Ermənistan əsgərlərinə Azərbaycan yardımı

Faktlar göstərir ki, artıq bu hakimiyyətin təmsilçiləri üçün müqəddəs heç nə qalmayıb. “Yeni Müsavat” qəzetində gedən məqalədə Naxçıvan xanı ləqəbini almış Vasif Talıbovun ermənilərlə ticarət əlaqələrindən bəhs edilir.

Naxçıvanda hərbi qulluq eləmiş bir zabit gözüylə görüb şahidi olduğu yasaq ticarətdən danışır. Irandan keçməklə Naxçıvana Ermənistanda istehsal olunan sement gəlir, bu sementi kisələrdən boşaldıb yazısız kisələrə doldurub Naxçıvan bazarlarına ötürür, erməni kisələrinə isə Azərbaycan Ordusunun baza ehtiyatlarından kömür doldurularaq geri – Ermənistana göndərilir. Burada təəccüblü heç nə yoxdu. Hələ illər öncəsindən də hamıya, ən azı media nümayəndələrinə Ermənistanla Gürcüstan üzərindən ticarət yapılması, xüsusilə müharibə şəraitində olduğumuz ölkəyə benzin və neft satışı haqda bilgilər məlum idi. Yadımdadı ki, bu faktı təsdiqləyən bir sənəd jurnalist yoldaşlarımızdan birinə ötürülmüşdü. Sənəd Nəqliyyat Nazirliyinə aid idi. Afiyəddin Cəlilov, Şəmsi Rəhimov, Ziya Bünyadovun ölümündə də bu faktın böyük rol oynadığından söhbət gedir.Lap yaxın vaxtlarda isə Türkiyənin ölkəmizdəki səfirinin Ermənistanla gizli ticarətə işarə eləyən mesajları kimsənin yadından çıxmış olmaz. Mesajdan anlaşılırdı ki, bu ticarət hakimiyyətin başında duranlardan gizlin deyil, çünki, avtoritar tipli rejimlərdə, bunun ayrı yolu da yoxdu. Ali iradənin izni olmadan kimsə bir qələt eləyə bilməz. Elə son dövrlər gündəmi zəbt eləmiş dövləti terror faktları da bunun təsdiqinə xidmət eləyir – nə öldürülənlər, nə onların əsl qatillərinin gizlədilməsi, nə də “səmimi etirafda bulunan qatillər” o iradənin hökmündən və bilgisindən kənarda baş verməyib. Təbii ki, zaman gələcək, bütün bu Ali Iradə sahiblərinin adları cəmiyyətə açıqlanacaq, o zaman hamı başına döyəcək: “Gör biz kimlərə biət eləmişik!?”.

Naxçıvanla bağlı yayılan son məlumat da bu baxımdan yeni deyil. Lakin burada çox fərqli və üstündən asanlıqla ötülməyəcək bir fakt var: Ermənistanla bu ticarətin qara icraçıları, yəni fəhlələri, o ölkə ilə müharibə şəraitində olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgərləridi. Bəli, sıravi əsgərlər. Bu savaşda mütləq bir şəhid doğması olan əsgərlər! Zənnimcə, kimsə etiraz eləməz – düşmən əsgərinə öz əsgərinin əliylə yanacaq göndərmək, həm də bu yanacağın öz əsgərinin qışda soyuqdan donmaması üçün xalqın parasına alınmış, tədarük edilmiş kömür olduğu nəzərə alınarsa… bu boyda şərəfsizliyi, namussuzluğu təsəvvür eləmək belə, çətindi.O əllər ki, silah tutub düşməndən vətənini qoruyacaq əsgərin əlləridi və qışda soyuqdan donmamaq üçün uzatdığı sobada həmin kömürün istisinə qızınmalıydı. Ama o, həmin o zavallı əsgər öz əlilə öz yanacağını düşmən dövlətin əsgərinə göndərir. Nə səsini çıxara bilir, nə başını qaldıra! Çünki anındaca onu atəşkəs dövrünün növbəti, nə bilim neçə mininci qurbanı kimi evinə, ata-anasının, doğmalarının üstünə göndərərlər!

Bəli! Artıq faktlar göstərir ki, bu hakimiyyət mənsubları üçün müqəddəs heç nə qalmayıb. Onlar üçün nə dost, nə düşmən var dövləti zəmində. Indi yalnız iki qüvvə onların düşmənidi – əməllərini açıb dünyaya faş eləyən tənqidçi mətbuat, onun yazarları və milyardlar qazanarkən qarşılarında dayanan istənilən əngəl. Əgər bu əngəlin adı, hətta Azərbaycan dövləti olsa belə, onlar o dövlətin dilini boğazından, ruhunu bədənindən çıxararlar. Iş artıq siyasi məsələdən çox-çox kənara çıxıb. Artıq siyasi mübarizədən, hələ-hələ proqressiv evolyusion inkişafdan danışmaq absurda çevrilib. Indi xalqın qarşısında hansısa mürtəce siyasi hakimiyyət yox, nəhəng bir mafiya dayanır… Bərk qısnansalar, onlar bu əməllərini, hətta humanizm kimi təfsir də eləyə bilərlər. Qulağınız AzTV-də olsun…