Yuxudan durub planeti sahmana salmaq («Bazar günü» layihəsində)

Bu dəfə mən yaxın bir dostumla Günəşin batmasına tamaşa etməyə getdim. Biz ikimiz də qürubu sevirik. Həmin anda həyatımın bütün anları mənə mənalı görünür. Gözlədik, qürub anında qəlbim coşdu və mən dostuma irad tutdum:

Belə bir dəyişməz qayda var. Səhər durdun, əl-üzünü yudun, özünü qaydaya saldın… dərhal başlamalısan planetimizi qaydaya salmağa. Sən isə belə etmirsən!

O an yadıma düşmüşdü ki, məşhur ədəbiyyat qəhrəmanı doğrundan da belə edirdi. Amma onun gördüyü işlər hərfi mənada buna uyğun gəlirdi. Baobab ağaclarını kəsirdi, güllərə qulluq edirdi, bu azmış kimi onları quzulardan qoruyurdu. Quzular gərək gülləri yeməyəydi. Nəyisə quzulardan qorumaq qədər də əsəbi heç nə yoxdur. Bir var canavarlardan nəyisə qoruyursan, məsələn elə quzuları. Bir də var həmin quzulardan gülləri qorumağa məcbursan.

Mən qüruba tamaşa etdikcə düşündüm ki, bu işlər adamı çox əsəbiləşdirir. Baxırsan ki, canavarlardan qoruduğun quzular gülləri yeyir. Həmin vaxt quzuları canavar balası kimi əzişdirməkdən özünü zorla saxlayırsan. Bir dəfə bir qocaman ictimai fəaldan buna bənzər təəssüf eşitmişdim: bəzən haqlarını qoruduğumuz insanlar haqlarımızı pozurlar.

Bax, planeti qorumaq, sahmana salmaq bu qədər təzadlı, əsəbi bir işdir. Amma bilmirəm siz necəsiniz, siz də yuxudan duranda planeti sahmana salmaq barədə düşünürsünüzmü? Yoxsa siz belə adamlara doyunca gülürsünüz, onları sarsaq sayırsınız? Etiraf etməliyik ki, belələri doğrudan da adi görünmür. Qalır bu qeyri-adiliyə ya gülmək, ya da həsəd aparmaq…

Yaxşı ki, səhərlər Günəşə tamaşa etmək, axşamlar isə qürubu seyr etmək kimi gözəl anlar var.  Onda düşünmək kimi çətin bir iş də asan olur…

Acı da olsa deyim ki, məhz nəyi qorumaq həm də təfəkkür məsələsidir. Ya siz xırda miqyaslarda düşünürsünüz, yaxşı və pis adam olmağınızdan asılı olmayaraq. Ya da yaxşı və pis adam olmağınızdan asılı olmayaraq, planetar düşünürsünüz. Hətta proletarlar planetar düşünə bilərlər. Qalır taleyinizi seçmək. Yəni sən planeti, ya elə bəşəriyyəti, ya bir xalqı, ya bir ölkəni qorumaq haqda düşünürsənmi? Bu, taleyin ən ciddi sualıdır. Pafoslu sualdır, amma hamı bu suala cavab verməyə məcburdur həyatda.  Hamı. Kim desə ki, mən bu suala cavab verməli olmamışam, onda bu adam həyatı boyu heç bir suala cavab verməyib…

Məsələn, qonşunun evini su basır, sən öz ayaqqabılarını palçığa bulaşdırmamaq üçün yönünü çevirib gedirsən – artıq sən o suala cavab verdin. Odur ki, biz keçək başqa suala…

Bəs planeti qaydaya salmaq, ümumiyyətlə, mümkündürmü? Yoxsa bu yaxşı iş sadəcə xülyadır, romantikadır? Mümkündürmü? Don Kixotluq deyil ki?!Bu anda dostum mənə baxdı.  Nəsə demək istəyirdi. Deyəsən, ürəyi dolu idi:

– Yuxudan duranda həmişə dişlərimi yuyur və zarafatla deyirdim ki, dişlərimi itiləyirəm. Heç vaxt planeti sahmana salmağın mümkünlüyünə inanmazdım. Amma bir gün bu planetdə işlərim qaydasında getmədiyi üçün həbsə düşdüm. Başqa acılar öz yerində, Bayıl türməsində 10 gün ərzində dözə bilmədiyim siqaret iyi və natəmizlikdən min bir əziyyət çəkdim. Amma bir gün qapılar açıldı və əmr etdilər ki, hamı hazırlaşsın – planetin başqa yerinə köçürük. Gəldik təzə tikilmiş  təcridxanaya.  Ora çatanda gözlərimizə inanmadıq, lap mehmanxana kimi görünürdü. Kimsə məmurdan, ya keşikçidən soruşdu ki, bu nə məsələdir, gün haradan çıxıb, bizə belə insan şəraitini yaratmaq kimin ağlına gəlib. Məmur da acıqlı bir cavab verdi:

Görmürsünüz, bir qrup adam yazır, danışır, şüar qışqırır, irad tutur. Avropadan da bura min söz gəlir, axırı hökumət də buranı tikdi…Cəmi 45 gün həbsdə olan dostum dayandı və qüruba baxıb davam etdi:
Həmin an səhər yuxudan durub planeti sahmana salmaq istəyən adamlar haqda düşündüm.

Dostum bir az kövrək görünürdü. Qüruba tamaşa edərkən belə hallar olur. Həmin gün biz Günəşin batmasını sonacan izlədik. Zövqlü idi…