Ictimai Palatanın 2 aprel aksiyasını təşkil etməkdə təqsirləndirilən Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının işi üzrə məhkəmə prosesi davam edir.Qəribə vəziyyətdi. Ittiham olunanlar boş yerə, yəni siyasi səbəbdən həbs olunduqlarını bilir, eyni şeyi onları müdafiə eləyən vəkillər də, hakim də, dövlət ittihamçısı da, “şahidlər” və “zərərçəkənlər” də bilir. Qəribəlik ondadı ki, hər iki tərəf hər şeyi bilə-bilə, biri müdafiə olunmağa, biri isə “cinayəti” sübut eləməyə məcburdu. Bu, bir mənzərədi. Bir insan mənzərəsi. Şərhə də gərək yoxdu. Şərhi serjant verir:
1) Şahid – Çevik Polis Alayının (ÇPA) baş serjantı Ilqar Rüstəmov. “Avtobusda hər kəsin şüar qışqırdığı halda nəyə görə məhz Məcidli sizin diqqətinizi cəlb edib?” sualına cavab verir: “Çünki onun şüarları camaatı qıcıqlandırırdı”. Deməyəsən, bu şəxs yüz adamın dediyi eyni sözdən, səsdən-küydən məhz hansının ətraf mühitdəki insanları “qıcıqlandırdığını” ayırd eləyə bilirmiş. Bəs qıcıqlanma nə imiş? Bu suala cavab verir: 2) Şahid – Nəsimi polisinin baş əməliyyat müvəkkili, kapitan Azər Məmmədov. Arif Hacılıya deyir: “Nolsun az adam düşüb şəkildə, siz irəlilədikcə camaat sizə qoşulurdu da. Bu dəqiqə gedək şəhərin mərkəzinə, ”Azadlıq” qışqırın, görün, nə qədər çox adam sizə qoşulacaq”, – deyir. Qıcıqlanan adam onu qıcıqlandırana qoşularmı? Bu sualımıza cavab verir:
3) Nəsimi polis idarəsinin mayoru Ibrahim Ismayılov. Bildirir ki, Arif bəyin yaxınlığından keçən avtomobildəki adamların da yumruqlarını pəncərədən çıxararaq “biz sizinləyik” deyərək, dəstək verdiklərinə şahidlik edib. Deməli, xalq müxalifəti dəstəkləyir, o zaman polis niyə xalqa qarşı durur, bu cinayət deyilmi? Cavab verir: 4) Şahid – ÇPA baş serjantı Zöhrab Ismayılov. Deyir, M.Məcidli vətəndaşları polisə tabe olmamağa çağıran şüarlar səsləndirib, yəni: “Azadlıq” sözünü qışqırıb. Demək, bu sözü dilinə gətirən istənilən adam həbs edilməlidi. Demək, “Azadlıq” sözü cinayət tərkiblidi. Demək, bu hakimiyyət azadlığın düşmənidi, azadlıq da onun. Polisin başqa hansı düşməni var? Cavab verir:
5) Polis serjantı Adil Fərəcullayev. Qızlar! Onu qızlar vurubmuş! Hakim isə serjantdan soruşur: “Sizi işə götürəndə başınızı yoxlayıblar?”. Hakim bəy, başı yox, vicdanı. Elə sizin də sabah çıxaracağınız hökm hamıya bəllidi – “Yuxarıdan necə desələr…”. Xalq da sizdən bir şey soruşacaq: Bəs Yuxarılar sifarişlərini hansı əlifba ilə yazır? Çox gözəl cavab verir:
6) Serjant Rəşid Gözəlov. A-a! O ki, nə kiril, nə də latın əlifbası ilə oxuya bilirmiş. Yox, niyə, ama sadəcə eynəklə. Ona eynək verin. Yox, onun eynəyi ayrı cürdü. Gözyaşardıcı qazla işləyir. Bəs bu adam şahid ifadəsini necə yazıb… Ərəb əlifbası ilə olmasın? Cavab verir:7) Sabunçu rayon polis idarəsindən Xətai Məmmədov. “Nə bilim… Mənim səhər yediyim günorta yadımdan çıxır”. Bəs hadisə necə olub? O, nə cür qazla işləyən eynəkdi? Qoy bir “zərərçəkmiş” cavab versin:
…316 saylı avtobusun sürücüsü Sarvan Məhərrəmov: “Polislər içəri qaz buraxdılar. Qazın təsirindən gözlərim şişmişdi. Elə bildim öləcəm. Nəfəs almaq olmurdu. Mən özüm də boğulurdum”. Sarvan qardaş, sən hələ də elə hesab eləyirsən ki, boğulmayıbsan? Boğulmamışıq? Hələ sağ olduğunu zənn eləyirsən? Görünür, sənin də yadından bu çıxıb. Yaxşı, birinin “başı yoxlanılmayıb”, birinin “səhər yediyi günorta yadından çıxır”, biri qızlardan inciyib kişilərə “iş verməyə” gəlib… Biri boğulub. Bu rejimin şikəst qoyduğu insanlardı bunlar. Ağlayanları yoxdu. Bəs insanların mənən şikəst edilməsi üçün əvvəl-axır biri cavab verəcək, ya yox, hakim bəy? Sizi dinləyirik…