«Mur-Ay» qurbanları deyir ki, onları aldadan şirkəti müdafiə sənayesi naziri Yavər Camalov himayə edir
“Mur-Ay”ın qurbanları ötən gün növbəti dəfə Prezident Administrasiyası (PA) önündə aksiya keçirdilər. Təxminən 50-yə yaxın Bakı sakini əvvəlcə PA-nın yaxınlığındakı parka toplaşdı. Sonra onlar şikayətlərinin dinlənilməsi üçün binanın qarşısında toplaşdılar. Ancaq PA-nın mühafizəçiləri onların qarşısını aldı. Vətəndaşlar qeyd etdilər ki, Administrasiyanın məsul şxəslərindən biri onları qəbul edib, şikayətlərini dinləsin.
Ilham Əliyev Hacıbala Abutalıbova tapşırdı ki…
“Mur-Ay”dan zərəçəkənlər sonuncu dəfə Respublika Baş Prokurorluğunda və Bakı Şəhər Icra Hakimiyyətində olublar: “Hara gedirik bizi aldadırlar, yalandan vəd verirlər. Zərərçəkmiş qismində tanınan 1000-ə yaxın sakinin taleyi ilə nədənsə maraqlanmırlar. Bizə ürəkaçan bir söz demirlər. Son güman yerimiz Prezident Administrasiyasıdır. Ancaq burda da bizi qəbul edib dinləmək istəmirlər”.
Bizimlə söhbət edən zərərçəkənlərdən biri “Mur-Ay”ın arxasında Müdafiə sənayesi naziri Yavər Camalovun durduğunu deyir.
Elxan Hüseynov Şirvan şəhərində bina tikib bir evi 7-8 adama satıb. Nazirin icra başçısı olan qardaşı Mərdan Camalov isə məsələni ört-basdır edir.
Şirvan sakini Hüseyn Məmmədovun sözlərinə görə, Mərdan Camalov aldadılan vətəndaşları qəbul edib, dinləmir: “Bir-iki dəfə icra hakimiyyətinin qarşısına toplaşdıq. Bizi polis gücünə dağıtdılar”.
Qurbanların sözlərinə görə, hökumət zərərçəkənlərin kifayət qədər çox olduğunu görüb, adamları sakitləşdirmək üçün bir sıra addımılar atmağa başlayıb: “Ilk günlər 10-15 gündən bir istintaq qrupu tikintinin qarşısına toplaşıb, bizə işin gedişi ilə bağlı məlumat verib, dəyən maddi ziyanın ödəniləcəyini vəd edirdilər. Artıq bu cür vədlərdən bezmişik. Məsələ ilə bağlı ölkə başçısı məlumatlandırılıb. Hətta bu ilin mart ayında keçirilən müşavirədə Ilham Əliyev Hacıbala Abutalıbova tapşırdı ki, zərərçəkənlər şirkətlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq başqa yeni tikililərdə yerləşdirilsin. Ancaq bu günə kimi Abutalıbov bir iş görməyib”.
Heydərovun Abutalıbova gücü çatmır?
Təxminən yarım saatdan sonra vətəndaşlardan bir neçəsi PA-ya daxil ola bildi. Onlara yenə “problemlə maraqlanacağıq” vədi verildi.
Xatırlatma verək ki, “Mur-Ay”ın binalarını “Gilan-Inşaat” tikib başa çatdıracaq. Həmçinin adıçəkilən şirkətin aldatdıqları, ancaq “Mur-Ay”ın hazırda tikdiyi evdə mənzil ala bilməyən digər vətəndaşlar üçün tikiləcək evə BŞIH yer verməyib. Işin maraqlı tərəfi odur ki, ölkədə tikinti işlərinə FHN nəzarət edir. Əsas güc mərkəzi Kəmaləddin Heydərovun əlindədir. “Fövqəlnazir”in Bakı merindən yer ala bilməməsi ya blefdir, ya da bəhanə. Bir sözlə, qurbanlar yenə get-gələ salınır.
Qeyd edək ki, “Mur-Ay” şirkətinə qarşı vətəndaşlara külli miqdarda ziyan vurmaqla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Rəsmi məlumatlara görə, tikinti şirkəti Bakıda inşa olunan 414 mənzilli binada bir mənzili üç və daha artıq adama satıb. Nəticədə 1000-ə yaxın sakin aldadılıb və ümumilikdə 3-5 milyon manat mənimsənilib.
Ramin DEKO


