Fərəcovla aralarında yaranmış konfliktə görə işdən çıxıb

Abşeron rayon prokuroru, xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadənin ərizə yazaraq işdən çıxmasının səbəbləri barədə maraqlı məlumatlar əldə etmişik.
Xatırladaq ki, baş prokuror Zakir Qaralovun sentyabrın 20-də imzaladığı əmrlə Azər Vahabzadənin iş yeri Qobustana dəyişdirilib. Xalq şairinin oğlu buna etiraz etsə də, nəticəsi olmayıb. Respublika Prokurorluğunun rəhbərliyi onun etirazlarını qəbul etməyərək Qobustan rayon prokuroru kimi vəzifəsinin icrasına başlamağı tövsiyə edib. Bundan sonra Azər Vahabzadə ərizə yazaraq işdən çıxıb.
Dünən əldə etdiyimiz məlumatlara görə, Azər Vahabzadənin bu addımına Abşeronun icra başçısı Zakir Fərəcovla aralarında yaranmış konflikt səbəb olub. Zakir Fərəcov xalq şairinin oğlu ilə işləmək istəmirmiş. Hər vəchlə Azər Vahabzadəni Abşerondan uzaqlaşdırmağa çalışan icra başçısı, nəhayət, istəyinə nail olub. Bu məsələdə Zakir Fərəcovun hakimiyyətdəki himayədarlarının da xüsusi rolunun olduğu söylənilir. Məhz onların müdaxiləsi ilə baş prokuror Azər Vahabzadənin yerini dəyişdirmək barədə əmr imzalamağa məcbur olub. Azər Vahabzadə isə prinsipiallıq göstərərək sona qədər Abşeronda işləməyə çalışıb. O, Zakir Qaralova təqaüdə çıxmağına çox az qaldığını deyib və xahiş edib ki, son iş yeri Abşeron prokurorluğu ilə olsun. Lakin baş prokuror bunun mümkün olmadığını bildirib. Azər Vahabzadə də əsəbiləşərək yeni təyinatdan imtina edib və ümumiyyətlə işdən azad olunması barədə ərizə yazıb.
Oxucuların diqqətinə çatdıraq ki, icra başçısı Zakir Fərəcov hakimiyyətdəki kürd qruplaşmasına daxildir. Onun əsas himayədarı prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur.

Informasiya şöbəsi