«Fəxri adlar yığışdırılmalıdır»

Flora Kərimova: «O ad nə səsə qüvvət, nə də insana qüdrət gətirir»

Son günlər fəxri adlarla bağlı incəsənət adamları arasında əməlli-başlı söz savaşı başlayıb. Biri o birinin aldığı ada layiq olmadığını, bir başqası da layiq olduğu halda illərdir bu ada sahib ola bilmədiyini deyir. Hər iki tərəfin özünə görə arqumentləri var. Amma məsələ ondadır ki, bu cür məsələlər subyektiv fikirlərə yox, çox ciddi təlimatlara söykənməlidir.
Məsələn, fəxri ada layiq görülməsi üçün həmin insanın iş təcrübəsindən tutmuş, xalq arasındakı nüfuzuna qədər hər bir məqam nəzərə alınmalıdır. Tanınmış sənətkar, xalq artisti Flora Kərimova isə hesab edir ki, bu söz-söhbətlərə son qoymaq üçün fəxri adlar yığışdırılmalıdır: “Bu adları yığışdırmaq lazımdır. Bir ad ki, ucdantutma hamıya verilir, bir adın ki, insana maddi köməyi olmur və nəhayət bir ad ki, həmin adamın xalq içində nüfuzunu artırmır, o, olmasa yaxşıdır. Ad davası olmamalıdır ki, filankəs sənətkardır, filankəs sənətkar deyil”.
F.Kərimova hesab edir ki, belə olan halda ajiotaj və fəxri adlara inamsızlıq da aradan qalxar: “Hər bir adam elə düşünür ki, o fəxri ada layiqdir. Amma unudurlar ki, o ad nə səsə qüvvət, nə də həmin insana qüdrət gətirir. Bu ad ancaq demoqoq adamlara, ”mən filankəsəm”, “bu adı mənə filankəs verib, heç kim məni tənqid edə bilməz” deyənlərə kömək edə bilər. Indiki vaxtda isə ad heç kimə nüfuz gətirmir”.

Gültəkin