“Həbslər bizi yolumuzdan döndərə bilməz”

 

Fuad Qəhrəmanlı prokurorun həbs istəyinə münasibət bildirdi

“Qarşıdakı günlərdə həbsxanaya hazırlıq işləri ilə məşğul olacam. Şəxsi planda hazırlıq işləri var, qısa müddətdə onları başa çatdırmalıyam ki, heç olmasa müəyyən işləri sahmana sala bilim. Bu da mənim qismətimdir”. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı “Media forum” saytına açıqlamasında belə deyib.

 

İctimai Palatanın 2 aprel mitinqinə görə barəsində cinayət işi açılan şəxslərdən biri də Fuad Qəhrəmanlıdır. O, aksiya zamanı həbs olunsa da, sonradan qərar dəyişib və polisin nəzarətinə verilməklə azadlığa buraxılıb. Sentyabrın 26-da Səbail Rayon Məhkəməsində prokuror Fuad Qəhrəmanlının 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

“Media forum”a açıqlamasında Fuad Qəhrəmanlı bildirib ki, Azərbaycanda yaşadığını heç vaxt yaddan çıxarmır: “Burada qanunun nəzərə alınmadığını, qanunsuzluğun adiləşdiyini gündəlik həyatımızda da çox görmüşük. İstər mənə, istərsə də digər müxalifətçilərə cəza verilməsi təklifi açıq formada qanun pozuntusudur, siyasi repressiya xarakteri daşıyır. Ona görə də silahdaşlarım həbs olunduğu halda mənim azadlıqda qalmağım özümə təəccüblü gəlirdi. Görünür, “siyasi səhvlərini” düzəltmək istəyirlər. Belə azadlıqdan məhrumetmələr, müxtəlif formada təzyiqlər bizi yolumuzdan döndərə bilməz. Biz sonadək mübarizə aparacağıq. Biz mübarizə yolu seçərkən onun necə çətinliklərdən, həbsxanalardan keçdiyini əvvəldən bilirdik. Bu, bir xəta deyil ki, iradəmizdən, şüurumuzdan kənarda baş versin, ona təəccüblənək. Belə halları əvvəldən nəzərə almışıq, istənilən mübarizəyə tam hazırıq.

Mənim həbsim AXCP-də hər hansı bir axsamaya səbəb ola bilməz. Xalq Cəbhəsi Partiyasında kifayət qədər bacarıqlı, qabiliyyətli insanlar var”.