Obamanın təklif etdiyi «Açıq Hökumət» Tərəfdaşlığına Azərbaycanın qoşulması nə dərəcədə səmimidir?
Zərdüşt Əlizadə: «Əslində istəyirlər ki, onun mahiyyətini təhrif etsinlər və öz haram gəlirlərini gizlətsinlər»
Azərbaycan ABŞ-ın növbəti təklifini dəstəkləməyə, “Açıq Hökumət” Tərəfdaşlığına qoşulmağa hazırlaşır. Bu ilin iyul ayında Vaşinqtonda təqdimat mərasimi keçirilən “Açıq Hökumət” Tərəfdaşlığı şəffaflığın artırılmasını, vətəndaşların iştirakının gücləndirilməsini, korrupsiya ilə mübarizədə yeni texnologiyalardan istifadəni nəzərdə tutur.
“Açıq Hökumət” Tərəfdaşlığı maliyyə sahəsində şəffaflıq, məlumatın əlçatanlığı, dövlət məmurlarının və seçkili orqan üzvlərinin gəlirlərinin ictimaiyyətə açıqlanması, o cümlədən vətəndaş cəmiyyəti ilə əməkdaşlığı nəzərdə tutan 4 əsas meyara əsaslanır. Azərbaycanda “Açıq Hökumət” Tərəfdaşlığına hazırda böyük ehtiyac duyulduğunu nəzərə alaraq, Milli Büdcə Qrupu hökuməti bu istiqamətdə səylərini artırmağa və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq etməyə çağırıb. Artıq Azərbaycanın bu təşəbbüsə qoşulduğu barədə məlumatlar da yayılıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubda tərəfdaşlığa qoşulmaq haqqında qəbul etdiyi qərarı bildirməkdən məmnun olduğunu dilə gətirib.
Bəs Azərbaycanın bu addımı nə dərəcədə səmimidir? Korrupsiya və rüşvətin tüğyan etdiyi bir ölkədə qısa zamanda şəffaflığın artırılmasını gözləmək olarmı?

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Azərbaycan rəhbərliyi sözdə bir fikir deyib, əməldə başqa işlər görməyə öyrəncəlidir. Bunu Heydər Əliyevin timsalında da göstərmək olar: “Azərbaycan rəhbərliyi öyrənib sözdə bir şey eləsin, əməldə başqa. Elə sovet vaxtında, kommunist partiyasının dövründə Heydər Əliyev leninçi, kommunist idi. Amma əslində, özü demişkən, guya millətçi idi”.
Ekspertin sözlərinə görə, hökumət onlara edilən istənilən təklifi qəbul edir, təşəbbüslərə qoşulur. Lakin iş görməyə gələndə, fərqli addım atır: “Neft gəlirlərinin şəffaflığı ilə bağlı tələb irəli sürüldü, Azərbaycan bunu dəstəklədi. Indi açıq hökumət məsələsini dəstəkləyirlər. Bunlar ümumiyyətlə, hamını dəstəkləyir. Amma əslində istəyirlər ki, onun mahiyyətini təhrif etsinlər və öz haram gəlirlərini gizlətsinlər”.
Fizzə



