Ərdoğanla Sarkozi diktatorların qəniminə çevrilir

Fransa prezidenti ilə Türkiyənin baş naziri avtoritarlara qarşı sərt addımlar atmaqda yarışa girib

Zəfər Quliyevin fikrincə, hər iki ölkənin fəallaşması avtoritar rejimlərə yaxşı heç nə vəd etmir

Dünyada avtoritar rejimlərin sayının azaldılması istiqamətində sanki bir rəqabət getməkdədir. Türkiyə baş naziri Ərdoğan və Fransa prezidentinin bir-birinin ardınca diktatorları hədələyən bəyanatlarla çıxış etməsi buna sübutdur. Hər iki dövlət rəsmisi diktatorları bir növ hədəf götürməklə avtoritar idarəçiliyə müasir dünyada yer olmadığına işarə edirlər. Fransa və Türkiyənin bu rəqabətə girməsini türk kanallarında gedən müqayisəli reportajlara nəzər salanda da görmək olar. Belə ki, türk kanalları Ərdoğanın Misir, Tunis və Liviyaya son səfəri zamanı qarşılanmasının görüntülərini Sarkozinin bu ölkələrə səfəri zamanı qarşılanma görüntüləri ilə müqayisə ediblər. Bəs iki nəhəng ölkə arasında gedən bu rəqabət avtoritar ölkələrə nə vəd edir?
Siyasi şərhçi Zəfər Quliyevin fikrincə, hər iki dövlət arasında rəqabətin getdiyi görünsə də, Ankara və Paris hazırda geosiyasi duruma uyğun addım atırlar. Artıq dünya birliyində avtoritar rejimlərə qarşı müharibənin elan olunduğunu deyən Z.Quliyev bildirdi ki, Fransanın Avropanın lider ölkəsi olmaq istəyi daimə onun nüfuz savaşına girməsinə səbəb olur: “Mən deməzdim ki, bu iki ölkə şüurlu şəkildə rəqabətə giriblər. Amma regionda gedən proseslər bu iki ölkəni fəallaşdırıb. Fransa son vaxtlar Qarabağ məsələsində də fəallığını artırıb. Hazırda dünyada baş verən proseslər, əslində, ABŞ-ın siyasətinin nəticəsidir. Bu ölkələr də Amerikanın partnyoru olduğuna görə bu prosesdə fəal iştirak edirlər”.
Z.Quliyevin sözlərinə görə, dünyada gedən proseslər, böyük dövlətlərin fəallaşması avtoritar ölkələr üçün yaxşı heç nə vəd etmir. Avtoritar ölkələrin dünyada hazırda cərəyan edən proseslərdən düzgün nəticə çıxaracağı təqdirdə təhlükəli ssenarilərdən qaça biləcəyinin mümkün olduğunu düşünən Z.Quliyev vurğuladı ki, dəfələrlə Afrika ölkələrinə bu istiqamətdə xəbərdarlıq edilsə də, onlar buna məhəl qoymayıblar. Bu baxımdan həm Latın Amerikasında, həm də postsovet məkanında olan ölkələrə oxşar mesajlar göndərilib: “Son zamanlar aktiv formada avtoritar rejimlərə qarşı xəbərdarlıqlar edilir. Amma çox nadir hallarda avtoritar rejimlərin liderləri dünyada cərəyan edən proseslərdən düzgün nəticə çıxarıb islahatlara gedirlər”.

Xəyal