Vicdan məhbuslarına 2 il yarım-3 il «iş» istənildi
Vəkil müdafiə çıxışında Arif Hacılını başqanlığa namizəd irəli sürdü
Ictimai Palatanın 2 aprel aksiyasına görə həbs olunan Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidlinin işi üzrə ötən gün Səbail rayon məhkəməsində proses davam etdirildi.
Mavr öz işini bitirdi
Hakim Famil Nəsibovun sədrliyi ilə başlanan iclasda ilkin olaraq dövlət ittihamçısı Ceyhun Kazımov mühakimə olunanlara cəza istədi. Dövlət ittihamçısı cinayət işinin tam sübut olunduğunu “əsaslandıraraq” A.Hacılının, M.Məcidlinin, T.Abbaslının 3 il, F.Qəhrəmanlının isə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsini istədi.
AXCP yetkilisinə nisbətən az iş istəməsini prokuror onun himayəsində 2 azyaşlı uşağın olması ilə əlaqələndirdi. Dövlət ittihamçısı polis nəzarəti altında olan F.Qəhrəmanlının barəsində olan həbs-qətiimkan tədbirinin dəyişdirilməsini və onun da məhkəmə zalında həbs olunmasını hakimdən xahiş etdi.
Prokurorun çıxışı dərhal etiraz yaratdı, vicdan məhbusları onu məhkəmə istintaqını təhrif etməkdə suçladılar. A.Hacılı prokurordan etdiyi çıxışın mətnini istədi, Kazımov isə bunu edə bilməyəcəyini bildirdi. A.Hacılı isə bunu müdafiə imkanlarının məhdudlaşdırılması kimi dəyərləndirdi. O dedi ki, bu çıxışa cavab olaraq müdafiə nitqi hazırlamalıdır. Hakim söz verdi ki, prokurorun çıxışını bir günə çatdıracaq. Öz çıxışından sonra prokuror, demək olaraq ki, prosesə etinasız yanaşdı, vəkillərin çıxışı zamanı o, uzun-uzadı telefonla danışırdı.
Azərbaycan hüquq- mühafizə orqanlarında mübhəm sevgi
![]()
Bundan sonra müdafiə nitqi ilə A.Hacılının vəkili Osman Kazımov çıxış etdi. Vəkil Azərbaycanın azadlığı və demokratikləşməsi üçün mübarizə aparan insanlara qarşı hüquq-mühafizə orqanlarının cinayətkarlardan, oğrulardan istifadə edilməsini biabırçı hal kimi dəyərləndirərək bir xatırlama etdi və prokuror Kazımovun yalan və qurama işlərə aludə olduğuna eyham vurdu.
Osman Kazımov dedi ki, 2007-ci ildə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin vəkili olan zaman da dövlət ittihamçısı Ceyhun Kazımov olub. Ceyhun Kazımov o zaman da indiki kimi yalançı şahid olan Sevgiladə Quliyevaya anlaşılmaz sevgi və sayğı duyaraq Qənimət Zahidin şərlənməsinə şərait yaradıb: “Biz o zaman Sevgiladənin cinayətkar və axtarışda olduğunu hər məhkəmə iclasında desək də, prokuror Kazımovun və məhkəmənin Sevgiladəyə bəslədikləri kor məhəbbət bizim dediklərimizə əhəmiyyət verilməsinə mane oldu. Nəticədə az keçmədi Sevgiladə özü oğurluq və narkotik satışına görə həbs olundu. Indi də eyni ittiham bu məhkəmədə də təkrarlanır. Iş üzrə üzə duranların kimlər olduğuna diqqət yetirəndə hər şey aydın olur. Bütün bunların hamısı biabırçı haldır. Oğurluq, digər ağır cinayət törətmiş və məhkum olunmuş şəxslərdən istifadə etməklə azadlıq uğrunda mübarizə aparan şəxsləri həbs etməyə nail olurlar”.
Məhbəsdən başqanlığa

A.Hacılının günahsız olduğunu deyən vəkil Müsavat Partiyasının Divan üzvü olaraq, partiyanın qarşıdan gələn qurultayında A.Hacılının başqanlığa namizədliyini irəli sürdüyünü açıqladı. O.Kazımov qurultay üzvlərinə çağırış edərək onlardan A.Hacılıya səs verməyi xahiş etdi. Bu təklifin sənəd kimi cinayət işinə tikilməsini tələb edən vəkil dedi ki, gələcək nəsil onlarla tanış olanda xalqın mənafeləri uğrunda çalışanların və buna mane olanların kimliyini öyrənəcək.
