Misir Mərdanov doğum gününə kimi vaxt alıb

Təhsil naziri dövlət təltifi ilə yola salınmasını istəyir

Təhsil naziri Misir Mərdanovla bağlı yeni məlumatlar əldə etmişik. Məlumatlarda bildirilir ki, Misir Mərdanovun işdən çıxarılması ilə bağlı sərəncamın yubanmasının özəl səbəbləri var. Iddialara görə, təhsil naziri də baş nazirin sabiq müavini Abbas Abbasov kimi dövlət təltifi ilə yola salınmasını istəyir. Danışıqlar nəticə verib.
Oktyabrın 3-də nazirin 65 yaşı tamam olacaq. Bildirilir ki, bu münasibətlə Ilham Əliyev Misir Mərdanovu təltif edəcək. Bundan sonra nazir 65 yaşı tamam olduğu üçün istefa verdiyini açıqlayacaq. Bu, həm də qulluq yaşı keçmiş digər məmurlara nümunə olacaq.
Misir Mərdanovun istefaya göndəriləcəyi barədə xəbər bir neçə gün əvvəl yayılıb. Həmin xəbərdə nazirin sərəncamının hazır olduğu, lakin hansısa səbəbdən elan olunmasının yubandığı əks olunub. Bu məlumatdan bir gün sonra Misir Mərdanovun üç müavini – Isgəndər Isgəndərov, Iradə Hüseynova və Elmar Qasımov tutduğu vəzifədən azad edilib.

İnformasiya şöbəsi