Rusiyada son baş verənlərlə bağlı yazmamaq mümkünsüzdür. Mən bunu “ərəb baharı”na qarşı “rus payızı” adlandırardım.
Medvedevin prezidentliyi yenidən Putinə qaytaracağını açıqlaması Rusiyanın gələcəyi ilə bağlı optimizmin üstündən birdəfəlik xətt çəkir. Rusiyanın dəyişəcəyinə, demokratikləşəcəyinə, öz keçmişinin zərərli təcrübələrindən xilas olub, çağdaş, modern bir ölkəyə çevriləcəyinə ümidləri elə beşiyindəcə boğur. Bu mənzərəni üzülərək seyr etməmək mümkün deyil. Böyük dövlətçilik tarixi və zəngin mədəniyyəti olan bu nəhəng ölkənin düşdüyü vəziyyət ürək ağrıdır.
Başa düşürəm, yerbəyerdən deyəcəksiniz ki, özümüzün dərdimiz özümüzə bəsdir, Azərbaycana nə umac ovduq ki, Rusiyaya nə əriştə kəsək. Məncə, belə düşünmək kökündən yanlışdır. Rusiya tək-tük ölkələrdən biridir ki, Azərbaycanın daxili işlərinə aiddir. Ümumiyyətlə, bu gün Rusiyada yaşananlar əsla Rusiyanın daxili işi sayıla bilməz, çünki söhbət bütövlükdə dünya üçün bəşəri dəyərlərin təhlükə altına düşməsindən gedir. Baxın, bu gün Rusiyadakı ssenarinin oxşarını, kiçik miqyasda da olsa, Azərbaycan 2003-cü ildə “Ilham Əliyev-Artur Rəsizadə cütlüyü”nün ifasında yaşadı. Nəticəsi nə oldu? Böyük bir coğrafiyada despotik rejimlərin əli gücləndi, tutaq ki, Lukaşenko ən çətin anlarda ilham və borc alacağı dost qazandı. Bəşər Əsəd özünə yeni ailəvi dost tapdı və s. və i.a.
Dediyim odu ki, bizim kimi kiçik, dünya siyasətinə təsir gücü olmayan ölkədə baş tutan bir ssenari bu qədər ağır fəsadlar yaradırsa, indi görün o, Rusiya kimi nəhəng, dünyanın istiqamətini müəyyənləşdirməyə qadir ölkədə reallaşarsa nələr baş verəcək. Dünya demokratiyası ağır bir yara alacaq, “ərəb baharı” ilə diktaturanın son qalalarının yıxıldığını düşündüyümüz bir vaxtda ucsuz-bucaqsız bir ərazidə totalitarizmin xanədanı daha da güclənəcək. Bəli, “ərəb baharı” dünyada demokratiyanın tam qələbəsi üçün necə əvəzsiz bir tarixi hadisədirsə, “rus payızı” dünyada despotizmin tamamən məğlub olmaması üçün bir o qədər dəhşətli, qorxunc hadisədir.
Gəlin ümid edək ki, payızın ilk günlərində heç də xoş olmayan bu mənzərəni dəyişmək mümkün olacaq. Rus xalqı nəhayət ki, böyüklük göstərə, onun qüruru ilə bu qədər alçaqcasına oynayanların dərsini verə biləcək. Bu, həm də SSRI-yə görə Rusiyanın hələ də üzərində hiss etdiyi lənətin, qınağın, tənənin bəraəti olardı.
Qayıdaq Rusiyada indi yaşananların həm də Azərbaycanın daxili işi olmasına… Bəli, Rusiya tək-tük ölkələrdən biridir ki, Azərbaycanın daxili işlərinə aiddir. Təkcə ona görə yox ki, tariximizin 200 illik bir parçası onunla bağlıdır. Həm də ona görə ki, bu gün Azərbaycanın başında dayanan zehniyyət hələ də oradan mayalanır, oradan su içir. Ölkəni Kremlin direktivləri ilə idarə edir. Azərbaycandakı istənilən seçkinin halallığı Rusiyada verilir. Rusiya hakimiyyətin əlində daim Qərbi şantaj vasitəsi olaraq qalır. Demokratiya çağırışlarından boğaza yığılanda dərhal Moskvanın qoltuğuna sığınırlar.
Siz indiyədək görmüsünüzmü, bu hakimiyyət öz rəqiblərindən kimisə Rusiyaya işləməkdə günahlandırsın? Müxalifəti Irana işləməkdə, Amerikaya işləməkdə suçlayırlar, Avropaya işləməkdə suçlayırlar, amma Rusiyaya yox? Sizcə, niyə? Səbəbi nədir bunun?
Çətin suallar deyil bunlar. Cavabı hamıya məlumdur: Bu gün Azərbaycan hakimiyyəti öz varlığına görə indiki Rusiyaya borcludur. Indiki Rusiya onun qarantıdır. Indiki Rusiya onun təminatıdır. Indiki Rusiya onun üçün nümunədir. Məhz buna görə Rusiyada yaşanan son rəzalət həm də Azərbaycanın daxili işidir. Orada irticanın güclənməsi bizi birbaşa qayğılandırır. Necə ki, bunun əksi baş versə, orada irtica zəifləsə, sıradan çıxsa bu, burada bizim üçün toy-bayram olardı.
***
Və sonda: ölkədə Rusiyaya simpatiyası olan xeyli adamın olduğunu bilirəm. Bu simpatiyanın əsasən Rusiyanın zəngin mədəniyyətinə və ədəbiyyatına sevgidən irəli gəldiyini də başa düşürəm. Onlar bəzən bu sevgiyə o qədər aludə olurlar ki, Rusiyanın bugünkü ictimai-siyasi modeli haqqında tənqidlərə də dözümsüz yanaşırlar.
Amma çox nahaq yerə. Axı Rusiya artıq Dostoyevski yox, Putin deməkdir.