“Cavad xan” Polşada göstərilib

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Polşadakı səfirliyinin və Polşa Mədəniyyət və Milli İrs Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kino kultura” kinoteatrının təşkilatçılığı ilə Varşavada “Cavad xan” filminin premyerası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov yeni ekran əsəri və filmdə cərəyan edən tarixi hadisələr barədə qonaqlara ətraflı məlumat verib.
Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, bu ekran əsərində aparıcı rollarından birini ifa etmiş Xalq Artisti Amaliya Pənahova, rejissor Rövşən Almuradlı və “ULUS Film” prodüser mərkəzinin direktoru Gəray Əlibəyov əsərin Polşada nümayişini əlamətdar hadisə kimi qiymətləndiriblər.
Film olduqca böyük maraqla qarşılanıb.
Nümayişdən sonra tədbir iştirakçıları filmlə bağlı fikir mübadiləsi aparıblar. Təşkilatçılara minnətdarlıqlarını bildirən qonaqlar Polşanın da bənzər tarix yaşadığını diqqətə çatdırıblar. Qonaqlar, Həmçinin Azərbaycan haqqında yeni filmlərin Polşada nümayişini ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanıdılmasında müstəsna rol oynayacağını bildiriblər.