Azərbaycan-Türkiyə ilişkiləri Türkiyə-Israil qarşıdurmaları güzgüsündə

Adına güzgü deyilən nəsnənin belə bir bəlli özəlliyi var: gerçəyi göstərmək, olanı onaylamaq. Azərbaycan-Türkiyə ilişkilərinin necəliyi ilə bağlı bu gün ortada belə bir güzgü var: Türkiyə-Israil qarşıdurması kimi açıq bir güzgü. Qısaca olaraq bir daha demək gərəkir: ötən ilin mayında Türkiyədən Qəzzaya yardım aparan donanmaya basqın etməklə Israil 9 Türk əsgərini öldürdü. Azərbaycanın indiki əliyevçi korrupsioner, antimilli, antidemokratik hökuməti üçün 9 əsgərin ölümü “heç nədi”. Bunu biz ata Əliyevin yaratdığı yalançı “atəşkəsdən” bu yana ermənilərin 10 minə yaxın Azərbaycan əsgərini öldürməsi faktına rejim başçılarının “heç nə” kimi baxması FAKTINDAN bilirik. Ermənilər Qarabağda genosid törədiblər, Xocalını, Ağdamı darmadağın eləyiblər, di gəl, bütün bu sayaq faktlar əliyevçi hakimiyyətlə erməni hakimiyyəti arasında sıcaq ilişkilərə soyuqluq qata bilməyib.

Ancaq görün 9 əsgərə görə Israil kimi güclü bir dövlətlə savaş durumuna gələn Türkiyə hökuməti nə deyir: “Hər bir əsgər bizim mənliyimiz-şərəfimiz deməkdir”. Ay dadi-bidad, bütün başlıca işlər bu mənlik-şərəflə bağlıymış, bu, adına MƏNLIK-ŞƏRƏF deyilən nəsnənin başında imiş! Xalqa bağlı, xalqı sevən, mənlikli-şərəfli hökumət olan yerdə bircə əsgər bir ölkənin, bir millətin, bir dövlətin MƏNLIK faktoruna çevrilərmiş! Bunlar bizdə – Azərbaycanda da olub, ancaq… qabaqlar, indilikdə bunları bizə yad duyğulara, görsənişlərə çeviriblər. Kimlər? 40 ildən bəri bu ölkədə at oynadanlar, meydan sulayanlar!

Prezidentin də, başbaxanın da dönə-dönə bildirdiyi kimi, Türkiyə dövləti özünün kəskin qərarını verib: Israil Türkiyədən bağış diləməlidir; belə olmayacaqsa, Türkiyə Israillə barışmaz durumda olacaq! Belədə biz nə etməliyik? Azərbaycan dövləti olaraq, sözsüz, Türkiyənin yanında olmalıyıq. Özü də indi Əliyev-YAP hakimiyyətinin etdiyi kimi yalandan deyil, gerçəkdən; sözdə deyil, işdə! Ancaq, ortada olan nədir? Yuxarıda deyildiyi sayaq, bu gün ortada olan bir güzgü görsənişidir: Azərbaycan Türkiyənin yanında deyil. Azərbaycan bu gün Türkiyədən qat-qat artıq Israilin yanında görükür. Sözsüz, biz Israil bayrağını yandırmağı oyun-oyuncağa çevirmiş irançı-islamçılarla dartışmalarımızda da, bütün başqa çağlarda da Israil dövləti ilə dostluğa, sarsılmaz-pozulmaz strateji ortaqlığa çağırmışıq, çalışmışıq. Ancaq… dün-dündür, bu gün-bu gün. Politikada dəyişməz dostlar yoxdur, dəyişməz maraqlar var. Israil bizim dostumuz, Türkiyə qardaşımızdır. Dostumuz Türkiyənin yəhudi xalqı qarşısındakı QURTARICI rolunu yerə vuraraq, uluslararası hüquq normalarını tapdayaraq, tutduğu hitlerizm yolunda aşırı addım ataraq bizim qardaşımıza saldırıb. Nə etməli? Yarınkı gün necə olacağını bilmədiyimiz dostluğu üstün tutmalı, yoxsa, özümüzün dəyişməz, gələcəyimizə qarantiya yaradacaq milli maraqlarımızı? Iki dövlət-bir millət olaraq Azərbaycan-Türkiyə maraqları dəyişməzdir!!!

