Başqa prezidentlər BMT-nin sessiyasında çıxış edir, Ilham Əliyev isə Bakıda! O gün çıxışına bir az qulaq asdım, ingiliscə də çox yaxşı danışır. Bəs nədən o, Nyu-Yorkda çıxış etmək istəmir? Niyə görə Qarabağ haqqında həqiqəti bu sessiyada Rəcəb Tayyib Ərdoğanın dilindən eşitməliyik?
Bir vaxt BMT dondurulmuş münaqişələrə yenidən maraq göstərməyə başlamışdı. Azərbaycan, Ukrayna və Gürcüstan, səhv etmirəmsə, birgə fəaliyyət qurmaq istəyirdi. Lakin sonra bu proses intensivliyini itirdi. Səbəb? Mənə elə gəlir ki, səbəb Rusiyadır. O, münaqişənin BMT səviyyəsində müzakirəsini arzulamır. Məsələ simvolik və şərti olsa da, indi də gündəliyə salınıb. Amma mənə elə gəlir ki, bu, formal və şərti xarakter daşıyır.
Bilirsiniz, mən nə düşünürəm? Bunlar problemin həll olunmasını istəmirlər. Nə qədər ki, bu hakimiyyət var, Qarabağ problemi də həll olunmayacaq. Çünki problem bunlar üçün mövcudluq formasıdır. Əgər Qarabağ problemi həll olunsa, bunlara bir siyasi ehtiyac qalacaqmı?
Bəli, bu tezislə razılaşmamaq olar, amma düşünürəm ki, əks arqument gətirmək çox çətindir. I.Əliyev başa düşməlidir ki, onun Bakıda səsləndirdiyi bəyanatlar heç kimə lazım deyil, onlar artıq yerli auditoriyanı da maraqlandırmır. Eyni tendensiyanı mən Ermənistanın da davranışından hiss edirəm. Ermənistan üçün də, indi hakimiyyətdə olan kriminal siyasi qüvvə üçün də Qarabağ bir mövcudluq formasıdır. Qarabağ problemi olmasa, Sərkisyanlar, Köçəryanlar heç kimə lazım deyil, onları erməni elitası, hətta indi bəyənmir.
Ermənistanın bir dövlət kimi mövcudluğu da Qarabağ problemindən asılıdır. Əgər həmin problem olmasa, nə yerli insanlar ağır sosial duruma dözüm göstərəcək, nə də diaspora Ermənistanla maraqlanacaq! Beləcə, məsələ siyasi düyünə və dalana düşüb.
Dmitri Medvedevin təşəbbüslərindən mən heç nə anlamıram. O mənada anlamıram ki, bunların faydasız bir məşğuliyyət olması hamıya çox yaxşı məlumdur. O qədər məlumdur ki, adam bunları dilə gətirmək, onun haqqında söz açmaq da istəmir. Eyni sözləri nə qədər demək olar?
Burada bir detalı qeyd etmək istəyirəm. Mən demirəm ki, “WikiLeaks” sənədlərinin hamısı ilə yaxşı tanışam. Yox, sadəcə, mətbuatda dərc olunanlardan bir azca olsa da xəbərim var. Həmin sənədlərdə bunların gileyləri əks olunub. Orada çox şey var. Hətta Türkiyənin Israillə münasibətləri korlaması, qaz məsələsi və s. haqda çox giley-güzar əks olunub həmin sənədlərdə. Amma mən bir məsələni başa düşmədim. Niyə görə bunlar xarici diplomatlarla söhbətlərdə tutaq ki, Rusiyanın Qarabağ problemində yürütdüyü siyasətdən gileylənmir və bunun haqqında heç nə demirlər? Maraqlıdır, deyilmi? Zənn etmək olardı ki, bunların giley-güzarının, şikayətinin əsas hissəsini Qarabağ problemi, Rusiya və Iranla bağlı məqamlar təşkil edəcək. Amma belə deyil. Bunlar ən çox Türkiyədən şikayət edirlər! Indi özünüz nəticə çıxarın. Bir daha deyirəm ki, ola bilsin, digər, açıqlanmamış sənədlərdə bu var, amma bizim əlimizdə olan sənədlərdə bu haqda demək olar ki, ciddi heç nə yoxdur.
“Bakı baharı” niyə baş tutmadı?
Bəlkə də yersiz sualdır. Amma sual vermək hamının haqqıdır. Eyni qayda ilə soruşmaq olar ki, niyə “qızılgül” və “narıncı” inqilablar baş tutmadı? Aprel mitinqçilərinin məhkəməsi bu sualların cavabıdır. Dünyanın harasına, hansı tərəfə baxırsan, etirazdır, piketdir. Görən oralarda da adamları etiraz etdiyinə görə tuturlar? Onda bütün Avropa həbsxana olardı! Əvvəllər giley edirdik ki, dünya bizi başa düşmür. Indi “WikiLeaks”ə baxanda görürsən ki, yox, belə deyil, onlar hər şeyi görür və hər şeyi də başa düşürlər. Bəs onda problem nədədir? Vallah, bilmirəm. Bugünlərdə söhbət zamanı bir nəfər dedi ki, heç kim bu ölkədə qəhrəman olmaq istəmir! Amma mənə elə gəlir ki, bu fikrə bir az düzəliş vermək lazımdır: adsız qəhrəman olmaq istəmirlər! Çox şeyi isə məhz onlar – adsız qəhrəmanlar həll edir. Ərəb ölkələrində insanlar baxmadı ki, müxalifət var, ya yoxdu… Öz işlərini gördülər və indi də görürlər. Onlara bir şey lazım deyil, onlar yalnız azadlıq istəyir! Tək Azadlıq!


