Rahim Hacıyev: «Avropa Birliyi ölkələrinin təmsilçiləri onunla görüşlərində Qərbə inteqrasiyada daha ciddi addımlar atılmasını tələb edəcəklər»
Azərbayacanın dövlət başçısı Ilham Əliyev “Şərq tərəfdaşlığı” proqramının iştirakçı ölkələrinin dövlət başçılarının görüşünə dəvət ediləcək. Proqram iştirakçısı ölkə rəhbərlərinin görüşü sentyabrın 29-30-da Polşada keçiriləcək. Bu barədə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib.
Ekspertlərin fikrincə, I.Əliyevi Polşada olduqca çətin görüşlər gözləyir. Buna səbəb Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində üzərinə düşən öhdəlikləri icra etməməsidir.
Siyasi ekspert Rahim Hacıyevin sözlərinə görə, 2009-cu ildə Avropa Birliyi “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrlə münasibətləri daha da yaxınlaşdırmaq üçün assosiativ üzvlük müqaviləsinin imzalanması təklifini verdi. AB ekspertlərinin açıqlamalarına görə, bu müqavilənin imzalanmasında məqsəd təşkilat standartlarını həmin ölkələrdə tətbiq etməkdir. R.Hacıyev vurğuladı ki, bu o deməkdir ki, gələcəkdə bu ölkələr AB-yə üzv qəbul oluna bilərlər: “2010-cu ildə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirmişdi ki, ölkəmiz təşkilatın xəritəsindədir. Amma Azərbaycan hakimiyyəti özünün antidemokratik mahiyyətindən irəli gələn addımlar atmaqla ölkəmizin Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsi imzalamasına mane olur. Bunun da sadə bir izahı var ki, bu müqavilənin birinci şərti qanunun aliliyidir. Həmin müqaviləyə imza atılsa və onun şərtlərinə əməl edilsə, üç il ərzində Azərbaycan normal Avropa ölkəsinə çevrilməlidir. Avropa Birliyi Azərbaycanın bu müqaviləni imzalamasında çox maraqlıdır və bu istiqamətdə hər cür dəstəyi göstərməkdə hazırdır. Sadəcə olaraq, bu yolda başlıca əngəl Ilham Əliyevin idarə etdiyi hakimiyyətdir”.
Bu baxımdan, R.Hacıyevin fikrincə, şübhə yoxdur ki, AB ölkələrinin təmsilçiləri I.Əliyevlə görüşlərində Avropaya inteqrasiya istiqamətində daha ciddi addımlar atılmasını tələb edəcəklər. Ona görə Polşaya səfər zamanı Əliyevi çətin və gərgin görüşlərin gözlədiyini proqnozlaşdırmaq olar.
Xəyal


