Məntiqinə bərəkallah, Əli Həsənov

“Iyirmi ildir ki, beynəlxalq təşkilatlar və iri dövlətlər Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktini həll edə bilmirlərsə, bir kənara çəkilib azərbaycanlılarla erməniləri üz-üzə tək buraxsınlar”.
Bu sözləri baş nazirin müavini Əli Həsənov deyib. Sonra da belə davam edib: “Bu, problemin həll olunması üçün lazım olan üç variantdan birincisidir. Bizi ermənilərlə üzbəüz tək buraxsalar, mane olmasalar, biz çox asan dil tapa bilərik. Neçə ildir ki, heç bir səbəb göstərmədən beynəlxalq təşkilatlar Azərbaycanın bu problemini həll edə bilmirlər, hüquqlarımız açıq-aşkar tapdalanır. Bu gün bir milyondan çox qaçqın mənə sual verir ki, bizim torpaqlarımız nə vaxt qayıdacaq, mən onlara cavab verə bilmirəm. Amma buna baxmayaraq həmin beynəlxalq təşkilatlar bizə hüquqdan dərs keçirlər”.
Daha sonra baş nazirin müavini bunları deyib – “əgər Azərbaycanı Ermənistanla üz-üzə tək buraxmaq istəmirlərsə,  o zaman ikinci variantı – problemin banisi olan Rusiya ilə danışsınlar. Əgər bunu da edə bilmirlərsə, heç olmasa Ermənistanda hazırkı qeyri-demokratik hakimiyyəti devirib, orada normal demokratik hakimiyyətin qurulmasına nail olsunlar”.
Doğrusu, bu sözlər YAP vurğunlarının – tutaq ki, Mübariz Əhmədoğlunun, Zahid Orucun, Fərəc Quliyevin, Asim Mollazadənin və ya Ilhamə Quliyevanin dilindən çıxsaydı,  heç bir reaksiya verməyəcəkdim.
Ancaq bu fikirlərin müəllifi Azərbaycan Respublikasının Baş nazirinin müavini və Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir.
Bir haşiyə – vəzifə məsələsində gerçəkdən Əli müəllimin bəxti dizinin üstündədir. 30 il əvvel Sumqayıta təyinatla göndəriləndə o, qorkomda deyəsən, katib idi. Sonra ispolkom müavini oldu. Daha sonra Ayaz Mutəllibovun səlahiyyətli nümayəndəsi, “Azərikimya” şirkətində vitse-prezident,  Ekologiya naziri, Qaçqınkomun sədri ve nəhayət, baş nazirin müavini təyin olundu.
Lütfən, bu qədər təcrübəsi olan bir adamın Dağlıq Qarabağ probleminin həllini tapması üçün irəli sürdüyü təkliflərə nəzər yetirin.
Nə qədər qəribə də olsa, Əli Həsənovun fikirləri ilə tanış olduqdan sonra Dağlıq Qarabağ məsələsi təzəcə gündəliyə çıxan zaman Moskvada bəzi qadın deputatlarımızın ermənilərin ağzını bağlatdırmaq üçün cadu oxuyaraq yaylıqlarının ucunu düyünləməsi yadıma düşdü.
Baş nazirin müavininin məntiqinə diqqət edin:
1. Bizi ermənilərlə üz-üzə tək buraxın;
2. Ruslarla danışın;
3. Ermənistanda qeyri-demokratik hakimiyyəti devirib orada normal demokratik hakimiyyət qurun.
Nə qədər bəsit və təəccüblü məntiq.
Məgər biz, onlarla xoruz döyüşdürür və ya it boğuşdururuq ki, regionda xüsusi strateji maraqları olan Qərb bizi ermənilərlə üz-üzə tək buraxsın?
Erməni Moskvaya sığınıb, bunu hər kəs bilir. Azərbaycan isə Qərb bir yana, qardaş Türkiyə ilə hərbi əməkdaşlıqdan çəkinir və ən maraqlısı da odur ki, Moskva ilə bu iqtidar qardaş münasibətdə olduğunu sərgiləyir. Əli müəllim, indi de görək Qərb iki qardaşın arasına necə girsin?
Lap gülməlisi, baş nazir müavininin təklif etdiyi üçüncü variantdır: “Ermənistanda qeyri-demokratik hakimiyyəti devirib orada normal demokratik hakimiyyət qurun”.
Əminəm ki, Əli Həsənov yoldaşın bu sözlərini oxuyanların sifətinə təbəssüm gələcək. Belə yerdə nə deyərlər? Deyərlər ki, öz gözündə tiri görməyən başqasının gözündə qıl axtarır.
Əli müəllimin müraciət etdiyi Qərb və beynəlxalq təşkilatlar Azərbaycanda demokratiyanın başına min oyun gətirildiyini car çəkir, adam Ermənistanda demokratik dövlət bərqərar olunmasını istəyir.
Məntiqinə bərəkallah, Əli müəllim!
Elə buradaca yazını tamamlamaq istəyirdim ki, yadıma Əli Həsənovun bir sözü də düşdü. Deyir ki, ERMƏNILƏRLƏ ÜZBƏÜZ QALSAQ, ASANLIQLA DIL TAPARIQ.
Mümkünsə, yoldaş Həsənov incələyin, hansı yolla dil tapa bilərik. Bəlkə bu diltapmada 30 min erməni gəlinimizdən istifadə olunacaq?
Və sonda bir sualım da var sizə. Deyə bilərsinizmi ki, Novxanıda özünüzə, oğlunuza və qardaşınıza məxsus o yan-yana villaların qiyməti təxminən nə qədər olar? Qaçqınkomun sədrinin mal varlığı yəqin ki, sizə “torpaqlarımız nə vaxt qayıdacaq” sualı verən bir milyon qaçqınımız üçün çox maraqlıdır.