Türkiyənin Azərbaycan çağırışı

Görün iş nə yerə çatıb: Türkiyənin Bakıdakı böyükelçisi: “Biz bütün çağlarda, tarix boyu Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sınırlarımız bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sınırlarını bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır…” – deyibən Azərbaycanı yardıma çağırır. 18 ildən bəri “Azərbaycan hakimiyyəti” adını daşıyan əliyevçi antiAzərbaycan hakimiyyəti susur. Keçən ildən bu yana olduğu kimi susur. Bir ildə bu problemə reaksiya vermədiyi bir yana, çağırışa da susur, hay vermir.

Bu arada Israilin Bakıdakı elçibaşısı Mixail Lotem əliyevçi televiziyalardan birinə çıxıb: “Azərbaycanla Israil strateji ortaqdır, hər hansı üçüncü güc bizim ilişkilərimizi korlaya bilməz. Bu ilişkilər qarşılıqlı ilişkilərdir. Bu gün bizim seçdiyimiz yol hər iki ölkə ilə ayrı-ayrıdır – Azərbaycanla ayrı, Türkiyə ilə ayrıdır” – dedi. Burada deyilənlər diplomatiya sınırlarını aşan, ultimativ xarakterli buyruqlardır. Siz bir bunların Əliyevlər hakimiyyətinə güvəncinin yekəliyinə baxın: az qala bizə göstəriş verilir – Türkiyədən uzaq durun; o ayrı, siz ayrı!

Israil elçibaşısı, sözsüz, Israil hökuməti, Türkiyəni Azərbaycan-Israil ilişkiləri içində “üçüncü güc” sayır, üstəlik, üzüyola, ola bilsin, bundan daha artığı, qorxaq bir uşaq kimi bunu bizim boynumuza qoymağa çalışır. Ancaq… Azərbaycandan başqa hər yerə bağlı əliyevçi rejim olaraq yox, AZƏRBAYCAN olaraq, AZƏRBAYCAN XALQI olaraq bizim üçün istənilən dövlətlə, dövlətlər qrupu ilə ilişkilərdə üçüncü güc TÜRKIYƏDƏN qıraq güclərdir. Israil də, lap çox istəsək belə, o üçüncü güclərdən biri ola bilər! Israil hökuməti ata-oğul Əliyevlərlə qonuşmalara, “WikiLeaks” açıqlamalarına söykənərək Azərbaycanı Türkiyəyə yad ölkə gözündə görürsə, yanılır, özü də çox yanılır. Azərbaycanla Türkiyə arasındakı indiki soyuqluğun bir başlıca nədəni varsa, o da Türklüyə düşmən Əliyevlər, əliyevçi rejimdir. Israil hökuməti bunu bilməlidir: ən azı, Azərbaycan-Israil ilişkilərinin uğurlu gələcəyi baxımından.

Israil diplomatı Türkiyəyə acığı üzündən reallıq duyğusunu itirərək bildirir: “Azərbaycan-Israil ilişkiləri qarşılıqlı ilişkilərdir”. Bilmirəm, biz bunu diplomatik gediş saymalıyıq, yoxsa, xalqı aldatma, gerçəkliklə manipulyasiya. Axı, “simasız quldurlar partiyasının” yetkililərindən birinin dediyi kimi: “Azərbaycanın Israildə heç səfirliyi də yoxdur”. Qarşılıqlı ilişkilərə gəlincə, belə ilişkilər doğrudan da var, ancaq bunlar Azərbaycan-Israil ilişkiləri deyil, Israil-Əliyevlər ilişkiləridir. Bu ilişkilərin də bir çox başqa ilişkilər kimi iki başı var: bu başdan Israilə ucuz neft-qaz ötürülür, dünya yəhudi birliklərinə gərəkən yardımlar edilir; o biri başdan Israil hökuməti, dünya yəhudi birlikləri Əliyevlər hakimiyyətinin qorunub saxlanması işinə yardımçı olur. Doğrudanmı Israildə, dünya yəhudu birliklərində Azərbaycan hakimiyyəti ilə antiAzərbaycan hakimiyyətinin nə demək olduğunu anlamırlar?

