
Aqil Səmədbəyli: «Hazırda cəmiyyətin əsas diqqətinin 2 aprel məhbuslarının məhkəməsinə fokuslaşmasına çalışırıq»
İctimai Palatanın Türkiyə ilə Azərbaycan arasında münasibətlərlə bağlı sentyabrın 28-nə planlaşdırdığı dinləmələr təxirə salınıb. Bu barədə qərar İctimai Palatanın Koordinasiya Şurasının (İP KŞ) növbədənkənar toplantısında qəbul edilib. Dinləmələrin təxirə salınmasına səbəb 2 aprel məhbuslarına məhkəmədə dövlət ittihamçısının ağır cəza istəməsi olub.
Bu barədə qəzetimizə məlumatı İP KŞ-nın üzvü Aqil Səmədbəyli verib. Onun sözlərinə görə, KŞ hazırda cəmiyyətin əsas diqqətinin bu məsələyə fokuslanmasına, gündəmdə əsas məsələnin 2 aprel məhbusları ilə bağlı olmasına çalışır. Bundan başqa KŞ-nın 28 sentyabra planlaşdırılan ənənəvi toplantısı da təxirə salınıb. A.Səmədbəylinin sözlərinə görə, hazırda əqidədaşlarına qarşı aparılan məhkəmə prosesi ilə bağlı sentyabrın 29-da İP rəhbərliyi 2 aprel məhbuslarının işi ilə bağlı mətbuat konfransı keçirəcək. Mətbuat konfransı Müsavat Partiyasının qərargahında saat 12-də baş tutacaq.
KŞ toplantısında eyni zamanda hazırda vəkillərə olan təzyiqləri də müzakirəyə çıxararaq, hakimiyyətin addımlarını ədaləti müdafiə sistemini tamamilə sıradan çıxarmaq cəhdi kimi qiymətləndirib: «Toplantıda Azərbaycanın adının bu dəfə boks qalmaqalı ilə bağlı rüşvət və korrupsiyada halanması pislənib. Koordinasiya Şurası məsələ ilə bağlı hakimiyyətin həm xalqa, həm də beynəlxalq ictimaiyyətə açıqlama verməsi tələb olunub. Bütün bunların fonunda mətbuata olan təzyiqlər də pislənilib». KŞ üzvləri Rusiyada cərəyan edən son prosesləri də diqqətdən kənarda qoymayaraq, baş verənlərin Azərbaycana mümkün təsirləri istiqamətində fikir mübadiləsi aparıblar.
A.Səmədbəylinin sözlərinə görə, İP-nın növbəti sessiyasının gündəliyi ilə bağlı müzakirələr aparılıb. Toplantı oktyabrın 1-də, saat 12-də Müsavat Partiyasının qərargahında keçiriləcək.
Xəyal



