Təşəbbüs Qrupu ölkə ictimaiyyətinə müraciət etdi
Naxçıvandakı ümumi vəziyyəti araşdırmaq və problemlərin həlli yollarını göstərməklə bağlı yaradılmış Təşəbbüs Qrupu ölkə ictimaiyyətinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Əziz xanımlar, hörmətli bəylər, dəyərli dostlar! Bölgələrimiz gözdən-könüldən uzaq düşüb, sanki unudulub; bacı və qardaşlarımız öz dərd-sərləriylə baş-başa taleyin ümidinə buraxılıb. Məmləkət qanunlarla deyil, qaydalarla idarə olunur. Hər bölgənin öz xanı, öz fərmanı, öz fərraşı var… Ayağı yer, əli iş tutanlar zülmdən baş götürüb dədə-baba yurdundan qaçırlar. Bölgələr boşalır və nəticədə ağlımıza gəlməyənlər başımıza gəlir. Bu təhlükələrin qarşısını almaq üçün demokratik hərəkata bölgələrdən başlamaq istəyirik. Ilk nümunəni Heydər Əliyevin hakimiyyət tramplini kimi, Ilham Əliyevin siyasi poliqon kimi istifadə etdiyi Naxçıvandan başlamaq istəyirik. 25 sentyabrda saat 12-də ADP-nin mənzil qərargahında Naxçıvandakı ümumi durumla bağlı konfrans keçiriləcək. Bütün dostları və demokratları tədbirə dəvət edirik”.