Biz tələb edirik ki…
A.Hacılının başqa vəkili Əsabəli Mustafayev bildirdi ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı mühakimə olunanların əməlləri sübuta yetirildi. Istintaq orqanının kifayət qədər faktlar ortaya qoya bilmədiyini xatırladan vəkil bildirdi ki, məhkəmədə ifadə verən polislər icazəsiz aksiyanın keçirilməsindən danışıblar: “Lakin burada mühakimə olunanlar icazəsiz aksiyanın keçirilməsinə görə yox, asayişin pozulmasına görə mühakimə edilirlər. Ancaq nə şahidlər, nə də ki prokuror çıxışında bu fakta istinad etdi. Çünki icazəsiz aksiya anlayışı yoxdur. Burada mühakimə olunanlar dinc aksiya keçirmək istəyib. Azərbaycan ATƏT-in üzvüdür, bu qurumun sərbəst toplaşmaq haqqında bir neçə bənddən ibarət qanunu var. Həmin qanunun bəndlərindən birində sərbəst toplaşmaq haqqında prezumpsiya var. Dövlət də həmin qanunun tələblərinə əməl etməlidir. Sərbəst toplaşmaq hüququnun qarşısının alınmasına qanun yol vermir. Biz tələb etdik ki, Bakı şəhər Icra Hakimiyyətinin, Bakı şəhər Baş Polis Idarəsinin rəhbər şəxsləri məhkəmədə dindirilsinlər, onlar aksiyanın keçirilməsinə mane olmalarının səbəblərini izah etsinlər. Lakin məhkəmə bunu müzakirə etməkdən yayındı”.

Vəkil daha sonra bildirdi ki, Bakı Icra Hakimiyyəti aksiyanın keçirilmə yeri kimi 20-ci sahəni göstərməklə, oranın mitinqin keçirilməsi üçün yararsız olmasını nəzərə almayıb. Belə olan halda da, prosesin sonda zorakılıqla nəticələndiyini qeyd edən A.Mustafayev bildirdi ki, şəhərin mərkəzində aksiyanın keçirilməsindən bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri təxribatların ola biləcəyi ilə bağlı bəyanatlar səsləndiriblər. Onun sözlərinə görə, bundan istifadə edən təxribatçı qruplar aksiya keçirilən gün öz işlərini görməyə başlayıblar. 2 aprel mitinqindən bir gün əvvəl DIN-nin rəhbər şəxsləri icazəsiz aksiyanın keçirilməsinə, kütləvi ixtişaşların qarşısının alınmasına yol verilməyəcəyi barədə bəyanatlar veriblər: ?Mən də məhkəməyə həmin mitinqin keçirilməsi üçün nəzərdə tutulan bəyanatı təqdim etdim. Prokuror həmin bəyanata təhrif olunmuş formada istinad etdi. Lakin həmin bəyanatı cinayət işinə əlavə etməkdə məqsədim mitinqin dinc şəkildə keçirilməsindən söhbət getməsi idi. Hətta həmin bəyanatda təxribatlara uymamaq barədə çağırışlar da olub”.
“Sübut yoxdur”
Vəkil onu da qeyd etdi ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin cinayət törətmələrini sübuta yetirən fakt ortaya qoya bilməyib. Vəkilin sözlərinə görə, A.Hacılı ittiham aktında iki epizodda ittiham edilir: “Arif Hacılı aksiyanın həm təşkilatçısı, həm də fəal üzvü kimi təqdim edilir. Lakin bununla bağlı ittiham tərəfi ortaya sübut qoya bilməyib. Ictima Palatada mitinqin keçirilməsi üçün fərdi qaydada qərar verilmir. Bu, yalnız qurumun ümumi qərarı ilə həyata keçirilir”.
Vəkil onu da bildirdi ki, aprelin 2-də cinayət törədilib, obyektlərin şüşəsi sındırılıb: “Bəli, burada cinayət törədilib, lakin cinayətin kimin tərəfindən törədilməsi müəyyən edilməyib. Mətbuatda aksiya zamanı cinayət törədənlərin şəkilləri, adları qeyd edilsə də, prokurorluq həmin faktları araşdırmaqda maraqlı olmayıb. Mətbuatda gedən faktları araşdırmaq prokurorluq üçün əsas olmalıdır, lakin nədənsə prokurorluq bunu əsas görməyib. Təxribatçı qruplarla bağlı prokurorluqda araşdırma aparılsa da, həmin araşdırmaların nəticəsi məlum deyil. Biz məhkəməyə həmin istintaqın nəticəsi barədə məlumat verilməsini tələb etsək də, bizim vəsatətlərimzi məhkəmə qəbul etmədi”.

Vicdan məhbusları artacaq
“Amnesty International”ın A.Hacılının və T.Abbaslının vicdan məhbusu elan etməsi barədə məsələyə toxunan vəkil bildirdi ki, həmin qurum vicdan məhbuslarını nadir hallarda elan edir. Onun sözlərinə görə, belə getsə, yaxın vaxtlarda “Amnesty International”ın Azərbaycana dair vicdan məhbusu ilə siyahısında say 20-ni keçəcək. Dövlət ittihamçısının çıxışında tutarlı sübutlar ortaya qoymadığını deyən vəkil, A.Hacılıya bəraət verilməsini istədi.