Əliyevçi rejimin Türkiyəyə mesajları

Hələlik bu mesajlar YAP yetkililərindən birinin – M.Qurbanlının dilindən verilib. Azərbaycanla Türkiyəni, “dost”, “müttəfiq”, “strateji tərəfdaş” (o, çox düzgün olaraq “qardaş” demir – özü qardaş olmadığına görə!) adlandıran M.Qurbanlı Hulusi Qılıcın 18 il faktı ilə bağlı görün hansı “arqumentə” əl atır: “Türkiyə ilə Ermənistan arasında problemlər Dağlıq Qarabağ münaqişəsinin mövcud olmadığı zamanda da var idi”. Düz deyir: hələ 1918-ci ildə ermənilər Azərbaycanı qan içində boğanda Türkiyə bizə yardıma gəlməklə erməniləri özünə düşmən elədi. Ancaq göründüyü kimi, M.Qurbanlının dediyi bu deyil; o bunu Azərbaycana arxa duran Türkiyəni aşağılamaq üçün deyir. O biri yandan, o, bunu sıradaşlarından olduğu rejimin Israillə sıcaq ilişkilərinə toxunulmazlıq xarakteri vermək üçün deyir. Bunun açması belədir: Türkiyə bizdən ötrü Israillə ilişkiləri pozmağa dəyəcək bir ölkə deyil.

“Biz Türkiyə ilə dost ölkəyik, həmrəylik nümayiş etdiririk”, – deyən M.Qurbanlı o “dostluğun”, “həmrəyliyin” özünü nədə göstərdiyini də desəydi, yey olardı. Sonda M.Qurbanlı “simasız quldurlar partiyası” üçün olduqca xarakterik bir baxış sərgiləyir: “Amma bu məsələlərlə bağlı səfir Hulusi Qılıcın söylədiyi fikirlər bütövlükdə ümumi maraqlarımızla uzlaşa bilməz. Hesab edirəm ki, bu cür yanaşma, məsləhət vermə səpkisində çıxış etmək Türkiyə ilə Azərbaycan arasında münasibətlər fonunda o qədər də məqbul deyil”. Siz bir “dostluğa”, “müttəfiqliyə”, “strateji tərəfdaşlığa” baxın: maraqlar uzlaşmır, məsləhət vermək də olmaz! Onda bu “dostluğun”, bu “müttəfiqliyin”, bu “strateji tərəfdaşlığın” gerçək bir adı var – SIMASIZLIQ!“Azərbaycan Türkiyə ilə dostluğuna sədaqətini həmişə göstərib və bundan sonra da belə olacaq”. Bunun açması, ortadakı faktlardan göründüyü kimi, budur: “Əliyevçi rejim olaraq biz Türkiyə ilə indiyədək necə yalandan dost olmuşuqsa, sonra da belə olacaq”. Bunu Türkiyənin Kipr kimi problemlərinə yanaşmalar da, “WikiLeaks” saytının açıqlamaları da gözəl göstərir. Bunu I.Əliyevin bir sıra çıxışları da açıq göstərir: “Biz Yunanıstana qazı hansı qiymətə satırıqsa, Türkiyəyə də o qiymətə satacağıq”. Bizə bunu artırmaq qalır: “Ermənistana hansı qiymətə satırıqsa, Türkiyəyə də o qiymətə”.

***

Dnestryanı “respublikanı” ayrıca dövlət olaraq tanıyıban, ora qutlama yollayan Putinin bu addımına Kişinyov meri Dorin Kirtoakenin reaksiyası belə olub: “Bizim üzümüzə tüpürüblər. Mən Moldova dövlətçiliyinin qoruyucularının, özəlliklə də kommunistlərin reaksiyasını görmək istəyirəm. Bizim ləyaqətimiz kilovatlarla, kubmetr qazlarla ölçülmür”.Bəs, bizim ləyaqətimiz?!