Bilirsiniz, Avropanın bir çox ölkələrində – Ispaniyada, Italiyada, Yunanıstanda son vaxtlar tez-tez sosial tələblərlə aksiyalar keçirilir. Əslində bu, Avropa ölkələri üçün yenilik deyil. Orada hansısa qanuna bir maddəlik dəyişiklik belə, hansısa qrupları, təbəqələri küçələrə tökə bilər. Avropa etiraz mədəniyyətinin beşiyidir. Etiraz etmək onların təbii halıdır. Həyat tərzidir. Davranış normasıdır.
Sadəcə, bu gün o etirazlar “ərəb baharı” ilə üst-üstə düşdüyü üçün rejim mirzələrinin əllərinə fürsət düşüb – hakimiyyətin hansı saytını tıklayırsan, hansı qəzetini əlinə götürürsən, hansı telekanalını açırsan eyni başlıqlar görürsən: “”Ərəb baharı” Avropaya çatdı”, “Ərəb inqilabları Avropaya da sıçradı”. Oxuyan da elə sanar ki, bunlar day nətəri inqilab həvəskarlarıdır. Oysa bu saat “ərəb” deyəndə tükləri biz-biz durur, “inqilab” deyəndə isə altlarını batırırlar. Sadəcə, bu cür xəbər təqdimatlarının bir məqsədi var: Avropanı qaralamaq. Avropanı ləkələmək. Avropanı aşağılamaq. Avropanın özünün bədheybət obrazını yaratmaq. Avropanın özünü Qəzzafi, Əsəd kimi rejimlərin xurcuntayı kimi göstərmək.
Rejim yandaşlarının ərəb inqilabları ilə Avropa ölkələrindəki etirazları eyniləşdirmək cəhdi onların savadsızlığının, bilgisizliyinin pik nöqtəsidir. Bir daha sübut olunur ki, bu hakimiyyətin ətrafında birləşənlərin ortaq cəhəti onların savadsızlığı, intellektdən əziyyət çəkmələridir.
Niyəsini izah edək. Avropa ölkələrində baş verən etirazlar hansısa sosial narazılıqdan qaynaqlanır. Uzağa getməyək, elə dünən Ispaniyada təhsilə ayrılan dövlət xərclərinin 80 milyon avro azaldılmasına qarşı çıxan müəllimlər etiraz mitinqləri keçirirdilər. Ya da tutaq ki, srağagün Yunanıstanda əmlaka qoyulan vergilərə etiraz olaraq keçirilən aksiyalar… Bunları “ərəb baharı” ilə müqayisə etmək kütbeyinlikdir və sadəcə, ikrah doğurur.
“Ərəb baharı” – xalqların illərcə qapalı rejimlərdə, ailə-tayfa idarəçiliyi altında, hüquqsuz, kölə kimi yaşamağa etirazıdır, üsyanıdır. Onlar ölkələrində bir adamın hegemoniyasına son qoymaq, milli iradəni bərqərar etmək, ən elementar hüquq və azadlıqlara qovuşmaq üçün küçələrə çıxıblar.
Avropa ölkələrində isə vəziyyət tamamilə fərqlidir. Burada insanlar bütün hüquqlara və azadlıqlara sahibdirlər. Hakimiyyətləri özləri seçir, özləri də yola salırlar. Hər kəsin düşündüyünü söyləməsi, yazması özgürdür. Məhkəmələr ədalətli və müstəqildir.
Belədə nə qədər savadsız, nə qədər kütbeyin olasan ki, ərəb inqilabları ilə Avropadakı etiraz aksiyalarını tərəzinin eyni gözünə qoyasan, onları eyniləşdirəsən. Avropa insanının onu idarə edənlərlə bağlı ciddi narahatlığı yoxdur. O başa düşür ki, ölkəsini doğru yönəltməyən bir hökumət haqqında son qərarı yenə də onun özü verir. Xalq hakimiyyətin hakimidir. Bu gün onu seçə bilər, sabah isə seçdiyi kimi də qapını göstərər.
Bəs ərəb xalqlarının belə bir lüksü, imkanı varmı? Onların üsyandan başqa yolu qalırmı?
Belədə hansı haqla iki fərqli coğrafiyadakı etirazları bir-biri ilə əlaqələndirmək olar?
