Afət İbrahimova: «Ölümündən iki saat əvvəl zəng edib dedi ki, məni incidirlər, kontur göndər»
«Mənə övladımı qaytarsınlar»
Sentyabrın 8-də dünyasını dəyişən əsgər Bəxtiyar Ibrahimovla bağlı yeni xəbər var. Müdafiə Nazirliyinin yaydığı məlumatda əsgərin ehtiyatsızlıq ucbatından öldüyü deyilirdi. Ancaq “Azadlıq”a məlumat verən qaynaq hadisənin heç də deyilən kimi olmadığını söyləyir. Ailəsi ilə əlaqə saxlayıb hadisənin təfərrüatlarını öyrənməyə cəhd etdik.
“Əsgərlərin çoxu imkanlı ailələrin övladlarıdır”
Bəxtiyar Ibrahimovun anası Afət Ibrahimova oğlunun intihar etməsi xəbərinə inanmadığını dedi: “Bizim uşağımız intihar edən adam deyil. Onu bu dərəcəyə çatdırıblar. Azərbaycanda böyük-kiçik yoxdur. Hamı bir-birini pulla satın alır. Bu ölkədə hər şey rüşvət üstündə qurulub. Əsgərlərin üstündə duran hər kəs qul alveri edir”.
Bəxtiyar ölümündən əvvəl anasına deyirmiş ki, dörd gündür qaravula çıxır: “Onu tez-tez incidirdilər. Biz bilmirik onu öldürüblər, yoxsa özünü öldürüb. Bu barədə məlumatımız yoxdur. Bildiyimiz odur ki, onu incidiblər”.
Afət Ibrahimova deyir ki, oğlu xidmət etdiyi hərbi hissədə olan əsgərlərin çoxu imkanlı ailələrin övladlarıdır: “Şəmkirdə xidmət edən əsgərlərin valideynləri pulludur. Biz pul verməmişik. Buna görə də mənim övladımı dörd gün dalbadal qaravula qoyublar. Təkcə bizim uşağımız yox. Orada 10-12 nəfər imkansız ailələrin uşaqları var. Onlar pul vermədikləri üçün sahibsiz uşaqlar kimi iki saatdan biri onları qaravula göndərirlər. Əgər qanuna qalsa, mənim uşağım 4 gün dalbadal qaravulda qala bilməz”.
“Qapı yazıb, çarpayı qırıb – bu, cinayətdir”
Müsahibimiz deyir ki, güllə mərhumun çənəsinə dəyib: “Burada şübhəli məqam var. Deyirlər güllə çənəsindən girib, başından çıxıb. Əgər belə olsaydı beyni dağılardı. Ancaq belə şey yoxdur axı? Çənəsinin altında yaranı görmüşəm, ancaq başını mənə göstərməyiblər”.
Afət ana oğlunun əsgər yoldaşları ilə söhbət etmək istəsə də, buna nail ola bilməyib: “Hərbi hissədə olan yoldaşları ilə söhbət etmək istədim. Ancaq hamısı lal oldu. Heç bir əsgər bir söz demədi. Yəqin burada nəsə bir iş var. O işin üstünü açmağa heç kəsin gücü çatmır. Mən balamı tələb edirəm”.
“Ölümündən iki saat qabaq mənə zəng vurdu. Dedi ki, ay ana, özündən muğayat ol. Səsi çox zəif idi. Elə bil ölümə gedirdi. Sonra söylədi ki, məni incidirlər. Qaravulda yatmışam. Məndən kontur istəyirlər. Ondan hansı nömrəyə göndərməyi soruşdum. Cavab verdi ki, ”vızıv” atacam, o nömrəyə yükləyərsən. Ancaq mənə zəng etmədi” – deyir, Afət Ibrahimova.
Bu ilin aprelində hərbi xidmətə gedən Bəxtiyar Ibrahimov üçün ailəsi bir neçə dəfə pul göndərib: “Komandir Teymur Ismayılov andiçmə günü bizə dedi ki, ”bura pullu hərbi hissədir, siz bura necə düşmüsünüz?”. Pul vermədiyimizi dedik. Ancaq inanmadı. Sonra da uşağımıza şər atdı. Guya oğlum qapı yazıb, çarpayını qırıb, bunun “cinayət” olduğunu söylədi. “Cinayət”ə görə bizdən 400 manat aldı”.
Ibrahimovlar deyir ki, mərhumun yasına Bakıdan gəlsələr də, xidmət etdiyi hərbi hissədən heç kim gəlməyib.
Bəxtiyar Ibrahimov ailənin ortancıl övladı idi. Bu il aprelin 28-də 18 yaşı tamam olub. Aprelin 29-da isə Müdafiə Nazirliyinin Şəmkir rayonunun Dəllər qəsəbəsində olan hərbi hissəyə xidmətə gedib.
Ramin DEKO


