Naxçıvan rəhbərliyindən bir qrup şəxsin adı Vaşinqtona göndərilib
Naxçıvanda insan haqlarının ən kobud şəkildə pozulması və bu bölgədə dünyanın ən qapalı rejimlərindən birinin mövcud olması Qərb institutlarını təngə gətirib. Bakıdakı diplomatik çevrələrə yaxın qaynaqlardan “Yeni Müsavat”a məlum olub ki, neçə vaxtdır Birləşmiş Ştatlarla Avropa Ittifaqı, habelə ATƏT arasında “xan”ın rejimini necə cilovlamaq barədə müzakirələr gedir.
Bu məsələ ABŞ administrasiyası tərəfindən qaldırılıb, çünki Naxçıvan Iranla həmsərhəd anklav bölgə olduğu üçün Vaşinqton orada olduqca qapalı rejimin mövcud olmasını regiondakı maraqlarına ciddi təhdid sayır. Amerikalılar bildirirlər ki, indi Naxçıvan Irana qarşı beynəlxalq sanksiyaların “dəlindiyi” əsas yerə çevrilib. Mənbənin bildirdiyinə görə, ABŞ ictimaiyyətə elan etməsə də, belə qərara gəlib ki, Naxçıvandakı rejimin rəhbərliyindəki bəzi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilsin. Xəbərdə deyilir ki, ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən bugünlərdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov başda olmaqla, yerli hakimiyyətin rəhbərliyini təşkil edənlər, əsasən güc strukturlarının rəhbərlərindən ibarət olan bir qrup şəxsin adı fərdi sanksiyaların tətbiq edilməsi üçün Vaşinqtona göndərilib. Bu da təsadüfi deyil. Çünki ABŞ prezidenti Barak Obama bir neçə həftə əvvəl dünyada insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan, xalqa qarşı cinayətlər törədən vəzifəli şəxslərə qarşı sanksiyaları leqallaşdıran xüsusi fərman imzalayıb. Bu fərmana əsasən, həmin kateqoriyadan olan şəxslərin ABŞ-a girişi qadağan olunur və müəyyən hallarda onların bank hesabları, əmlakları dondurulur. Fərman belə şəxslərin siyahısının müəyyən edilməsini dövlət katibinə həvalə edir. Dövlət katibi isə öz növbəsində xarici ölkələrdəki ABŞ səfirliklərindən göndərilən siyahılar əsasında qərar çıxarmalıdır. Bildirilir ki, həmin fərmanın imzalanmasından az sonra ABŞ-ın xaricdəki səfirliklərinə, o cümlədən Bakıdakı səfirliyə müvafiq təlimat göndərilib. Mənbənin bildirdiyinə görə, səfirlik Naxçıvandakı rejimin mənsublarının adlarını fərdi sanksiyalara məruz qala biləcək şəxslərin siyahısına daxil edib və Vaşinqtona göndərib. Siyahı Naxçıvanda insan haqlarının pozulmasına, vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin təqib olunması və işgəncələrə məruz qalmasına dair faktlarla əsaslandırılır. Siyahıdakı məmurların bu faktlara görə necə məsuliyyət daşıdığı göstərilir.
Hələlik Bakıdan göndərilən siyahı ilə bağlı Vaşinqtonda hansı qərarların qəbul edildiyi barədə məlumat yoxdur. Ancaq gözlənilir ki, ABŞ hökuməti siyahıdakı şəxslərə qarşı viza qadağası, yaxud bank hesablarının bağlanması kimi qadağalar tətbiq etsə də, bu barədə məlumat ictimaiyyətə açıqlanmayacaq. Qadağaların mövcudluğu ancaq bu şəxslərin ABŞ-a viza üçün müraciət etməsi, yaxud Amerikadakı bank hesablarında əməliyyat aparmaq istəməsi halında özünü göstərəcək. Bu istiqamətdə əldə olunan digər məlumata görə, hakimiyyətdəki bəzi məmurlar xarici banklardakı pulları üzərində əməliyyatlar etməyə cəhd göstəriblər və bunun mümkün olmadığını görəndə xeyli təəccübləniblər. Hələlik onlar məhdudiyyətlərin səbəbləri ilə bağlı tutarlı izahat ala bilmirlər. Lakin ehtimal edilir ki, Qərbdən korrupsioner, insan haqlarını pozan xarici məmurlara mümkün olan bütün üsullarla təzyiq etmək siyasətinin məsələyə dəxli var.