Türkiyəyə “yox” deməyə zəmin hazırlanır

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıcın Azərbaycanın Israillə münasibətlərinə yenidən baxması barədə çağırışına hakimiyyət rəsmilərindən növbəti reaksiya gəlib. Əslində vitse-spiker Ziyafət Əsgərov və Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun söylədiklərini bir-birinin təkrarı kimi də qiymətləndirmək olar. Əgər Ə.Həsənovun Türkiyə səfirinə cavabı bir qədər diplomatikdirsə, Z.Əsgərovun söylədikləri hakimiyyətin baş verənlərə münasibətini açıq bəlli edir.

Ə.Həsənov Azərbaycanın hər zaman Türkiyənin çağırışlarına diqqətlə yanaşdığını qeyd etsə də, əlavə edib ki, Azərbaycan hazırda müstəqil siyasətini yürütməyə, onun effektivliyini təmin etməyə tam qadirdir.
Milli Məclis sədrinin müavini isə bildirib ki, iki ölkə arasında münasibətləri qurmaq çətin, qırmaq isə asandır. Bu baxımdan Z.Əsgərov hesab edir ki, Azərbaycanın digər dövlətlərlə münasibətlərinə də anlaşıqlı yanaşmaq lazımdır.
Prosesləri izləyən ekspertlər bu tip bəyanatların səslənməsini Bakının Ankaranın Israil ilə münasibətlərə yenidən baxmaqla bağlı istəyinə “yox” cavabı verməyə zəmin hazırlamaq cəhdi kimi qiymətləndirir. Yəni Ə.Həsənov və Z.Əsgərovun açıqlamaları bir növ nəbz yoxlanışıdır.

«Əli Həsənovun mövqeyini dövlətin Türkiyəyə cavabı kimi qəbul etmək olar»


Siyasi şərhçi Hüseynbala Səlimovun fikrincə, Türkiyə səfiri Azərbaycan qarşısında çox çətin istək irəli sürüb. Azərbaycanın Israil ilə münasibətlərə yenidən baxmasının Bakı üçün bir sıra yeni problemlər yarada biləcəyini düşünən H.Səlimov vurğuladı ki, ümumiyyətlə, Türkiyə ilə Israil arasında münasibətlərin bu qədər gərginləşməsini təqdir etmir: “Heç vaxt istəməzdim ki, Israil bir gün Ermənistan və ya PKK-nın yanında olsun. Hər hansı formada bu ölkə və təşkilatla əməkdaşlığa başlasın. Təbii ki, Azərbaycan Yaxın Şərq siyasətində öz mövqeyini müəyyənləşdirməlidir. Əslində bu mövqe müəyyən mənada açıqlanıb. Azərbaycan Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbası Bakıda təntənəli şəkildə qəbul etdi. Azərbaycan bildirdi ki, Fələstinin qanuni hüquqlarını tanıyır. Düşünürəm ki, Yaxın Şərq məsələsində yalnız bu ana qədər getmək mümkündür. Bundan o tərəfə getmək Israilin başqa bir qrupda görünməsinə səbəb ola bilər”.
Bir çox dövlətlərin Israilin Yaxın Şərq siyasətini təqdir etmələrinə baxmayaraq, Təl-Əvivlə əlaqələr saxladığını deyən H.Səlimov vurğuladı ki, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun hərəkət etməli, həm Fələstin Muxtariyyəti, həm də Israil ilə əlaqələr qurmalıdır. Z.Əsgərovla Ə.Həsənovun açıqlamalarının qiymətləndirilməsinə gəlincə, ekspert hesab edir ki, partiya təmsilçisi ilə rəsmi dövlət məmuru statuslarını qarışdırmaq lazım deyil: “Belə bəyanatlar o halda dövlətin rəsmi mövqeyi kimi qəbul olunur ki, açıqlamalar dövlət başçısı olmasa da, Xarici Işlər Nazirliyində yüksək post tutan şəxsin dilindən səslənsin. Amma o da nəzərə alınmalıdır ki, biz hökumətin mövqeyini dəfələrlə Əli Həsənovun dilindən eşitmişik. Bu baxımdan Əli Həsənovun budəfəki mövqeyini də dövlətin məsələyə yanaşması kimi qəbul etmək olar”.

«Səslənən bəyanatlar Türkiyənin Azərbaycandan gözləntilərinə «yox» cavabıdır»


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun da fikrincə, səslənən bəyanatlar Türkiyənin Azərbaycandan gözləntilərinə “yox” cavabıdır. Ə.Həsənovun açıqlamasının müəyyən dərəcədə diplomatik olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, Z.Əsgərov birabaşa bəyan edib ki, Türkiyə Azərbaycanın müstəqil dövlət olduğunu nəzərə almalıdır: “Hər iki açıqlamada bəyan olunur ki, Azərbaycan Türkiyənin Israil ilə bağlı istəyini reallaşdırmaq iqtidarında deyil. BMT-nin son sessiyasında Ərdoğan yüksək tribunadan çıxış edərkən Qarabağ problemini də dilə gətirdi. Yəni Türkiyə yenə də Qarabağ probleminin həlli məsələsində aktivdir. Amma təəssüf ki, Azərbaycan Türkiyənin bu çağırışlarına gərəkli qiyməti vermir. Digər tərəfdən, Obamanın çıxışı zamanı terrorizmdən, Yaxın Şərqdə baş verənlərdən, Türkiyə-Israil münasibətlərindən danışılsa da, Qarabağ mövzusuna toxunulmadı. Bunun da günahını biz Türkiyədə yox, özümüzdə axtarmalıyıq”.
Ankaranın Azərbaycandan Israil ilə münasibətləri tam pozmağı tələb etmədiyini deyən E.Şahinoğlu vurğuladı ki, Türkiyə Azərbaycandan Israil ilə neft satışını, əsgəri əməkdaşlığı dayandırmağı istəmir. E.Şahinoğlunun sözlərinə görə, Türkiyə Azərbaycandan onun maraqlarını nəzərə almağı istəyir.

Xəyal