Avropa mitinqi bizdən öyrənməlidir

Daha sonra F.Qəhrəmanlının vəkili Rəfael Əliyev çıxış etdi. R.Əliyev istintaqın mitinq keçirməyi cinayətkar əməl, kütləvi aksiyaların mənfi bir hadisə kimi səciyyələndirməsini tənqid etdi. O bildirdi ki, heç kim Azərbaycanın müstəqilliyinin əldə olunmasında meydan hərəkatının, mitinqlərin rolunu unutmayıb: “Azərbaycanda ciddi mitinq mədəniyyəti formalaşıb. Biz bunu 2 aprel aksiyasında da gördük. Bu aksiya kifayət qədər dinc və sivil formada keçirilib. Hesab edirəm ki, 2 aprel aksiyası Fransa, Ingiltərə, Yunanıstan vətəndaşları üçün kifayət qədər örnək ola bilər. Biz o ölkələrdəki aksiyalardakı şiddət və zorakılığın heç 0.1 faizini də 2 apreldə görməmişik”.
Vəkil F.Qəhrəmanlının barəsində bəraət hökmünün çıxarılmasını istədi.
Yavər Hüseynin təntənəsi
T.Abbaslının vəkili Yavər Hüseyn isə 1 saatdan çox çəkən çıxışında ittiham hökmünü və prokurorun səsləndirdiyi fikirləri bənd-bənd darmadağın etdi. O, cinayət işinin qurulmasının siyasi sifariş olduğunu bəyan etdi və çıxışı boyunca faktlarla əsaslandırdı ki, əsl cinayətkar müttəhimlər kürsüsündə oturanlar yox, belə bir işi məhkəməyədək gətirən hüquq-mühafizə orqanlarıdır. Vəkil vicdan məhbuslarını xalqın qəhrəman övladları adlandıraraq dedi ki, bu həbslə cəmiyyətdə qorxu xofu yaratmağa çalışıblar: “Bu gün bu şəxsləri tutmaqla heç nəyə nail olmayacaqlar. Bu gün Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı, Məhəmməd Məcidlini tutmaqla nəyinsə qarşısını almaq mümkün olmayacaq. Çünki bizim hər birimiz Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı, Məhəmməd Məcidli olacağıq. Bu üsulla prosesin qarşısını almaq qeyri-mümkündür”.
Əli Kərimli və Isa Qəmbər həbs olunmalı imiş
Bakı şəhər prokuroru Əziz Seyidovun 2 aprel aksiyasından bir gün öncə AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Isa Qəmbərə xəbərdarlıq məktubu təqdim etməsinin pərdəarxası məqamına toxunan vəkil, xəbərdarlığın mahiyyətini izah edərək bildirdi ki, əslində, öncədən məqsəd hər iki liderin həbsi olub. Lakin partiya rəhbərləri həmin iltizama imza atmamaqla hakimiyyətin planlarını alt-üst ediblər: “Bu planları baş tutmadığı halda, istintaq partiyanın rəhbərliyinə yaxın olan şəxsləri tutub”.
Işgəncə
Yavər Hüseyn müdafiə etdiyi şəxsin və o biri vicdan məhbuslarının həbsi zamanı onların işgəncələrlə üzləşdiyini, saxlandıqları andan keyfiyyətli hüquqi yardım almaq imkanlarının məhdudlaşdırılmasını da qanunsuzluq kimi qeyd etdi.
Üzəduranlar
Vicdan məhbuslarının üzünə duran şəxslərin cəmiyyət arasında heç bir nüfuza malik olmadığını, onların əksəriyyətinin narkoman və tüfeyliliyini vəkil şahidlərin anket məlumatları və ifadələri əsasında bir daha xatırlatdı. O, bu cür insanlardan ifadəsinin mötəbər olmadığını hakimin nəzərinə çatdırdı.
Polisdə və avtomobillərdəki xəsarətlər
Iş üzrə, guya, zərərçəkən kimi göstərilən 26 polis barəsində danışan vəkil iddianın cəfəng olduğunu vurğuladı. O dedi ki, bu qədər polisi zədələyənlərdən bir nəfərin də tutula bilməməsi ən yaxşı halda Azərbaycan polisinin qabiliyyətsizliyini göstərir.
Vəkil dedi ki, eskpert rəyində polislərdəki xəsarətin yetirilmə mexanizminin göstərilməməsi əsaslı şübhə yaradır ki, xəsarətlər 2 apreldə yaranmayıb.
Polis avtomobilləri ilə bağlı da eyni halın olduğunu vurğulayan vəkil Y.Hüseyn dedi ki, istintaq Bakı şəhərində nə qədər maşın xəsarəti var, onları məsuliyyət hissi duymadan aksiyaçıların adına yazıb. Bu maşınlarda isə elə xəsarətlər var ki, onları aksiyaçıların törətməsi, sadəcə, mümkün deyil. Məsələn, bir polis avtomobilində içəridən çölə açılan 3 güllə deşiyi var: “Aksiyaçı bu deşiyi içəridən çölə necə aça bilər?”.
***
Ənənəvi olaraq bu dəfə də vicdan məhbusları məhkəmədən aparılarkən, bura toplaşan müxalifətçilər “Azadlıq” və “Istefa” şüarları ilə aksiya keçirdilər.
Məhkəmə sentyabrın 28-də davam etdiriləcək.
Natiq Güləhmədoğlu



