Əliyev onu satanlardan hesab soracaqmı?

“WikiLeaks”in Azərbaycanla bağlı yaydığı son sənədlərdə ölkədə hakimiyyətdaxili qruplaşmaların mövcudluğundan söz açılır. ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersi bu məlumatları Vaşinqtona Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyevə istinadən yollayıb. A.Əliyev səfirlə görüşündə özünü Kəmaləddin Heydərovun müttəfiqi adlandırıb və milli təhlükəsizlik naziri Eldar Mahmudovdan daha yaxşı işlədiyini deyib. ABŞ səfirinə iqtidardaxili savaş barədə məlumat verən A.Əliyev “Əliyevin yeni komandası”nın pul tələbindən şikayətlənib. Maraqlıdır, bu cür ifşa xarakterli məlumatlar hakimiyyətdaxili qruplar arasında münasibətləri gərginləşdirirmi? Ilham Əliyev onun və hakimiyyətinin əleyhinə danışanlardan hesab soracaqmı?

Politloq Zərdüşt Əlizadə hesab edir ki, bu məlumatların yayılması hakimiyyət komandasında heç bir çaxnaşma yaratmayacaq: “Yuxarılar kifayət qədər birləşiblər və bir-birlərini yaxşı tanıyırlar. Ola bilər ki, bir az məzəmmət elədilər. Amma onların biznes sferası, dövlət gəlirlərinin bölgüsü müəyyəndir. Hərəsi öz sahəsində pul qazanır. Biri o birinin sahəsinə girmir. Buna görə də onlar belə şeylərə fikir vermirlər. Öz işləri ilə məşğuldurlar – pul qazanırlar”.