Diktatormu, nüvə silahımı?

Dünya dövlətləri silahlanmaya, xüsusən də nüvə və kimyəvi silahların yayılmasına qarşı çıxır, danışıqlar aparır, embarqolar tətbiq edir, iş bəzən hətta müharibə həddinə gəlib çatır. Lakin sanki yaddan çıxarılır – axı bu silahlanmanı, bu silahlardan istifadəni də insanlar həyata keçirir, düyməni basan hansısa robot deyil, əti-qanı-şüuru olan insandı, daha konkret desək bir dövlət başçısıdı, həmin dövlət başçısının yaratdığı rejimdi. Ona görə də, dünya artıq öz yanaşmasına yenidən baxmalı, nəticəyə yox, səbəbə qarşı mübarizə aparmalı, tədbirlər tökməlidi. Həm də bu, silahlanmaya qarşı aparılan mübarizədən daha kəskin, daha çevik, daha qanuni və ən əsası daha ədalətli olmalıdı. Çünki silahlanma məsələsindəki qarşıdurmalarda həmişə bir arqument dünya ictimaiyyətində haqlı olaraq şübhələr yaradır və hansısa ölkəyə qarşı embarqoların tətbiqini birmənalı qəbul eləmir. Sual çox sadə və net qoyulur, məsələn: “Nədən ABŞ-ın, Israilin və başqa dövlətlərin nüvə silahı olsun, tutaq ki, indiki halda Iranın yox?”. Bu suala cavab da adətən, elə sadə olur: “Demokratik və dünya düzəni içində olmayan, dinc yanaşı yaşama prinsiplərinə məhəl qoymayan, özünə daim düşmən dövlətlər siyahısı uyduran rejimlərin o silahla hər hansı bir an necə davranacağı məlum deyil…”.

Məsələ gəlib yenə də insan və onun yaratdığı rejim faktoruna dirənir. Deməli, məsələyə də məhz buradan, problemlərin baş hərfi olan Insandan, onun içindəki mənfi meyllərin cücərdiyi nöqtədən yanaşmaq, tədbir tökmək lazımdı. Zatən bütün problemlərin kökündə çeşidli təyinatı olan silahlar deyil, onları idarə eləyən başdakı insan durur.

Lakin silahlardan qabaq həllinə çalışılmasını arzuladığım məsələnin də əsasları ciddi nəzəri şəkildə hazırlanmazsa, o da eyni iradla qarşılaşa bilər: “Niyə filankəsə dinmirsiz, məndən yapşıbsız?”.

Eyni irada elə Ilham Əliyevin VikiLeaks-da yayılan bir neçə söhbətini, eləcə də hansısa xarici jurnalistin “özünü kral kimi hiss eləmək”lə bağlı sualına verdiyi cavabı nümunə göstərə bilərik. O, Avropanın göbəyində kralların olduğunu xatırladır – müqayisə uğursuz olsa da, bu faktdan həvəslə yapışır.

Əliyev özünün diktator və yırtıcı adlandırılmasından qıcıqlanaraq, dərhal Gürcüstan prezidentinin, Ukrayna dövlət başçısının hansısa “əməllərini” yada salır, hətta birini Şimali Koreya diktatoruna bənzədir, narazılığını bildirir, ikili yanaşmadan gileylənir. Deyim ki, hardasa haqlıdı da. Təbii ki, həmin söhbətlərin getdiyi məqamda o nə Lukaşenkonu, nə ərəb, nə Orta Asiya diktatorlarını yada salır, daha çox kimlərin demokrat olduğunu anlayır və onları da xatırladır. Yəni özünü onlarla bir tərəzidə görmək istəyir, o biri “həqiqilərlə” yox. Çünki adlarını çəkmədiklərinin gerçək diktator olduqlarını bilir, öz şüuraltısıyla onalarla müqayisəni özünə, “avropalı kimliyinə” sığışdırmır. Bunun özü də xüsusi məqamdı və Əliyev bu məqam haqda ciddi düşünsəydi, daha yaxşı nəticə verərdi, heç olmasa Gürcüstan prezidenti qədər “Şimali Koreya diktatoru” olsaydı, Azərbaycan da axır ki bir günə çıxardı.

Beləcə, fikrimizi aydınlaşdırmağın məqamı gəldi. Deməli, dünya birliyi bir araya gəlməli, hər cür totalitar, avtoritar və nəhayət sonucda diktaturaya gətirib çıxaran rejim başçılarına, ümumiyyətlə, o rejimlərə qarşı açıq və net qərar qəbul etməli, demokratiyadan başqa istənilən rejim yasaq olunmalı, dövlətlər buna imza atmalı, bunun üçün ümumdünya nəzarət şurası yaratmalı və o qərardan sonra istənilən o tip dövlət başçılarına qarşı tədbiri qanun şəklinə salmalıdır ki, bəşəriyyətin canı bu idbar və ibtidai instinktlərə əsaslanan rejimlərdən qurtulsun. Onsuz da indi dünyanın o yola qədəm basdığı açıq-aydın görünür. Bir də bunu yasalaşdırsalar deyirəm…