Ziya Məmmədov “Velotrek”i məhv etmək istəyir

Nəqliyyat naziri yeni avtovağzaldakı bazarı «xoda» salmaq üçün sahibkarları şirnikləndirir

Paytaxtın ticarət mərkəzlərində işləyənlərin vəziyyəti olduqca ağırdır. Sahibkarlar bizimlə söhbətdə yer haqlarının yüksək olmasından, bazarın müdiriyyətinin onlara divan tutmasından şikayətlidirlər. Sözügedən bazarlardan biri də metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Velotrek” ticarət mərkəzidir.

18 manatlıq mal 10 manata satılır

Metrostansiyanın yaxınlığındakı avtovağzalı başqa yerə köçürdükləri üçün adıçəkilən alış-veriş məntəqəsində müştəri qıtlığı yaranıb. Artıq onlarla dükan sahibi ticarət mərkəzini tərk edib.
Bir məqamı qeyd edək ki, köhnə ticarət mərkəzlərindən köçən sahibkarlar daha çox əziyyət çəkir. Həm alıcı, həm əvvəlki “optovik”ləri ora cəlb etmək sarıdan, həm də yeni ticarət mərkəzlərində yerlərin bahalığı ucbatından fantastik qiymətlər işin gedişinə mənfi təsir göstərir.
“Velotrek”də olduğumuz müddətdə satıcılar alverin zəiflədiyini təsdiqlədilər. Dediklərinə görə, 30-35 mağaza artıq qapısına qıfıl vurub. Məktəbli “sezon”u bitəndən sonra onlarla dükan işini dayandıracaq. Çünki indiki şərtlər altında işləmək mümkün deyil. 

“Velotrek”də obyekt kirayələyənlər müştərilərin azlığının həm də yaradılan şəraitlə bağlı olduğunu dedilər. Sözlərinə görə, dükanlar balaca, vitrinlər kiçikdir: “Alıcı pul verib mal alır. Onun nazıyla oynamaq lazımdır. O istəyir ki, ”primerka” etsin. Ancaq əksər dükanlarda bu yoxdur. Burada elə dükan var ki, 800 manat kirayə haqqı verir. Ancaq aylıq gəliri 500 manata belə çatmır. Elə sahibkarlar var ki, Türkiyədən, Dubaydan, Çindən 100 min dollar dəyərində mal gətirib. Ancaq həmin malın 50 faizini satmayıb. Məcbur qalıb dəyər-dəyməzinə verir ki, “bankrot” olmasın”.
Satıcılar alverin zəifləməsinin qiymətlərə təsirsiz ötüşmədiyini dedilər: “Əvvəl 18 manata satdığımız malı indi 10 manata satırıq. Yəni gün ərzində 20-30 manatlıq mal satanda sevinirik. Halbuki ötən illərdə günə 200-300 manatlıq alver edə bilirdik”.

Nazirin planı…


Yeri gəlmişkən, alış-verişin zəifləməsi alıcılara göstərilən xidmət səviyyəsini daha da aşağı endirib. Geyim əşyalarının çoxu toz basmış vəziyyətdədir. Eyni zamanda, obyektdə antisanitariya şəraiti də diqqətdən yayınmır. Satıcılar isə bunu ruhdan düşmələri ilə əlaqələndirirlər: “Əvvəl gəlirimiz yaxşı idi və xadimələrə pul verib mağazaların şüşələrini, həmçinin ətraf hissələrini təmizlədirdik. Indi durum tamamilə dəyişib. Ona görə də əlimizi ağdan-qaraya vurmuruq”.
Satıcılardan biri bizimlə söhbətdə bildirdi ki, “Velotrek”də vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından biri nəqliyyat naziri Ziya Məmmədovdur. Onun sözlərinə görə, nazir hər vəchlə yeni avtovağzaldakı ticarət mərkəzini “xoda” salmaq üçün sahibkarları şirnikləndirir: “Burda elə dükan sahibləri var ki, onlardan 3-4 aylıq yer pulu almırlar. Hamı buna görə ora gedir. Avtovağzaldakı ticarət mərkəzinin telekanallarda reklamı gedir. Sərnişinlər rayonlara gedəndə ayaq üstü də olsa bazara baş çəkir. Bütün bunlar satıcıların ora üz tutması ilə nəticələnir”.
Bu məlumatı verən satıcıya “bəs siz niyə nazirin obyektlərində işləmirsiniz” sualını ünvanlayanda “əvvəl-əvvəl şərtlər çox yaxşı olur. Sonradan vəziyyət qəlizləşir. Başlayırlar xadimə pulundan tutmuş işıq puluna qədər yığmağa. Yer haqqını da üstünə gələndə görürsən ki, sənə heç nə qalmır. Bir sözlə, ”yuxarı”dakılar milyonlarını artırmağı, “aşağı”dakılar isə gündəlik ruzini düşünür” cavabını verir.
Maraq üçün bildirək ki, Ziya Məmmədov öncə köhnə avtovağzalın ərazisini və yarmarkanı biznesmen oğlu Anar Məmmədovun himayəsinə keçirmək istəyib. Nazir oğlu ərazidə “ZQAN-Holdinq” üçün yeni bina və avtomobil satışı üçün salon tikdirmək istəyib. Bu planın reallaşmasına az qalmış ərazi nazirin əlindən çıxıb.

Söküləcəkmi?

Gəzən şayiələrə görə, “3-cü mikrorayon” bazarı köhnə avtovağzalın ərazisinə köçürüləcək. Həmçinin, “Meyvəli” bazarının da sözügedən ünvana köçürülməsi planı vardı. Habelə, “Velotrek”in söküləcəyi, “20 Yanvar” yarmarkasının şəhərdən kənar əraziyə köçürüləcəyi barədə məlumatlar dolaşırdı. Ancaq indiyədək ortada heç nə yoxdur.
Köhnə avtovağzalın ərazisi xarabalığa çevrilib. Ərazidə küçə itləri dolaşır, bir hissədən Yol Patrul Xidməti cərimə meydançası kimi istifadə edir. Taksi sürücüləri bildirdilər ki, bu əraziyə heç kim sahib çıxmayıb. Bazarın köçürülməsi və “Velotrek”in sökülməsi ətrafında isə hələlik birmənalı qərar yoxdur.
Ticarətçilər də hələlik yarmarkanın köçürüləcəyi barədə gözləntiləri olmadığını dedilər: “Ola bilsin ki, gələcəkdə yarmarkanı köçürsünlər. Ancaq indi belə bir planın olması bizə məlum deyil. Düzdür, ”Velotrek”in sökülməsi ilə bağlı məlumatlar 4-5 ildir mütəmadi olaraq gündəmə gəlir. Hələ ki, ortada heç nə yoxdur”.

Ramin DEKO