Qərb mətbuatı Putini Stalinə bənzətdi

Rusiya baş nazirinin yenidən prezidentliyə can atması ABŞ və Avropa mediasında hiddətlə qarşılanıb

Rusiyada Vladimir Putinin yenidən Kreml rəhbəri postuna iddiasını ortaya qoyması və hazırki prezident Dmitri Medvedevin onu dəstəkləməsi Qərb mediasının gündəmini zəbt edən hadisələrdən birinə çevrilib. ABŞ və Avropanın nüfuzlu mətbu orqanlarında Putinin yenidən hakimiyyətə qayıdışına dair müxtəlif analizlər yer alıb. Həmin qəzetlərdə dərc olunan məqalələrdə hazırki baş nazirin Krem rəhbəri postuna namizədliyi təyinat kimi dəyərləndirilir.

ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetinın yazdığına görə, Putinin prezident postunun tutmasıyla Rusiyada hər hansı hakimiyyət dəyişikliyi baş verməyəcək. Çünki ölkənin faktiki rəhbəri onsuz da hazırki baş nazir idi:“Bu yerdəyişmə məmurlar üçün siqnaldan başqa bir şey deyil. Liberal incəliklərə artıq əhəmiyyət verməmək olar”.

“The New York Times” isə Putinin yenidən Rusiya prezidenti postuna qayıtmasını əvvəlcədən planlaşdırılmış və bir çox ölkəyə təsir edəcək siyasi faciə adlandırıb.

“The Wall Street Journal” qəzeti baş nazirin namizədliyinin gözlənməz olmadığını yazıb. Qəzetin şərhinə görə, Putinin namizədliyinin açıqlanması sadəcə tacqoyma mərasiminin tarixini dəqiqləşdirib:“Putin və onun komandası hakimiyyətdə qala bilmək üçün azad cəmiyyətin müstəqil parlament, müstəqil məhkəmələr və başqa əsaslarını məhv edib”.

Avropanın nüfuzlu mətbu orqanlarından biri hesab edilən “The İndependent” qəzeti isə Putinin əvvəlki prezidentliyi dövründə sosial sabitliyə nail olunduğunu xatırladaraq baş nazirin yenidən ölkə başçısı olmasını mənfi hal adlandırıb: “Son onilliklərdə xeyli çətinlik görmüş rus xalqının daha yaxşı şeylərə haqqı çatır”. Hazırki prezident Medvedyevin vəziyyətə nəzarət etmədiyini yazan qəzet Kreml rəhbərinin asanlıqla geri çəkilməsini “nadir hadisə” kimi dəyərləndirib:“Bundan belə nəticə çıxarmaq olar ki, onu prezident seçən də elə Putin olub”.

İngiltərənin başqa bir qəzeti “The Guardian” Putinin yeni prezidentliyi dönəmində Rusiyanın xarici siyasətinin daha da aqressivləşəcəyini bildirib:“Prezidentliyinin ilk səkkiz ilində Qərbin riyakarlığı və ikili standartları haqqında istehzalı bəyanatlar verən keçmiş “KQB” agentinin yeni “töhfə”lərlə çıxış edəcəyi tamamilə gözlənəndir”. Məqalədə o da vurğulanır ki, gələcəkdə Rusiyada partiyalı sistemin idarəmiliyi altında uzunmüddətli siyasi və iqtisadi durğunluq yaşanacaq. Hakimiyyətdən gedəcəyi halda məhkəmə qarşısında durmaq qorxusundan Putin hakimiyyətdə mümkün qədər çox qalmağa çalışacaq.

“The Times” qəzeti isə Putinin yenidən hakimiyyətinə daha sərt münasibət bildirib:“Putin elə bir sinizmin, utanmazlığın və demokratiyaya nifrətin altına imza atmış oldu ki, Silvio Berluskoni onunla müqayisədə çox təvazökar görünür. Rusiyada demokratiyanın süqutunu və “kremlinal”ın təntənəsini heç nə bu qədər aşkar üzə çıxara bilməzdi. Putinizm – yeni stalinizmdir”.

Xatırladaq ki, sentyabrın 24-də Rusiyanın dövlət başçısı Dmitri Medvedyev baş nazir Vladimir Putini növbəti prezident seçkisində namizəd olmağa çağırıb. Çağırış hakim “Vahid Rusiya” Partiyasının Moskvada keçirilən qurultayında səsləndirilib. Vladimir Putin isə başçılıq etdiyi partiyanın üzvlərinə səslənərək 2012-ci il martın 4-də keçiriləcək prezident seçkisində namizəd olmağa razılaşdığını bildirib. Putun prezident seçiləcəyi təqdirdə indiki dövlət başçısı Dmitri Medvedyevin baş nazir kürsüsünü tutacağına inandığını vurğulayıb.

İnformasiya şöbəsi