Eldar Həsənovla Cavid Qurbanov kimə qarşı birləşib?

Bu məsələdə adı hallandırılan İmamverdi Cəfərov sərt danışdı

“Mənə olunan xəyanətə layiqli cavab verməyi bacarıram. Bunun üçün mənim geniş imkanlarım və çox böyük cəsarətim var”

 

Uzun müddət aralarında ziddiyyət olan “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovla Azərbaycanın Rumıniyadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənov barışıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, barışıq təklifi Eldar Həsənovdan gəlib. Keçmiş baş prokuror Cavid Qurbanovun hakimiyyətdə və kəlbəcərlilər arasında nüfuzlu şəxsə çevrildiyini görərək, onunla münasibətləri qaydaya salmaq məcburiyyətində qalıb.
Oxucuların diqqətinə çatdıraq ki, Cavid Qurbanovla Eldar Həsənov Kəlbəcər klanına rəhbərlik uğrunda daim amansız mübarizə aparıb və bu barədə mətbuatda dəfələrlə yazılıb. Görünür, Eldar Həsənov artıq bu mübarizədə məğlub duruma düşdüyünü anlayıb.
Məlumatda həmçinin qeyd edilir ki, Cavid Qurbanov bu barışıqdan başqa bir rəqibi İmamverdi Cəfərova qarşı istifadə etmək istəyir. Deputat düşünür ki, bu məsələdə vaxtilə İmamverdi Cəfərovla dostluq münasibətləri olan Eldar Həsənovun xidmətlərindən yararlanıb rəqibi üzərində mütləq qələbə qazana bilər.
Bu məlumat bir neçə gün əvvəl redaksiyamıza daxil olsa da, İmamverdi Cəfərovun mövqeyini öyrənə bilmədiyimiz üçün dərc etmirdik. Onun xarici ölkələrin birində müalicə olunduğu deyilirdi. Nəhayət, dünən İmamverdi Cəfərovla əlaqə saxlaya bildik.
O, Eldar Həsənovla Cavid Qurbanovun barışmasında qeyri-adi heç nə görmədiyini dedi: “Burada qəribə heç nə yoxdur. Təki barışsınlar. Mən istərdim ki, hamı bir-birilə mehriban olsun. Və bu mehribanlıq səmimiliyə söykənsin. Yeri gəlmişkən, vaxtilə mən özüm də çalışmışam ki, həmin şəxslərin arasındakı ziddiyyətlər aradan qalxsın. Təəssüf ki, cəhdlərim nəticə verməyib. Əgər indi doğrudan da barışıblarsa, bu, məni sevindirir. Amma yenə də təkrar edirəm ki, bu münasibətlər səmimi olmalıdır”.
Bu barışığın ona qarşı yönələcəyilə bağlı deyilənlərə gəlincə, İmamverdi Cəfərov bunu gülüşlə qarşıladı: “Bu çox gülməlidir. Əvvəla, Cavid Qurbanovla mənim aramda şəxsi zəmində hər hansı problem yoxdur. Biz sadəcə seçkidə rəqib olmuşuq. Siyasi baxışlarımız fərqlidir. Mən Azərbaycanda demokratik cəmiyyətin qurulmasının, azad və ədalətli seçki keçirilməsinin, qanunun aliliyinin tərəfdarıyam, deputat isə bir qədər fərqli düşünür. Fərqli düşünmək düşmənçilik anlamına gəlməməlidir. Mən bu gün vətəndaşlarımızın hüquqlarının müdafiəsi uğrunda mübarizə aparanların sırasındayam. Sabah Cavid Qurbanovun hüquqları pozulsa, mən onu da müdafiə edərəm. Çünki etiraf etmək lazımdır ki, bu şəxsin də müsbət işləri olub. Məncə, deputat da belə düşünür. Yəni, o da bilir ki, bizim aramızda şəxsi düşmənçilik yoxdur. Ola bilər ki, Eldar Həsənov mənimlə bağlı öz xidmətini ona təklif etsin. Həmişə böyük hörmətlə yanaşdığım Eldar müəllim belə istəyirsə, qoy belə olsun. Amma bir məsələ var ki, mənim hər iki tərəflə çox yaxın və səmimi münasibətlərim olub. Elə bu səmimiliyimə görə də hər iki tərəf bir-birləri barədə mənimlə səmimi olublar, bir-birlərinin üzünə deyə bilmədikləri ciddi faktları mənə açıqlayıblar. İndi mən istəməzdim ki, bütün ictimaiyyət bu faktları bilsin. Ona görə də yaxşı olar ki, hər kəs öz işilə məşğul olsun və vaxtını cılız intriqalara ayırmasın. Bir məqamı da qeyd edim ki, mən həmişə xəyanətdən uzaq olmuşam, etibardan, səmimilikdən sui-istifadə etməmişəm. Amma xəyanəti də bağışlamıram. Və mənə olunan xəyanətə layiqli cavab verməyi bacarıram. Bunun üçün mənim geniş imkanlarım və çox böyük cəsarətim var”.
İmamverdi Cəfərov adıçəkilən şəxslərlə bağlı hansı faktlara malik olması barədə isə danışmaq istəmədi: “Bunları açıqlamağa hələ ehtiyac yoxdur. Gözləyək, baş verənlərə tam aydınlıq gəlsin. Bundan sonra hansı addım atacağımı müəyyənləşdirəcəm”.

Mehri Hüseynova