
Ölkə ictimaiyyəti muxtar respublika ilə bağlı həyacan təbili çalır
“İlham Əliyev Naxçıvandan siyasi poliqon kimi istifadə edir”
Ötən bazar günü Azərbaycan Demokrat Partiyasının qərargahında “Vətəndaş Hərəkatı” təşəbbüs qrupunun təşkilatçılığı ilə Naxçıvana həsr edilmiş konfrans keçirilib. Konfransda əslən Naxçıvandan olan ictimai-siyasi fəallarla yanaşı, ölkənin siyasi partiyalarının nümayəndələri, ziyalılar iştirak edib. Təşəbbüs qrupunun koordinatoru Ibrahim Ibrahimli konfrans iştirakçılarını salamladıqdan sonra tədbirin məramı barədə məlumat verib: “Soyuq müharibə dövründən qalma dünya düzəni dəyişir. Yeni dünya düzəni demokratik dəyərlər üzərində qurulur. Demokratik proses dünyada strateji bir xarakter alıb. Indiyə qədər mövcud olan problemlər məhz məzmun və forma ilə ziddiyyətlərdən irəli gəlirdi. Dünya dəyişir, dünyanın siması dəyişir, yeni dünya düzəninin əsas prinsiplərindən olan şəffaflıq, sosial ədalət prinsipləri önə çəkilir. Amma təəssüflər olsun ki, Azərbaycan dəyişmir. Dünya irəliyə gedir, Azərbaycan geriyə addımlayır. Dünya daha təkmilləşmiş demokratik modellərdən istifadə edir, idarəçilik modelləri üzərində diskussiyalar aparılır, Azərbaycan isə orta əsrlərə doğru gedir. Azərbaycan konstitusiyalı monarxiya qurmaq cəhdində bulunur, sülalə rejimini bərpa edir”.
“İyrənc metodlar əvvəlcə Naxçıvanda sınaqdan çıxarılır”
I.Ibrahimli daha sonra Naxçıvan probleminə toxunub: “Heydər Əliyev Naxçıvandan hakimiyyətə gəlmək üçün tramplin kimi istifadə edib. Bu gün isə Ilham Əliyev Naxçıvandan siyasi poliqon kimi istifadə edir. Orada sınaqdan çıxarılan əməllər bütün Azərbaycanda tətbiq ediləcək. Hakimiyyəti əldə saxlamaq üçün iyrənc, qeyri-insani işgəncə metodları əvvəlcə Naxçıvanda sınaqdan çıxarılır. Sonra bütövlükdə Azərbaycanda tətbiq edilir. Məmləkət qanunlarla yox, qaydalarla idarə olunur. Hər bölgənin Naxçıvanda olduğu kimi, bir xanı, bir fərmandarı var. Bölgələrimizin vəziyyəti paytaxtın vəziyyətindən çox-çox pisdir. Paytaxtda insanların səsi eşidilirsə, az-çox mətbuat varsa, siyasi partiyalar fəaliyyət göstərirsə, bölgələrdə problemləri gündəmə gətirmək olmur. Yerli feodallar bölgələrdə çox ciddi bir rejim yaradıblar. Mətbuat azadlığı yoxdur, hüquq müdafiəçilərinin fəaliyyətinə imkan vermirlər, qəzetlərin yayılmasının qarşısını alırlar, internetə çıxışı məhdudlaşdırırlar. Əgər biz hərəkət etməsək, vətəndaş hərəkatına stimul verməsək, bölgələrimizdə daha dəhşətli hadisələr baş verə bilər. Bu baxımdan biz bu qərara gəldik ki, demokratik hərəkata bölgələrdən başlamaq lazımdır. Nümunə kimi Naxçıvandan başladıq”.
“Naxçıvanda siyasi fəaliyyət göstərmək çox çətindir, amma mümkündür”
Daha sonra Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi Məlahət Nəsibovaya söz verilib. M.Nəsibova Naxçıvanda işləməyin çətinliyi barədə danışıb: “Bir dəfə ”Frans-Press” agentliyindən bir jurnalist Naxçıvana gəlmişdi. Bir günlük səfərinin sonunda ondan soruşdum ki, Naxçıvan barədə nə təəssüratlarınız var? Bildirdi ki, Naxçıvan çəpəri olmayan həbsxanaya bənzəyir. Diplomatlardan biri isə bildirmişdi ki, Naxçıvanda hamı bir yorğana bükülüb. Rəsmi statistikaya görə Naxçıvanın 450 min sakini var. Mən indi zala baxıram. Buradakıların əksəriyyəti Naxçıvandandır. Əzizlərim, həmin statistikada sizin də, sizin ailə üzvlərinizin də adı var. Əslində bu gün Naxçıvanda 120-130 min əhali yaşayır. Əhalinin əksəriyyəti Türkiyəyə köçüb. Orada artıq naxçıvanlılardan ibarət böyük qəsəbələr var.
Naxçıvanda belə bir vəziyyətin yaranmasının bir səbəbi də siyasi partiyaların yerli təşkilatlarının fəaliyyət göstərməməsidir. Siyasi partiyalar Naxçıvanda fəaliyyətlərini gücləndirməlidir. Partiya rəhbərlərindən xahiş edirəm ki, Naxçıvan təşkilatlarına diqqəti artırsınlar. Başa düşürəm Naxçıvanda siyasi fəaliyyət göstərmək çox çətindir. Amma mümkündür. Naxçıvan əhalisi siyasi partiyaların dəstəyini gözləyir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu ölkənin hər yerində vəziyyətin Naxçıvandakı kimi olduğunu önə çəkib: “Rayonlara seminar keçirmək üçün ilk növbədə Prezident Aparatına məktub yazırıq. Icazə veriləndə də seminarda icra hakimiyyətinin və MTN-in nümayəndəsi oturur”.
