Müxalifətdən YAP-ın debat təklifinə cavab

Belə bir arxayınlıqları varsa, buyurub gəlsinlər

“Müxalifət partiyaları iddia edirlər ki, guya onlar televiziyalara buraxılmırlar, halbuki özləri gəlməyə qorxurlar. Debata onların heç biri çıxa bilmir. Halbuki indiyə qədər onlar neçə dəfə televiziya kanallarına debatlara dəvət olunsalar da, son anda gəlməkdən imtina ediblər, öz müavinlərini, müşavirlərini göndərəcəklərini deyiblər”. Bu barədə “Trend”ə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib.
“Müxalif partiyalar iddia edirlər ki, onlara efir verilsin və çıxış edərək öz təbliğatlarını aparsınlar. Bu isə mümkün deyil. “Isa Qəmbər də, Əli Kərimli də gəlsinlər televiziya debatlarına, diskussiya edək. Mən onlara ictimaiyyətin qarşısında sübut edim ki, onlar insanları qızışdırıb, yolundan azdırıb xarici dövlətlərdə işləməyə təhrik edən adamlardır”, – deyə YAP icra katibinin müavini bildirib.
AXCP mətbuat xidmətindən “Azadlıq”a bildirdilər ki, partiya istənilən ciddi bir təşkilatla, siyasi qurumla polemikaya hazırdır: “Siyavuş Novruzov ranqında polemikaya partiyanın xeyli sayda funksionerləri var. AXCP sədri YAP-ın sədriylə, ya da başqa variant kimi Ramiz Mehdiyevlə debata çıxa bilər. Cəsarətləri çatırsa, çıxsınlar. Inanmırıq ki, Ilham Əliyev hakimiyyətdə olduğu vaxtda törətdiyi cinayətlərə görə, xüsusilə bu cinayətləri ifşa eləmiş AXCP sədri ilə debata çıxa bilər. Belə bir arxayınlıqları varsa, buyurub gəlsinlər. Siyavuş Novruzov səviyyəsində AXCP-də funksioner yoxdur, ancaq debat üçün bir adam taparıq”.
Müsavat başqanının müavini Tofiq Yaqublu isə deyir ki, belə bir debat olarsa, dəyərləndirmək olar: “Məhkəmədə olan biabırçılıqları ekran qarşısında hamıya göstərmək olar. Insanlar hansı hüquqlarından yararlanmaq istədiklərinə görə cinayət işi qaldırılması sübut olunar”.
Tofiq Yaqublu qeyd etdi ki, sıravi müsavatçı Siyavuş Novruzovla debata çıxarsa, onun daşını-daş üstə qoymaz: “Ancaq rəhbərlik səviyyəsində debatı dəyərləndirmək Əli Kərimli ilə Isa Qəmbərin işidir”.

Ramin DEKO