Lap “Həm ziyarət, həm də ticarət” filmində səslənən lətifənin personajının – şəkili Əhmədiyyənin vəziyyətinə düşmüşük. Bəli, gecə-gündüz Allaha əl uzadıb yalvarırıq ki, elə eləsin ki, biz də bir maşın udaq. Allah da bizə deyir ki, ey mənim bəndələrim, siz bir aşağı düşüb bir lotereya alın ki, mən də siz bəndələrimə kömək edə bilim! Amma hanı bizdə o cəsarət… Aşağı düşməyi bacarsaydıq, evimizdən beş addım o yana getmək əlimizdən gəlsəydi bizim də çox işimiz düzələrdi. Bəli, bu yaxınlarda eşitdim ki, Azadlıq meydanının altında çoxmərtəbəli qaraj tikmək istəyirlər. Daha bundan sonra oraları heç yuxuda da görə bilmərik. Ağzımızı açan kimi deyəcəklər ki, istirahətə gəlmiş insanlara mane olursunuz, onların maşınları üçün təhlükə yaradırsınız.
Bəli, heç olmasa maşınımız olsaydı aparıb saxlayardıq həmin çoxmərtəbəli, yeni qarajda, bununla özümüzə bir toxtaqlıq verərdik. Meydanın üstündə olmasa da, altında bir doyunca ağlayardıq, ötən günləri, kükrədiyimiz vaxtları bircə-bircə yada salardıq. Amma əcəb vaxtlar idi! Hanı o günlər? Bəzən mənə o günlər bir nağıl kimi gəlir, sanki heç olmayıbmış. Bəlkə doğrudan olmayıb? Bəlkə bir yuxu imiş bütün bunlar? Bilmirəm. Yaxşı ki, meydanın üstündə bir fəvvarə də quraşdırmaq fikrinə düşməyiblər, olardı yeni bir istirahət parkı. O gün də yəqin, çox da uzaqda deyil. Bilirsiniz, məni ən çox nə düşündürür? Görən, işləməyən fəvvarələrə, fontanlara, qurumuş şəlalərə maraq bunlarda haradandır? Iyul ayında, bərk istilər vaxtı, çox istəyirdim bir parkda oturub ayaqlarımı suya sallayım. Bir-iki yerə baş da çəkdim, heç birində fəvvarə işləmirdi. Əvvəlcə təəccübləndim, amma tez də özümə toxtaqlıq verdim ki, axı, bu, maketlər ölkəsidir! Burada hər şeyin yalnız maketi olur. Və yadıma ötən illərin ideoloji ştampı düşdü: formaca milli, məzmunca internasional! Indi biz də formaca demokratik və məzmunca avtoritar, özü də sərt avtoritar bir rejimdə yaşayırıq. Bilmirəm, bu hadisə həqiqətən olub, yoxsa bu da elə bir uydurmadır, hər halda, söhbət S.Türkmənbaşının vaxtından gedir. Sən demə, o, xəstəxanalardan birinə bir təcili yardım maşını bağışlayıbmış. Bəli, bütün kanallar gecə-gündüz həmin maşını göstərirmiş. Indi bizdə məktəb təmir edirlər. Az qala prezidentdən tutmuş nazirə qədər hamı onun açlışına gedir, bütün kanallar ancaq bunu göstərir. Bu hesabla çatdıq Türkmənistan deyilən məmləkətə, daha elə bir fərqimiz yoxdur.
Bir sözü dedim, başqa bir söz yadıma düşdü. Deyilənə görə, həmin Türkmənbaşı dövlət rəsmilərimizə bir arzu da edibmiş, deyibmiş ki, arzum budur, Qarabağda da neft tapılsın!.. Qarabağda neft tapılsaydı nə olardı? Yəqin, bizim bu hakimiyyət Qarabağı o saat, bircə günün içində azad edərdi…Dördüncü kim olacaq?
Hə, söhbət dördüncü prezidentdən gedir. O, 2013-cü ildə də, 2018-ci ildə də hakimiyyətə gələ bilər. Mən münəccimlik etmək istəmirəm. Bu yaxınlarda bir söhbətdə iştirak etdim. Elə orada bu qısaca qeyd ağlıma gəldi. Həmin bu kəs kimdirsə, cəmiyyət onu yox, o cəmiyyəti axtarmalıdır. Sovetlər vaxtında bir dəfə R.Reyqandan yazılmışdı. Indi bilmirəm, bu, nə dərəcədə həqiqətdir, amma həmin yazıda deyilirdi ki, Reyqan gəncliyində küçədə adamları ayaq saxlayıb onu dinləməyə çağırırmış və deyirmiş ki, mən gələcəkdə sizin, bəli, sizin prezidentiniz olacam! Təsəvvür edirsinizmi? Düşünürəm ki, indi bizim prezidentimiz olmaq istəyən müxlifət adamı da belə olmalıdır. Yox, məsələ heç də onda deyil ki, küçələrə düşüb adamları saxlayasan. Bizimkilər deyir ki, əgər demokratik şərait olsa, müxalifət vahid namizəd müəyyən etsə və s.
Qərəz, hamısı şərtlə danışır. Heç biri demir ki, prezident mən olacam, bəli, sizin prezidentiniz mən olacam, mənə qoşulun və mənim ardımca gəlin. Bu, sadə ritorika deyil. Birinci adam özünə o qədər inanmalıdır ki, bu inam digər insanlara da sirayət etsin. Özünə inam, inam və yenə də inam! Tərəddüd və çox götür-qoy edən insana digərləri də ehtiyatla yanaşırlar, başlayırlar elə onlar da tərəddüd etməyə və beləcə total ümidsizlik mühiti yaranır…


