b.esed2

Əsədə qarşı “Birlik Cüməsi”

Avropa Birliyi Suriyaya qarşı yeni qadağalar qəbul etdi

Suriyada Əsəd rejiminə qarşı etirazlar davam edir. Sentyabrın 23-də ölkənin müxtəlif bölgələrində hakimiyyət əleyhinə mitinqlər keçirilib. Cümə namazından sonra məcidlərdən meydanlara axışan etirazçılar Bəşər Əsəd əleyhinə şüarlar səsləndirib və onun istefasını tələb ediblər. Ölkə müxalifəti ənənəvi cümə etirazlarından biri olan dünənki aksiyaları “Birlik Cüməsi” adlandırıb.

Hökumət qüvvələri müxtəlif şəhər və vilayətlərdə baç tutan aksiyaları dağıtmaq məqsədiylə odlu silahdan istifadə edib. Əsgərlərin açdığı atəş nəticəsində azı 9 nəfərin öldüyü barədə xəbərlər yayılıb. Suriya müxalifətinin yerli koordinasiya komitələrinin beynəlxalq xəbər agentliklərinə verdiyi məlumata görə, cümə namazından sonra başda paytaxt Dəməşq olmaqla bir çox şəhərlərə baş tutan antiƏsəd aksiyalarına yüz mindən artıq insan qatılıb.

Suriyalı fəallar İdlib şəhəri və ona yaxın bölgələrdə kütləvi etirazların keçirildiyini bildirin. Qamışlı vilayətində isə əsgərlər etirazlar başlamazdan öncə xüsusi əməliyyat keçirib. Hökumət əleyhinə etirazlara çağırış edən təşkilatçılardan bəziləri saxlanılıb. Nümayiş zamanı isə gözyaşardıcı qazdan istifadə olunub.

“Əl Ərəbiyə” televiziyası isə Həma şəhərində baş tutmuş mitinq zamanı 300 əsgərin ordudan ayrılaraq müxalifətin tərəfinə keçdiyi barədə məlumat yayıldığını bildirib. Şəhərin bəzi yerlərində telefon və elektrik kəsilib. Kanal Dər əl Zor, Dəraa və Lazkiyə şəhərlərində keçirilən nümayişlər zamanı 50-dən artıq etirazçının həbs olunduğunu açıqlyıb.

Bundan başqa Avropa Birliyi neft sektoruna investisiya qoyuluşu da daxil edilməklə, Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib. Avropa İttifaqının xarici məsələlər üzrə ali komissarı Ketrin Eşton qərarın sentyabrın 2-də Suriya xam neftinin idxalına qoyulmuş qadağaya əlavə edildiyin bildirib. Onun sözlərinə görə, sanksiyalar Əsəd rejiminə maksimum təsir göstərmək üçün qoyulub və bu, Suriya əhalisinə mənfi təsirin azaldılmasına yardım edəcək. Qadağalara Suriya mərkəzi bankının qiymətli kağızlarla təmin edilməsinin dayandırılması, hesabların dondurulması və Dəməşq hakimiyyəti ilə əlaqəsi olan şəxslərin səyahət qadağaları daxildir.

Xatırladaq ki, həftənin əvvəlində adı açıqlanmayan Avropa Birliyinin rəsmisi qurumun Əsəd rejiminə əlavə qadağalar haqda qərar qəbul edəcəyini açıqamışdı. Qərari birliyə üzv olan 27 ölkə tərəfindən təsdiqləndiyi də söylənilirdi.

İnformasiya şöbəsi