Dünya sənətinə incilər bəxş edən Təbriz xalçaçılıq məktəbi

Azərbaycan xalçaçılığının ilk mərkəzlərindən biri

Azərbaycanda xalçaçılıq nümunələrinin yarandığı ilk şəhərlərdən biri Təbrizdir. Bu şəhərdə toxunan “Ləçəktürünc” kompozisiyalı xalçalar hər yerdə məşhur idi. Bundan başqa,  “Leyli və Məcnun”, “Dörd fəsil”, “Təbriz” fərqli dizaynı ilə seçilirdi. Təbriz xalçaçılıq məktəbinə mənsub olan xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbi olub, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.Öz kompozisiya tələbatına, süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur. Lakin əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Sücetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çevrilir, artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları, ov motivləri naxışlarla əvəz olunur.

Təbriz xalçalarının ənənəvi əlamətlərindən biri xalçalardan Azərbaycan memarlığının Göy Məscid,”Ucaytu Sultaniyyə” kimi abidələrin təsvir olunmasıdır. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksini Təxti-Cəmşidin xarabalıqları, habelə din xadimlərinin klassik şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.

Təbrizin şah əsəri- “Şeyx Səfi” xalısı

Təbriz xalçaçılarının toxuduqları ən məşhur xalçaçılıq nümunəsi “Şeyx Səfi” xalısıdır. On altıncı əsrə aid sənət əsəri hal-hazlrda Londonun Viktoriya və Albert muzeyinin şah əsərlərindəndir.

Təbrizdə toxunmuş “Ləçəktürünc” kompozisiyalı məşhur “Şeyx Səfi” xalısının tarixi 1539-cu ilə aiddir.

Bu, 1539- cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. 1893 cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparmışlar. Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 m olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Həmin kompozisiyanın yuxarı və aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. Ətrafdakı saysız hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.Azərbaycan xalçaçılıq mədəniyyətinin əvəzsiz incisi olan bu mükəmməl sənət əsərinin təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nücxə Azərbaycan Müasir Incəsənət Muzeyində sərgilənir.

Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycanın iki yerə parçalanması ilə Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada “Iran xalçaları” adı ilə tanındı.

Artıq XI-XII əsrlərdə çiçəklənmə dövrü keçirən Təbriz xalçaçılıq məktəbi XIII-XIV əsrlərdə Təbriz miniatür məktəbinin bədii xüsusiyyətlərini mənimsəmiş, XVI-XVII əsrlərdə yüksək inkişaf mərhələsinə çatmışdı. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbriz məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200-ə qədər şah əsərləri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.

Təbriz məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil. Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir: “Təbriz xalçası”, “Geris xalçası”, “Ləçəkturunc xalçası”, “Əfşan xalçası”, “Ağacalı xalçası”, “Dörd fəsil xalçası”.

Ərdəbil qrupu isə: “Ərdəbil xalçası”, “Şeyx Səfi xalçası”, “Sərabi xalçası”, “Şah Abbası xalçası”, “Mir xalçası” kimi xalçaları ilə məşhurdur. Bu qrupun yüksək inkişaf səviyyəsinə çatmış bədii və texniki xüsusiyyətlərinə görə ənənəvi xüsusiyyətləri zaman keçdikçə Azərbaycandan kənarlarda da məşhurlaşmağa başladı.

Təbriz məktəbinin xalça nümunələri

“Geris” xalçalarının adları Təbrizin şimal-şərqində yerləşən “Geris” və ya “Gəpəz” qəsəbəsinin adları ilə bağlıdır. “Geris” xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan “Ləçəkturunc” kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb.

“Serabi” xalçaları adlarını Təbriz və Ərdəbilin arasında yerləşən Səraba şəhərindən götürüb. Sərabi xalçalarınını bir neçə növü mövcuddur.

Orta hissəsi şaquli xətlərlərlə doldurulan xalçalar Sərabi xalçalarının birinci variantını təşkil edir. Bu şaquli xətlər bir-birinin ardınca assimmetrik düzülmüş çiçəklənmiş budaqlarla bəzənmişdir.

Orta sahənin mərkəzində bir gel yerləşən xalçalar Sərabi xalçalarının ikinci variantını təşkil edir. Xalçalar gözəldir və rənglər harmoniya təşkil edir.“Mir” -Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adları Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan “Mərəzə” və “Hilə buta” xalçalarını xatırladır. “Mir” xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir.“Ağacalı” – xalçaları öz adlarını istehsal olunduqları yerin adına görə deyil, kompozisiyasına görə adlanırlar. Iranda bu xalçalar “Dəraxti”, Əfqanıstanda “Baqqi”, Azərbaycanda isə “ağacalı” kimi məşhurdurlar. “Ağacalı” kimi tanınan xalçaların orta sahəsi, əsas etibarilə, bir və ya bir neçə ağac və kollardan ibarətdir, nadir hallarda isə ağac qruplarından ibarət olur. ağacların müxtəlif növləri olur. Qədim dövrlərdə əfsanəvi hadisələr, məhəbbət səhnələri, mifoloji, bəzən isə dini fantastik süjetlər bu kompozisiyaların əsas süjetini təşkil edirdi.

“Şah Abbası” xalçalarının adları Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın adı ilə bağlıdı. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan Iranın daxili rayonu olan Isfahan şəhərinə köçürüb “Qum – Şah Abbası” xalçası “Şah Abbası gülləri” adlı orijinal formalı elementləri ilə səciyyələnir. Onlar əsas etibarilə fantastik güllər, həmçinin əncir yarpaqlarından ibarətdir

Bədii və texniki cəhətdən yüksək səviyyəyə çatmış Təbriz xalçaçılıq məktəbinin ənənəvi xüsusiyyətləri vaxt ötdükcə Azərbaycandan kənarda da tanınmağa başladı.

Bu dövrun sücet-mövzulu xalçaları Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin dəyərli abidələrindəndir, onun öyrənilməsi üçün zəngin faktiki material rolunu oynayır.

Süjetli xalçalar bütün mümkün mövzular əsasında toxunurdu, bu mövzular arasında əsasən “ovçu”, “heyvan”, illyustrasiyalı ədəbi Süjetli, dini mövzuya həsr olunmuş mövzular daha çox sevilən idi.

Təbrizdə “Dörd fəsil” ənənəvi təsvirli xalçalar istehsal olunurdu (Ilin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır.Xalçaların ən dəyərlisi onun ilmələrinin həm sayca, həm də çalarca zəngin olmasıdır ki, bu sahədə Təbriz xalçaları birinciliyini bu günə qədər qoruyub saxlayır…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir