Deputat Bəxtiyar Əliyevə bir neçə sual

Öncə qeyd etmək istərdim ki, Bəxtiyar müəllim, şəxsinizə savadlı müəllim, alicənab insan kimi hörmətlə yanaşmışam. Gerçəkdən YAP-ın bəzi alimləri kimi cəmiyyətdə mənfi reytinqiniz yoxdur. Bəlkə də bu cümləmi pis qarşılayacaqsınız, ancaq yazmağa qərarlıyam, müxalif düşərgə sizi Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Zahid Oruc, Hüseynbala Mirələmov, Fəzail Ağamalı və digər “elm xadimləri” ilə bir sıraya qoymurlar. Bunu özünüz də yəqin ki, bilirsiniz. Və bu sıraya düşməməyinizin səbəblərindən biri də sifarişlə müxalif düşərgəyə atəş açmamağınızdır. Hər halda mən belə düşünürəm. Fəqət bəzən elə şeylər ortaya çıxır ki, barənizdə bir-iki kəlmə yazmamaq mümkün olmur.

Azərbaycan baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə dəstək… “tvinninq” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev belə deyir:

“Bu gün Azərbaycanda aparılan islahatlar nəticəsində təkrar olunan qurumlar ləğv olunub, birləşdirilib, idarəçilik təkmilləşdirilib. Korrupsiyanın səviyyəsinin saxlanılması üçün tədbirlər görülür, maarifləndirmə aparılır. Ictimaiyyətin fəal iştirakı olmadan bu problemlə mübarizənin əhəmiyyəti yoxdur”.Icazənizlə, o tədbirdəki çıxışınızın üç cümləsi üzərində bir az gəzişim.Birinci, “aparılan islahatlar nəticəsində təkrar olunan qurumlar ləğv olunub, birləşdirilib” deyirsiniz, Bəxtiyar müəllim və bununla nəyi nəzərdə tutduğunuzu açıqlamırsınız. Ancaq hər kəsə bəllidir ki, Azərbaycanda idarəçilik təkmil olsaydı, dövlətin başçısı işini-gücünü buraxıb baş nazirin əvəzinə işləməzdi. Lütfən, millət vəkili kimi cavab verin, Bəxtiyar müəllim. Azərbaycanda baş nazir vəzifəsi var və o kresloda oturan şəxs Nazirlər Kabinetinin işinə – icraedici orqana rəhbərlik edirsə, nədən onun birbaşa rəhbərlik etdiyi qurumların lentkəsmələrini ölkə prezidenti icra edir? Ümumiyyətlə, Artur Rasizadə yoldaşın hər hansı bir obyektin açılışını etdiyini və ya hər hansı bir əcnəbi ölkəyə baş nazir kimi səfər etdiyini misal gətirə bilərsinizmi? Deyəcəksiniz ki, Azərbaycan prezident respublikasıdır. Elə olduğu halda Nazirlər Kabinetində və Prezident Administrasiyasındakı oxşar – təkrar qurumlar nədən ləğv edilmir və net olaraq “idarəçilik təkmilləşdirilib” deməyinizin nə anlamı var?

Ikinci, deyirsiniz ki, “korrupsiyanın səviyyəsinin saxlanılması üçün tədbirlər görülür, maarifləndirmə aparılır”. Bəxtiyar müəllim, kifayət qədər yaşınız var, kimə nağıl danışırsınız. Nə təbliğat, nə maarifləndirmə, ay kişinin oğlu. Korrupsiyanın başında özləri dayanmır məgər? Maşallah, hamısı da ağıllı adamlardır. Axtarsan, o haramzadələrin hər birinin cibindən “elmlər namizədi”, “fəxri doktor” diplomu da tapmaq olar. Onlarımı maarifləndirməyi nəzərdə tutursunuzsa, daha sizə sözüm yoxdur.

Və nəhayət, üçüncü, izhar edirsiniz ki, “ictimaiyyətin fəal iştirakı olmadan bu korrupsiya ilə əhəmiyyəti yoxdur”. Elə buradaca, hörmətli Bəxtiyar müəllim, sizə daha iki sualım olacaq:

1. Cənab deputat, Azərbaycan adlı məmləkətdə ictimaiyyəti saya salan varmı və bu rejimin elə bir qurumunu misal göstərə bilərsinizmi ki, son 18 il müddətində bir dəfə də olsun ictimai rəyi nəzərə alsın?

2. Şəxsən siz, Bəxtiyar müəllim, ictimaiyyətin cibində deputat mandatı gəzdirən bir üzvü kimi üç çağırış dalbadal oturduğunuz o Milli Məclisin tribunasından Azərbaycanda tüğyan edən korrupsiyadan və rüşvətdən bircə dəfə də olsun danışdınızmı?

Yazının əvvəlində vurğuladım ki, sizə bir alim kimi hörmətlə yanaşıram, Bəxtiyar müəllim. Siz psixoloqsunuz və bu ölkəni çapıb talayanların məharətlə maskalanaraq özlərini mələk kimi göstərməsini yaxşı bilirsiniz. Ən pisi odur ki, o maskalılar əməllərini ört-basdır etmək üçün elm adamlarını tribunalara çıxarırlar. Sizin, hörmətli Bəxtiyar müəllim, o tribunalardan söylədiklərinizin əvəzinə mənim də dəyər verdiyim “Şəxsiyyətə yeni baxış” nəzəriyyənizin ətrafında tədqiqatlar aparmanız daha faydalı olardı.

Bunu əsla məsləhət kimi qəbul etməyin, Bəxtiyar müəllim. 
Azərbaycanda ən yüksək elmi adları olan kəs belə, bu rejimin müdafiəsinə qalxanda reytinqi düşür. Nədən ki, bu rejimin cinayətləri yalnız və yalnız məhkəməlikdir.
Siz alimsiniz və elə sizi alim kimi də görmək istərdim.