Türkiyəylə böhran İsrail hökumətini parçaladı

Ehud Barak Benyamin Netanyahunu «topa» tutdu

Türkiyə ilə Israil arasında yaşanan diplomatik böhran Benyamin Netanyahu hökumətində parçalanma yaradıb. Müdafiə naziri Ehud Barak baş nazir Netanyahunu diplomatik böhranı idarə edə bilməməkdə günahlandırıb. Ehud Barak Netanyahunun Türkiyə hökumətiylə uzlaşmağa yaxın olduğunu, lakin xarici işlər naziri Aviqdor Libermanın buna maneçilik yaratdığını söyləyib. Müdafiə naziri Netanyahunu sərt tənqid edərək ölkəni lazımsız çıxılmaz vəziyyətə salmaqda ittiham edib.
Israildə yayımlanan “Yedioth Ahronot” qəzetinin yazdığına görə, hökumətin qapalı müzakirəsi zamanı Ehud Barak Netanyahunun “Mavi Mərmərə” olayıyla bağlı mövqeyini sərt tənqid edib. Barak Netanyahunun Ankara ilə razılığa nail ola biləcəyini və iki ölkə arasındakı gərginliyi önləməyi bacaracağını, ancaq bunun yerinə xarici işlər naziri Aviqdor Liebermana “yenildiyini” söyləyib.
Xatırladaq ki, Israildəki koalisiya hökumətinin üç böyük liderinin arasındakı söz savaşı hökumətin Türkiyəylə böhran səbəbindən dağılma nöqtəsinə gəlməsinə dair iddialara yol açıb. “The New York Times” qəzetinin şərhçisi Tomas Fridman “Israil: Təkbaşına dənizə sürüklənir” başlıqlı məqaləsində Netanyahunu tənqid edib. Fridman Netanyahu hökumətinin Israil tarixində diplomatik baxımdan ən uğursuz və strateji cəhətdən ən bacarıqsız hökuməti olduğunu yazıb: “Təəssüf ki, bu gün Israilin belə həssas bir diplomatiya üçün nə bir lideri, nə də bir kabineti var. Hökumət ölkəni daha dərin qlobal təkliyə itələyir. Təl-Əviv ABŞ-ı da yanında sürüyür. Israil xalqının bu gedişi fərq edəcəyinə əminəm”.