Qaz yatağı münasibətilə də təbrik olar?

Yeni qaz yatağının tapılması münasibəti ilə hakimiyyətin necə sevinc keçirdiyini görürsünüz. Adama elə gəlir ki, bir insan bir ömür boyu nə qədər sevinə bilərdisə, bunlar onu bir günə xərcləyib qurtardılar, hətta sabah Şuşa işğaldan azad edilsə, sevinə bilməyəcəklər, çünki sevinc limitləri dolub. Mənim ən çox diqqətimi çəkən Ilham Əliyevin dərhal Az.TV-nin kameraları qarşısına keçib 10 dəqiqəlik video-təbrik söyləməsi oldu. Əminəm ki, bu, dünya tarixində nadir və görünməmiş bir hadisədir. Yeni qaz yatağı tapıldı deyə, xalqa 10 dəqiqəlik təbrik söyləmək olar? Ümumiyyətlə, xalq bu günədək tapılan neft-qaz yataqlarından nə yarımışdı ki, bundan sonra tapılanlardan da nə yarısın.

Ilham Əliyevin internetə yerləşdirilən video-təbrikinə baxa-baxa bir də ağlımdan nə keçdi, bilirsinizmi? Ağlımdan keçdi ki, necə də heyrətamizdir: Ölkəni keçmişə – köhnəliyin dibinə dartasan, yeniliyə bu qədər nifrət edəsən, yeni olan nə varsa hamısına allergiya hissi keçirəsən, amma yeni qaz yatağı tapılınca papağını göyə atasan, sevincinin həddi-hüdudu olmasın. Yəqin ki, heç Nyuton da yerin cazibə qüvvəsini kəşf edəndə belə sevinməmişdi.Sonra da deyəndə bunlar bu ölkənin dərdlərinin, problemlərinin deyil, sərvətlərinin sahibidir, cırnayırlar, əsəbiləşirlər. Biz deyəndə ki, Ilham Əliyev bütün azərbaycanlıların prezidenti olmağa söz vermişdi, amma axırda gedib bütün neft buruqlarının, qaz yataqlarının sahibi oldu, xətirlərinə dəyir, inciyirlər. Ağızlarını açanda deyirlər ki, bu ölkənin ən qiymətli sərvəti onun müstəqilliyidir, amma bir dəfə də olsun Müstəqillik Günündə xalqa iki cümləlik təbriki qıymırlar, di gəl, yeni qaz yatağı tapılınca xalqı düz 10 dəqiqə təbrik edə bilirlər. Beləcə, aydın olur ki, onlar üçün əslində, bu ölkənin gerçək sərvəti hansıdır: müstəqillikmi, qazmı?

Bir faktı da xatırladım. Hər kəs mənimlə razılaşar ki, faşizm üzərində SSRI-nin qələbəsinin dəyəri heç nə ilə ölçülə bilməz. Nə neftlə, nə qazla. Faşizm üzərində qələbə bütün bəşəriyyətin qurtuluşu idi. Və Stalin bu qələbə münasibəti ilə Sovet radiosunda cəmi bir neçə cümləlik təbrik nitqi söyləmişdi.Amma Ilham Əliyev özünün heç bir xidməti olmadığı hadisə – təbiətin lütf, fransız şirkətinin isə kəşf etdiyi qaz yatağı münasibəti ilə 10 dəqiqəlik təbrik nitqi söyləyir. Indi bu iki faktı müqayisə edəndə mən düşünürəm ki, biz ona “diktator” deyəndə diktatorlara qarşı haqsızlıq etmiş oluruq. Artıq nəsə başqa söz, başqa ad tapmaq lazımdı. Vəziyyət düşündüyümüzdən də ağırdı.

Taxıl əkə bilmirik, amma səməni əkməyin unudulacağından qorxuruq

Hakimiyyət illərdir şüurlarda Avropa qorxusu əkməklə məşğuldur. Avropa dəyərlərinə, Avropanın həyat və düşüncə tərzinə nifrət, qıcıq əkməklə məşğuldur. Xalqı şantaj edirlər, qorxudurlar, onun beyninə yeritmək istəyirlər ki, Azərbaycan avropalaşsa, öz keçmişindən, zəngin mədəniyyətindən, ənənələrindən, mentalitetindən qopacaq.

Razılaşaq ki, xalq arasında bu təbliğat heç də pis işləmir. Kütlədə Avropaya antipatiya hissini kifayət qədər yayğınlaşdıra biliblər. Bizim səhvlərimizdən biri budur ki, biz Azərbaycanı Avropaya təqdim etmək istəyirik, amma Avropanı azərbaycanlılara təqdim etmək, rejimin anti-Avropa təbliğatına qarşı əks-arqumentlər qoymaq (həm də sadə insanların anlayacağı dildə, üslubda!) haqqında yetərincə düşünmürük. Məsələn, hakimiyyət xalqa deyirsə ki, avropalaşmaq bizə öz keçmişimizi unutduracaq, o zaman da biz qayıdıb hakimiyyətə deməliyik ki, Rəsulzadəni, Cümhuriyyətin qurucularını da xalqa Avropamı unutdurur?Bunlar xalqın beyninə yeritmək istəyəndə ki, avropalaşmaq bizə öz qədimliyimizi yadırğadacaq, biz də qayıdıb deməliyik ki, bu xalqın qədimliyinin sizin üçün bir dəyəri varsa, niyə qorumadınız Azıx mağarasını? Bəlkə Azıx mağarası hansısa fransızın, almanın, ingilisin ikinci dəfə hakimiyyətə gəlməsi üçün qurduğu oyunların qurbanı oldu?

Bəli, fəlsəfə açmağa, elmi çıxışlara ehtiyac yoxdur, hakimiyyətin anti-Avropa təbliğatını alt-üst etmək üçün çoxlu sayda belə sadə, hər kəsin rahatlıqla anlaya və həzm edə biləcəyi arqumentlər gətirmək olar.

Mövzunun davamı kimi bunu da yazım. Dünən elə iqtidarın öz saytlarının birində Neftçala fermerlərinin bu il taxıl əkməkdən imtina etdiyi barədə yazı vardı. Fermerlər bunu taxılçılıqdan fayda götürməmələri, əksinə, zərərə düşmələri ilə izah edirlər. Hökumət bu sahəyə heç bir diqqət göstərmir-filan.

Sözümün məmmədqulusu nədir? Bu hakimiyyət sizi qorxudur ki, Avropa dəyərləri Azərbaycana gəlsə, milli adət-ənənələr unudulacaq. Məsələn, səməni əkmək yaddan çıxıb gedəcək. Deyək ki, doğrudan belədir. Amma yuxarıdan da oxuyub gördünüz: eyni hakimiyyət sizə taxıl əkmək, çörək kimi vacib ehtiyacınızı ödəmək üçün heç nə etmir, onun başı neftə, qaza qarışıb. Indi mən soruşuram: taxıl əkə bilməyib səməni əkməyin unudulmasından qorxmaq qədər gülməli nə ola bilər? Necə yəni, siz taxıl əkə bilməməkdən narahat deyilsiniz, amma nə vaxtsa səməni əkə bilməyəcəyinizdənmi qorxursunuz?
Ən əsası: sizi taxıl əkməyə belə, qoymayan bir zehniyyət, sizcə, nə vaxtsa səməni əkməyinizin yaddan çıxacağından əndişələnərkən səmimi ola bilərmi?