Ən əsası: Avropada küçə etirazları bir qədər də əyləncədir. Siz həmin aksiyalara çıxan insanlara baxın: deyib-gülürlər. Üzlərində zərrəcə qorxu yoxdur. Qadını qolunda, uşağı qucağında, özü isə rahat və şəndir, hansısa şüar qışqırır.
Ərəb ölkələri, elə Azərbaycan kimi qapalı rejimlərdə isə xalq etirazları əyləncə yox, işgəncədir. Qandır. Gözyaşardıcı qazdır. Rezin güllədir. Sümükqıran itlərdir. Dubinkadır. “Butılka”dır.
Bir sözlə, “ərəb baharı” ilə Avropadakı etiraz aksiyaları arasında bağlar qurmağa, tellər yaratmağa çalışmaq məntiqsizliyin də son həddidir, ədalətsizliyin də. Ən əsası isə savadsızlığın son həddidir.
Necə ki, Əliyevçi olmaq elə savadsız olmaq deməkdir, sizi qınamağa dəyməz.
Mətbuatın Şura hökuməti ilə nə etməli?
Azərbaycanda bu çirkin rejim qaldıqca dünyanın ən mütərəqqi ideyaları bizdə zibilə çevrilməkdə davam edəcək. ITV-nin aqibətini görürsünüz. “Exit-poll”arın da aqibətini gördünüz. Belə nümunələr çoxdur. Və onlardan biri “Mətbuat Şurası” adında qurumdur. Normal ölkələrdə bu qurumun missiyası “mətbuatın dayısı” olmaqdır. Amma o, bizdə hakimiyyətin qəzetləri susdurmaq üçün cəza alətinə çevrildi.
Guya Avropanın istəyi naminə “Mətbuat Nazirliyi”ni ləğv etmişdilər. Ki, belə bir nazirliyin mövcudluğu azad medianın formalaşmasına mane olur. Amma gəl gör ki, bu nazirlik günümüzdə daha eybəcər, daha rüsvayçı şəkildə yenidən peyda olub.
“Xural” qəzeti ətrafında baş verənlər artıq “Mətbuat Şurası”nın üzündəki maskanı birdəfəlik çıxarmağı, onun gerçək simasını hər kəsə göstərməyi qaçılmaz edir. Artıq dözmək mümkün deyil. Azərbaycanın özünə hörmət edən hər bir qəzeti, hər bir qələmi bu iyrənc gedişata dur demək məcburiyyətindədir. Belə davam edə bilməz. Kimlərinsə hakimiyyətdən saxta səlahiyyətlər qazanaraq bizim üzərimizdə hegemon olmasına, nəyi, niyə, necə yazacağımıza qərar verə bilməz.
“Mətbuat Şurası”nın başında dayananlar Əliyevçi rejimin onlara verdiyi imtiyazlardan geninə-boluna yararlanmaqda, qarşılığını isə rejimin istəklərini qeyd-şərtsiz yerinə yetirməklə qaytarmaqdadırlar. Onların əsl mətbuata heç bir dəxli yoxdur. Şura sədri Əflatun Amaşovun Azərbaycan oxucusuna bir istedadlı cümləsi məlum deyil. Normal ölkədə kim Vüqar Rəhimzadənin qəzeti kimi qəzet çıxarsa, ona xeyirdə-şərdə salam verməzlər. Digərləri də eləcə. Amma gəl gör ki, indi belələri Azərbaycanın mətbuatının ağaları rolunda çıxış edirlər. Bunun bir sonu olmalıdır. Kimsə onlara başa salmalıdır ki, getsinlər öncə öz evlərinin önünü təmizləsinlər. Kiminsə yazısına “mız” qoymağa nə haqqı var onların? Nə haqqı var onların kimisə “reket” elan eləməyə? 95-98 faizi satışdan üzüsulu qayıdan bu cənablar özlərinin, övladlarının altındakı bahalı maşınlarının, lüks ofislərinin, dəbdəbəli villalarının, bağ evlərinin hesabını vermədən onların nə haqqı var reketləri “Mətbuat Şurası”ndan kənarda axtarmağa?
Bu rəzalətin bir sonu olmalıdır. Sonu olması üçün də “Xural” qəzeti ilə bağlı baş verənlər bir fürsətdir. Bu fürsət gözəl dəyərləndirilməlidir. Onsuz da barmaqla sayılacaq qədər az qalmış azad söz nümayəndələri sonuncu qalaların da yıxılmaması üçün ürək ürəyə, kürək kürəyə olmalıdır. Olmağa məcburdur!