“Hərəkata bugündən başlamalıyıq”
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev ölkədə yeni hərəkatın başlanmasına ehtiyac olduğunu bildirib: “Mən diqqəti başqa istiqamətə yönəltmək istəyirəm. Ölkədə yeni situasiya yaranıb. Yeni formatda Redaktorlar Birliyi yaranıb. ”Kür” vətəndaş cəmiyyəti müəy”yən işlər görüb. Hesab edirəm ki, yeni vətəndaş hərəkatına ehtiyac var. Düzdür, “Ictimai Palata” yaranıb. Lakin hesab edirəm ki, daha geniş tərkibli hərəkat yaradılmalıdır. 89-cu ildə hərəkatı fərdlər yaratmışdı. Indi isə partiyalar, QHT-lər və mətbuat var. Biz Demokratik Hərəkat yarada bilərik. Biz bu hərəkata bu gün başlamalıyıq. Rayonlara getməliyik, QHT-lər jurnalistlər, siyasi partiyaların nümayəndələri birlikdə bölgələrdə xalqla görüşməliyik. Hesab edirəm ki, vahid hərəkat məsələsini gündəmə gətirmək zamanı çatıb”.
Hüquq müdafiəçisi Anar Məmmədli Naxçıvanla bağlı konkret təkliflərlə çıxış edib: “Naxçıvanın Bakıdakı nümayəndəliyi ilə daim işləmək lazımdır. Bakıda ayda bir dəfə Naxçıvanla bağlı geniş tərkibli müzakirələr təşkil edilməlidir. Üçüncüsü, Naxçıvanla bağlı qaynar xətt təşkil edilməlidir”.
“Naxçıvanın iri məmurlarına sanksiya tətbiq edilsin!”
Siyasi ekspert Sülhəddin Əkbər də bir sıra təkliflər səsləndirib: “Hesab edirəm ki, konfrans adından beynəlxalq təşkilatlara və siyasi partiyalara müraciətlər edilməlidir. YAP-a və Ilham Əliyevə müraciət göndərilməlidir. Çünki Vasif Talıbov ilk növbədə onlara zərbə vurur. Beynəlxalq təşkilatlar, ATƏT və xarici ölkələr Naxçıvanda nümayəndəliklərini və konsulluqlarını açmalıdırlar. Qəzetlərə müraciət etməliyik ki, Naxçıvanda müxbir postları açsınlar. Konfrans adından Türkiyəyə, Avropa Birliyinə və ABŞ-a müraciət etməliyik ki, Vasif Talıbova, onun qardaşı Məhərrəm Talıbova, daxili işlər naziri Əhməd Əhmədova və milli təhlükəsizlik naziri Vəli Ələsgərova qarşı sanksiyalar tətbiq edilsin”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxışında naxçıvanlılara da müraciət edilməsinin vacib olduğunu bildirib: “Problem təkcə Naxçıvanla bağlı deyil. Ölkədə rejim dəyişikliyi olmalıdır. Əks halda problemin həlli mümkün olmayacaq. Ona görə də, Naxçıvandan məcburi köçkün düşmüş naxçıvanlıların demokratik proseslərdə fəal iştirakına nail olmaq lazımdır. Onların prosesdə aktiv iştirakı demokratikləşməyə böyük töhfə vermiş olar”.
“İnqilab Bakıdan başlamalıdır”
AXCP sədrinin digər müavini Asəf Quliyev isə bildirib ki, Naxçıvanda vəziyyəti dəyişmək üçün bütün ölkədə dəyişiklik etmək, mövcud rejimi dəyişmək lazımdır. Bunun üçün isə xalq inqilabı olmalıdır. Inqilabdan sonra Naxçıvan da düzələcək: “Naxçıvanda insan hüquqlarının vəziyyəti ağırdır, informasiya blokadası var. Bakıda fəaliyyət göstərən siyasi partiyalar, beynəlxalq qurumlar Naxçıvana diqqəti artırmalıdırlar. Vasif Talıbovun istefaya getməsi ilə vəziyyət düzəlməyəcək. Bu gün ölkənin bütün rayonlarında vəziyyət pisdir. Indiyə qədər müxtəlif rayonların rəhbərlərini dəyişiblər, amma problemlər olduğu kimi qalır. Naxçıvanda baş verənlərin məsuliyyəti birbaşa Ilham Əliyevin üzərinə düşür. Azərbaycanda köklü dəyişiklik olmalıdır. Başda Ilham Əliyev olmaqla hakimiyyət dəyişikliyinə gedilməlidir. Bakıda yaşayan və Naxçıvandan olan ziyalıları da bir araya gətirməliyik. Onların da köməyilə müəyyən etməliyik ki, hansı işləri görməliyik. Belə söhbətlər gəzir ki, inqilab regionlardan başlamalıdır. Lakin mən hesab edirəm ki, Bakıdan başlamalı və regionlara keçməlidir. Azərbaycanda inqilab labüddür, dəyişikliklər mütləq olacaq.
Bu gün AXCP Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Cəmiyyətin ümidi də bu partiyayadır. AXCP bu yükü üzərinə götürməli və irəli getməlidir”.
Ramin Deko


