Rəsmi Tiflis: «Nə Ermənistan hakimiyyəti, nə də Gürcüstan erməniləri ölkə hakimiyyətinin onlara etdikləri yaxşılıqları qiymətləndirə bilir»
“Ermənilər hər şeyi əldə etmək istəyirlər, amma bunun əvəzində heç nə vermək istəmirlər”. Bu fikirləri Gürcüstanın Ermənistandakı səfiri Qriqori Tabatadze ABŞ-ın bu ölkədəki səfiri Mari Yovanoviçlə görüşündə səsləndirib. ABŞ səfiri də öz növbəsində Vaşinqtona göndərdiyi teleqramda bu barədə yazıb. “Wikileaks”in açıqladığı sənədlərdən biri də məhz səfirin sözügedən teleqramıdır.
“Gürcüstanın Ermənistandakı səfiri Qriqori Tabatadze hesab edir ki, erməni hakimiyyəti 2008-ci ilin avqust ayında – Gürcüstan və Rusiya arasında yaranmış müharibədən sonra rəsmi Tiflisin zəifliyi və psixoloji durumundan istifadə edərək, sərhədlərin demarkasiyası və Gürcüstandakı erməni kilsələrilə bağlı Gürcüstan hakimiyyətinə qarşı tələblərini tədricən artırır. Nə Ermənistan hakimiyyəti, nə də Gürcüstan erməniləri Gürcüstan hökumətinin onlara etdikləri yaxşılıqları qiymətləndirə bilir. Əksinə, onlar çox və daha çox tələb edirlər”, – deyə səfir vurğulayıb.
Tabatadze qeyd edib ki, Ermənistan hakimiyyətinin tələbləri belə davam etsə, Gürcüstanın Xarici Işlər Nazirliyi bu ölkə ilə sərhədləri bağlamaq məcburiyyətində qalacaq.
Amma bununla belə, Gürcüstan hakimiyyəti gələn ilin fevral ayında Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə qeyri-rəsmi səfərini gözləyir. Məhz bu səfər zamanı iki ölkə arasında sərhədlərin delimitasiyası və digər maraq kəsb edən problemlər müzakirə olunacaq
Səfir vurğulayıb ki, Gürcüstan Samtsxe-Cavaxetiyada yaşayan etnik ermənilərə hər zaman güzəşt edir. Onun sözlərinə görə, hökumət onlara öz dillərində danışmağa imkan verir. Bu səbəbdən də bu gün Gürcüstanda 144 erməni məktəbi fəaliyyət göstərir və hətta onlar imtahanlarını da erməni dilində verirlər.
Səfir yazıb ki, Ermənistanın Gürcüstana təzyiqi anlaşılan deyil: “Ermənistan hakimiyyətinin dəfələrlə irəli sürdüyü iddialar anlaşılan deyil. Buna görə də bütün bu problemlərin həlli üçün bir az zaman lazımdır”.
Amma bununla belə, Gürcüstanın Xarici Işlər Nazirliyi yenə də hesab edir ki, ermənilərə “dərs verməyin” vaxtıdır: “Əgər onların tələbləri bundan sonra da davam etsə, Gürcüstan Ermənistanla sərhədləri bağlayacaq. Bir gün biz bu sərhədləri bağlayacağıq” (“anspress”).



